• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Gənclər niyə Suriyaya gedir?

Gənclər niyə Suriyaya gedir?

- Salam ana, necəsən?

- Oğlum sənsən, hardasan, neçə gündür niyə evə gəlmirsən?

- Türkiyədəyəm.

-Axı orda nə edirsən?

-Suriyaya gedəcəm, döyüşməyə.

-Oğul getmə, geri dön. Axı sənsiz nə edərəm?

-Yox bu mümkün deyil. Dönə bilmərəm.

Son vaxtlar yüzlərlə gənclə ailəsi arasında bu və ya buna yaxın dialoq yaşanıb. Onlar Suriyaya gedir. Məqsədləri bəllidir, bəs səbəb?

Səbəbi Publika.Az-ın “Qırmızı xətt” layihəsində axtaracağıq.

Son günlər Suriyaya gedən gənclər, onların ölüm xəbərləri ölkə mətbuatının əsas mövzularındandır. Bu hərəkətlərinə görə, onları qınayanlar da az deyil. Qafqaz Müsəlmanları İdarəsi, Xarici İşlər Nazirliyi, həmçinin müxtəlif rəsmi və qeyri-rəsmilər tərəfindən məsələyə münasibət bildirildi. Fikirlərdə ortaq məqam isə gənclərin aldadılaraq yoldan çıxarılması oldu.

Türkiyədə sığınan suriyalılardan biri olan gənc “Daily Telegraph” qəzetinə verdiyi açıqlamada onlara keçilən təlimin məqsədindən əvvəl xəbərsiz olduqlarını deyib. Onlar sadəcə cihad, müsəlman qardaşlarına kömək üçün getdiklərini bildirirlər. Azyaşlıların da bu hadisələrə cəlb edilməsi təhlükənin əhatəsinin genişləndiyini göstərir.

Azərbaycandan xarici ölkələrdə münaqişə bölgələrinə könüllü döyüşçülərin getməsi ilə bağlı məlumatlar yeni deyil. 1990-cı illərin sonunda, eləcə də sonrakı illərdə Pakistanda, Çeçenistanda, Dağıstanda, Əfqanıstanda savaşan qruplar içərisində azərbaycanlıların olması ilə bağlı zaman-zaman məlumatlar yayılıb. Hətta bir vaxtlar ABŞ, Rusiya ordusunda da döyüşən gənclər olub.

Bəs gənclər niyə bu ölkələrə gedir? Məqsədimiz kimisə Suriyaya getdiyinə görə günahlandırmaq deyil. Onları bu ölkələrə aparan səbəbi axtarmaqdır. Bəs onları aparan səbəb nədir - maddi imkansızlıq, sosial problemlər, yoxsa psixoloji problemlər?

Gənclər və uşaqlarla iş sahəsində müəyyən boşluq

Sosioloq Əhməd Qəşəmoğlunun sözlərinə görə, gənclərin bu cür yönlənməsində psioxoloji məsələlər daha çox rol oynayır. Bundan başqa, ölkədə gənclər, uşaqlarla iş sahəsində müəyyən boşluq var:

“Gənclərimizlə lazımı qaydada məşğul ola bilmirik. Ölkədə uşaq, gənclərlə işləyən təşkilatlar olmalıdır. Sovet dövründə pioner, komsomol təşkilatı da məhz bu funksiyanı yerinə yetirirdi. İndi də adını dəyişib, yeni təşkilatlar yaratmalıyıq. Gənclərin bu cür müxtəlif təsirlər altına düşməsində məktəbin, gənclərlə işləyən təşkilatların da rolu var.

Gənclər həyatdan təcrid olunmuş şəkildə qaldıqlarından müəyyən qüvvələrin təsiri altına düşə bilirlər. İnsan təhsildə, ideoloji məsələdə zəif olduqca onları cəlb etmək asan olur”.

Sosioloqun sözlərinə görə, həmin gənclərin əksəriyyəti təmiz qəlblidir, onların məqsədləri terror olmur. Psixoloji və sosioloji cəhətdən təhlil edildikdə, hətta xüsusi qabiliyyətləri ilə seçilirlər. Lakin bu qabiliyyətləri dəyərləndirilmədiyinə görə, onlar müxtəlif qruplara üz tuturlar:

“Bu işlə formal yox, ciddi məşğul olmaq lazımdır. Gəncləri doğru ideyalar ətrafında birləşdirən təşkilatlar olmalıdır. Hətta dindar qisim də dini dəyər ətrafında birləşib,dövlətçilik, mənəviyyata kömək edə bilər.

Bu sahədə elmi təminat əsasında ciddi fəaliyyət proqramları hazırlanmalıdır. Problemin qarşısı alınmazsa, ciddi problemlər, xoşagəlməz halların sayı artacaq. Üstəlik, sadəcə danışmaqla məsələ həll edilmir, bunun üçün ciddi iş görülməlidir”.

Əsas problem psixolojidir

Psixoloq Elnur Rüstəmovun fikrincə isə, bu məsələdə, sosial, mənəvi, maddi, mənəvi məsələlərin hamısı səbəb ola bilər. Lakin ən asası islamı vəhdət, bir-birinə qardaş kimi baxaraq dəstək olmaqdır. Bir çoxları isə səhv təbliğatın nəticəsində aldanırlar. Psixoloqun sözlərinə görə, gənclərin bu cür istiqamətlənməsi təkcə dini yox, həm də psixoloji amillərlə əlaqədardır:

“İnsanın təbiətində özünü təsdiq eləmək xüsusiyyəti var. Hər bir insanın qəhrəmanlıq sevdası olur. “Mən bir dəfə yaşayıram, insan ömrü çox azdır. Yadda qalmaq üçün bu az ömürdə nə etməliyəm?” kimi düşüncələr həmişə olur. Bu da bəzi hallarda psixoloq, hətta psixatrik məsələdir”.

Bu impulslar hər kəsdə varsa, o zaman niyə hamı eyni üsula əl atmır? Bu yola gedənlərin cəmiyyətdə özlərinə həmfikir tapa bilməyib, həyatlarındakı boşluğu doldurmaq istəyi səbəb ola bilərmi?

E.Rüstəmovun sözlərinə görə, gənclər cəmiyyətdə qabiliyyətlərinə uyğun yer tapa bilməyəndə, özlərini qəhrəman kimi göstərmək üçün başqa yol axtarırlar:

“Onlar əbədiyyətə qəhrəman kimi qovuşmaq istəyirlər. Amma bacarığına görə qiymətləndirilməyən gənclər psixoloji impulslara tabe olaraq xaricə üz tuturlar. İnsan öz bacarıqlarını realizə edə bilməyəndə bəzi fəsadlar üzə çıxır. Fizioloji, bioloji istəklərini həyata keçirmək imkanı olmayanda insanlar mənfi təsir altına asanlıqla düşə bilirlər. Üstəlik gənclər pis təsirlərə daha çox meylli olur. Bu məsələlər dövlət üçün siqnal olmalıdır. Ona görə də, biz gənclərin təhsil və asudə vaxtlarının keçirilməsinə diqqətli yanaşmalıyıq”.

Suriyaya gedən 15 yaşlı Britaniya vətəndaşının atası "Depeche" qəzetinə bu sözləri deyib: "Dekabrda oğlumun beynini onlayn şəkildə yumağa başladılar. O, Suriyadakı vətəndaş müharibəsi haqqında videoya baxırdı. Oğlum sosial şəbəkələrdə fasiləsiz otururdu və “Əl-Qaidə” döyüşçüləri ilə danışırdı. Oğlum onları qardaşı adlandırırdı. Oğluma zəng edəndə “səninlə bir ay sonra əlaqə saxlayacağam, əgər sağ olaramsa” deyirdi”.

Əslində ölkəmizdə də sosial şəbəkədə qısa bir axtarış yetər ki, həmin qruplaşmaların nə qədər fəal olduğunu müəyyən edəsən.Ölkəmizdə yalnız 18 yaşı keçmiş insanlar yox, həmçinin azyaşlılar da sosial şəbəkədə xeyli aktivdir. Onların heç bir nəzarət edilməyən bu aktivliyi isə potensial qurban olduqlarını göstərir.

Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüzün sözlərinə görə, problem internetdə yox, ondan istifadə edən gənclərdədir:

“Problem ailədə, cəmiyyətdə yaranıb, sosial media bu məsələdə günahkar deyil. Düzdür, internetdən müxtəlif məqsədlər üçün istifadə edilir. Ona görə də, ailə və məktəblərdə internetin faydalı tərəflərindən istifadəyə yönləndirilməlidirlər. Problemi bu istiqamətdə axtarmaq lazımdır. Yəni interneti günahlandırmaq yox, ondan faydalı istifadəni öyrətmək barədə düşünməliyik.

Valideynlər bilməlidirlər ki, məktəb yaşlı uşağın internetdə oturmaq üçün 5-10 dəqiqədən artıq vaxtı olmamalıdır. Övladı bir saat internet qarşısında olanlar da bu barədə ciddi düşünməlidirlər. İşsizlik, sosial, maddi problemlər də insanları sosial şəbəkəyə yönləndirə bilər, amma onların sayı çox deyil”.

O.Gündüz onu da bildirdi ki, övladlarını təhlükələrdən qorumaq üçün valideynlər filtirdən keçmiş internetdən istifadəyə üstünlük verməlidir:

“Bir çox xarici ölkələrdə olduğu kimi, bizdə də uşaqlar üçün zərərli proqramların monitorinqi aparıla bilər. Artıq kompüterlər üçün ödənişli və ödənişsiz proqramlar var. Təhsil Nazirliyinin nəzarətində olan bütün kompüterlərdə internet filtrasiya edən proqram var. Eyni proqramı evlərdə də qurmaq olar. Bununla bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə müraciət etmişdik ki, bir provayderin çeşidlənmiş internet təqdim etməsini bildirmişdik. Uşaqlı ailələr də evlərində məhz bu povayderin xidmətindən istifadə edə bilərlər. Bütün ölkəni əhatə edən provayderlərdə bu sistem qurula bilər. Çünki ailələrin çoxu bu proqramdan istifadə edə bilmir. İstifadə edə bilənlər isə özləri quraşdırmalıdırlar”.

Suriyaya gedən gəncləri qınamaqdansa, bir az da səbəblər barəsində düşünək. Onların getməsində əsas səbəbkar bəlkə də, bizik. Övladına din, mənəviyyatı uşaqlıqdan aşılamayan valideynlər. Onların bacarıqlarını qiymətləndirməyən məktəb və cəmiyyət, yaxud da uşaqlar və gənclərlə "məşğul olan" təşkilatlar. Hər kəs günahkardır.

Məsələ Suriyaya getmək deyil, məsələ bizim onlara sahib çıxa bilməməyimizdir.

Gülxar Şərif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR