Bakıda dirilərin ölü dərdi - FOTOLAR
Bizi izləyin

Qırmızı xətt

Bakıda dirilərin ölü dərdi - FOTOLAR

"Anam bir neçə il idi xərçəng xəstəliyindən əziyyət çəkirdi, lakin nə qədər çalışsaq da, lazım olan pulu toplayıb, xaricdə müalicəyə apara bilmədik. Xəstəliyi müddətində müalicəsinə təxminən 10-15 min manat pul xərclədik. Bunların heç birinin təsiri olmadı, o rəhmətə gedəndə demək olar ki, sadə yas məclisi quracaq qədər imkanımız yox idi. Onu evimizin yaxınlığındakı qəbristanlıqda dəfn etmək istədik ki, tez-tez ziyarət edə bilək. Amma Yeni Günəşli qəbristanlığında bizə elə qiymət təklif etdilər ki, bu istəyimiz mümkünsüz oldu. Bizə dedilər ki, bir kvadrat metrin qiyməti 1000 manatdır. Buna görə məcbur qalıb, başqa yer axtardıq, Bakının kənd qəbristanlıqlarında nisbətən ucuz yer tapdıq".

Vüsal kimi yaxınlarını dəfn etmək üçün uyğun yer tapa bilməyənlər çoxdur. Öncəliklə ona görə ki, artıq qəbristanlıqlarda yerlərin sayı azalıb. 5-6 qəbir yerində bir nəfərin dəfn edilməsi ənənəsi, qəbristanlıqlarda boş yer tapmağı mümkünsüz edib.

Publika.Az-ın “Qırmızı xətt” layihəsində bu dəfə qəbir yerləri və onların qiyməti, saxlanması məsələsini araşdıracağıq.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə dəfələrlə qəbir yerlərinin satılmasının haram olduğunu deyib:

“Qəbiristanlıq ərazisi xalq üçün ayrılıb. Xalqa vəqf olunan yeri satmaq olmaz. Pul verib qəbir yeri almaq rüşvət sayılır”.

Artıq elə bir vəziyyət yaranıb ki, ölmək belə pulladır. Bu pulu ödəmək isə heç də asan deyil.

Paytaxtda ən ucuz yerlər 150-200 manatdan başlayır

Paytaxtda qəbir yerləri təxminən bir otaqlı evin qiymətinə bərəbərdir. Xüsusən, mərkəzdə qiymətlər daha da yüksəlir. Bu ərazilərdə təklif edilən qiymətə imkanı olmayanlar isə şəhər kənarı məzarlıqlara üz tutur.

Xırdalan qəbiristanlığında ən bahalı yer 1200, ən ucuz yer isə 150-200 manatdır. Masazır qəbiristanlığında isə qəbir yerlərinin qiyməti 400 manatdan başlayır. Biləcəri qəbiristanlığında 1 kvadratmetrin qiyməti 300-500 manat arasında dəyişir.

Günəşli qəbiristanlığında bu məbləğ 400-1500 manat, Badamdar qəbiristanlığında 500-1500 manat, Qaraçuxur qəbiristanlığında 200-1000 manat, “Qurd qapısı”nda 1000-3000 manat civarında olur.

Yasamal qəbiristanlığında isə qəbir yerləri 2000-3000 manatdır. Paytaxtda ən ucuz yer Hövsandadır. Burada 150-300 manata da yer almaq mümkündür.

Artıq elə bir vəziyyət yaranıb ki, bəzi yerlərdə “ailəvi məzarlıq” üçün hətta bir sota qədər yer alanlar var. “Ailəvi məzarlıq” üçün olmasa belə, bəzən insanlar ölülərinə verilən qiymətin göstəricisi kimi, bir neçə nəfərin də yerində bir nəfəri dəfn edirlər. Qəbir yerini xüsusi ev kimi hazırlayırlar. Bu isə qəbirstanlıqlarda yerlərin sayını məhdudlaşdırır. Nəticədə qiymətlər hər gün bir az daha artır.

Məsələni yerindəcə araşdırmaq üçün paytaxtın Yasamal qəbristanlığında olduq. Qəbristanlığa daxil olmadan əvvəl, burada illərdir gül satışı ilə məşğul olan Tahir bəy qəbristanlıqda dəfn üçün yer qalmadığını deyir. Onun sözlərinə görə, yer olmadığına görə, ruslar bir qəbir yerində bir neçə nəfər dəfn edirlər.

Qəbristanlığı gəzərkən həqiqətən də boş yerin qalmadığını görürük. Ruslara məxsus qəbirlər nə qədər sıxdırsa, müsəlman qəbirləri bir o qədər məsafəlidir. Yasamal qəbristanlığında yeni qəbir qazmaq üçün bir metr belə yer qalmayıb deyə bilərik. Hətta iş o yerə çatıb ki, insanlar qəbir arasındakı yollarda belə ölülərini dəfn edirlər.

Diqqətimizi çəkən digər bir məqam isə qəbristanlıqdakı zibillik olur. Paytaxtın ən bahalı qəbristanlığından olsa da, qəbirlərin yanı, aradakı kiçik cığırlar zibillə dolub-daşır.

Bu da qəbristanlıq ərazisinin nəzarətsiz olduğunu sübut edir.

Qəbiristanlığın təmizliyinə kim baxmalıdır?

Bu gün paytaxtın hansı qəbristanlığına getsək, qəbirlərin yaxınlığının, arada cığırların zibillə dolub-daşdığını görərik. Ölü sahibindən 1 kvadrat metrə görə, 500-1000 manat tələb edən qəbristanlıq rəhbərliyi təmizlik barədə ümumiyyətlə, düşünmür. Üstəlik, satılan qəbir yerlərinə görə, hər hansı sənəd verilmir. Yəni, ölü sahibi həmin yerin sahibi olmur. Sadəcə ona həmin yerdə yaxınını dəfn etmək üçün icazə verilir. Bir icazəyə görə min manat tələb etmək isə əsassız hesab edilə bilər.

Qəbir yerlərinin satılması qonşu İran, Türkiyə və digər ölkələrdə də var. Amma bu ölkələrdə imkansız əhali üçün ölünün yuyulması, mollanın təşkili və dəfn xərcləri dövlət hesabına ödənilir. Bir sıra Avropa ölkələrində isə ölü sahibi qəbir yerini alarkən müqavilə imzalayırlar. Müqavilədə göstərilən müddətdə ərazi onu alan şəxsin mülkiyyəti olur. Onun ödədiyi vəsait isə qəbristanlıq hesabına köçürülür. Həmin vəsait qəbristanlığın saxlanması, təmizliyi və s xidmətlər üçün xərclənir.

Təcrübədə həmçinin bir qəbirdə bir neçə nəfərin dəfn edilməsi ənənəsi də var. Müsəlman qaydalarına əsasən də, bu hal normal sayılır. Əlbəttə, iki ölüm arasında müəyyən müddət keçməlidir.

Yəni istər qonşu, istər Avropa ölkələri, istərsə də İslam dəyərlərində qəbristanlıq məsələsi həll yolunu tapıb. Amma bizdə hələ ki, bu qaydaların heç biri tətbiq edilmir. İmkanı olan daha çox yer almaq, imkazsızlar isə ölüsünü dəfn etmək üçün daha ucuz yer axtarmaqla məşğuldur.

Qəbristanlığı gəzərkən mollalardan biri ilə qarşılaşdıq. Adil adlı molla deyir ki, qəbri böyük götürmək düzgün deyil, sovet dövründə yer olub, ailənin bütün üzvlərinin bir yerdə dəfn olunması üçün böyük yer götürüblər.

“İndi elə bir vəziyyət yaranıb ki, Yasamalda rəhmətə gedənlər başqa yerlərdə dəfn edilirlər”.

Qəbristanlığın təmizliyinə gəldikdə isə molla bu işə icra hakimiyyətinin nəzarət etdiyini və eyni zamanda onların bu işi təşkil etməsinin çətin olduğunu dedi:

“Günah qəbir sahiblərindədir, onlar gəlib baxmayandan sonra kim baxacaq? Burda qəbirlərin sayı çoxdur, icra hakimiyyətinin büdcəsi bütün ərazinin təmizliyinə nəzarət edəcək qədər adam saxlamağa imkanı vermir.

Xaricdə pul köçürürlər qəbristanlığa baxırlar. Bizdə də yəqin gələcəkdə ödənişli olub pul verilə bilər. İnsanlar özləri də düşüncəli olmalıdır. Elə adamlar olur ki, baxa bilmir bizdən xahiş edirlər, Quran oxuyuruq, təmizliyə baxırıq imkanı çatan qədər də ödəniş edir”.

Bakı Şəhər İcra Hakimiyyətinin Vətənmdaşlara xidmət sektorunun baş mühəndisi Sabir Həsənov qəbir yerlərinin satılmadığını, hər hansı bir vətəndaş ölüsünün olduğu ilə bağlı müraciət edərsə, uyğun yer ayırdıqlarını dedi:

“Bununla bağlı sadəcə vətəndaş dövlət rüsumu olan 63 manatı ödəyir. Bu məbləğə materiallar-kubik, ustanın əmək haqqı və s. daxildir. Qeyri-azərbaycan milləti olanda tabutla dəfn edilir, bu zaman 74 manat ödənilir. Qiymətlər əraziyə görə dəyişmir. Bu ödənişə görə isə sadəcə arayış verilir. Həmin sənəddə dəfn olunan şəxsin adı qeyd edilir. Bununla da həmin vətəndaşın hansı qəbristanlıqda dəfn edilməsi təsdiqlənir. Bundan əlavə hər hansı sənəd verilmir”.

İcta Hakimiyyəti rəsmisi qəbir yerlərin min manat civarında bəzən daha yüksək qiymətə satılması ilə razılaşmadı:

“Həmin qiyməti kim qoyub? Onu tələb edənlər arada gəzənlərdir. Kim bizə yaxud, qəbristanlıq müdirinə müraciət edirsə, onlara heç vaxt elə qiymət təklif edilə bilməz. Bizə heç vaxt qəbir yerlərinə görə, pul alınması ilə bağlı müraciət daxil olmayıb. Kim belə bir təkliflə qarşılaşsa bizim qaynar xəttimiz 510 83 08 nömrəli telefonlara zəng edə bilərlər”.

Sabir Həsənov onu da vurğuladı ki, şəhərin mərkəzində olan qəbristanlıqlarda yerlər məhduddur:

“Mərkəzi hissələrdə demək olar ki, yer qalmayıb. Sabunçu, Suraxanı kimi yerlərdə isə müəyyən qədər yer tapmaq olar”.

Qəbristanlıq ərazilərinin təmizlənməsinə gəldikdə isə, İcra Hakimiyyəti rəsmisi yalnız mərkəzi yolların onlara tabe olduğunu bildirdi. Qəbirlərin ərazisini isə onların yaxınları təmizləyir.

Eyni qəbirdə bir neçə nəfərin dəfn edilməsinə isə S.Həsənovun cavabı belə oldu:

“Şəriətə görə, buna icazə var. Amma biz heç kimi buna məcbur edə bilmərik. Mərhumun yaxınları razı olarsa, o zaman buna icazə verilir”.

Əlbəttə, İcra Hakimiyyəti rəsmisindən fərqli cavab gözləmirdik. Onun satış barədə inkarçı mövqedə olması gözlənilən idi. Amma inkar reallığı dəyişdirmir. Bu elə bir məsələdir ki, varlı-kasıb hər kəsin yolunun düşəcəyi, etiyacı olan bir yerdir. Hər kəs də qiymət və xidmət barədə məlumatlıdır.

Amma məsələnin həll olunması üçün ilk növbədə rəsmilər reallığı qəbul etməlidirlər.

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm