• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Yad uşaqdan övlad olar?

Yad uşaqdan övlad olar?

2009-cu ildə - 7784 ailə boşanıb, onlardan 4634 -nün

2010-cu ildə - 9061 ailə boşanıb, onlardan 5527-nin

2011-ci ildə isə boşanan 10747 ailənin isə 7368-nin övladı olmayıb.

Bunlar 9 milyonluq əhalisi olan ölkə üçün xeyli ciddi rəqəmlərdir.Bu rəqəmlərin içində olmaq istəməyən 3 mindən çox ailə isə süni mayalanma ilə övlad sahibi ola bilib.

Minlərlə cütlüyün isə bu cəhdi uğursuz alınıb, buna baxmayaraq onlar hələ də mübarizə aparır. Amma nədənsə, bu qədər boşanan, süni mayalanmaya hər il 5-10 min manat xərc çəkən, ömrünü tək başa vuran cütlüklər övlad götürmək barədə düşünmür.

Bəs buna səbəb nədir? Publika.Az-ın “Qırmızı xətt” layihəsində bu səbəbləri araşdıracağıq.

Onlar ailələrinin dağılmasına razı olsalar da, övladlığa uşaq götürmək istəmirlər. Bu qorxudur, yoxsa streotip?

2012-ci ilin statistik rəqəmlərinə görə, Azərbaycanda 65 uşaq müəssisəsi (internat evləri, körpələr evi, uşaq evləri) var. Bu uşaq evlərində valideyndən məhrum olan 10 mindən çox uşaq var. Uşaqların hamısı valideyn himayəsindən məhrum olsalar da, onların 70 faizinin bioloji valideynləri var.

Ötən il isə Təhsil Nazirliyinin xətti ilə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün internat məktəbləri və uşaq evlərində yaşayan 228 nəfər uşaq rayon və şəhər icra hakimiyyətlərinin sərəncamı ilə həmin müəssisələrdən bioloji ailələrinin və yaxın qohumlarının himayəsinə qaytarılıb. Son üç il ərzində Təhsil Nazirliyinin övladlığa götürülən uşaqların mərkəzləşdirilmiş siyahısında olan 36 nəfər uşaq övladlığa verilib.

Dövlət Statistika Komitəsinin məlumatına görə isə, 2012-ci ildə 989 uşaq övladlığa verilib. Onların 53-də isə övladlığa verilmə ləğv edilib. 8 uşaq isə xarici vətəndaşa verilib.

Uşaq evlərinin sakinlərinin sayı ilə övladlığa verilənlərin sayı arasında uçuruma diqqət etməmək mümkün deyil. Çünki bu gün ailələr “mənim uşağım ancaq öz qanımdan, canımdan olmalıdır” düşüncəsi ilə hər il 5-10 min manat pul xərcləyirlər. Hətta bəzən bunun mümkün olmayacağını bilsələr belə ümidlərini kəsmir; ev, maşınlarını sataraq, bəzən borca girərək övlad sahibi olmağa çalışırlar. Yaxud son anda boşanıb, övlad sahibi olacaqları biri ilə ailə qurur, ya da həyatlarına tənha davam edirlər. Əlbəttə, heç kim seçiminə görə təqsirləndirilə bilmərik.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) apardığı tədqiqatlara əsasən, dünyada 80 milyon insan sonsuzluqdan əziyyət çəkir. Hər il dünyada on minlərlə ailə sonsuzluq üzündən dağılır. ÜST-in məlumatında dünyada hər 5 nikahdan birinin sonsuzluqla nəticələndiyi bildirilir.


Azərbaycan Uşaq Birliyinin sədri Kəmalə Ağazadənin sözlərinə görə, hər şey insanların bu uşaqlara olan münasibətindən asılıdır. İnsanlar çox zaman övlada qocalıqda onlara baxacaq şəxs, onunla eyni qanı daşıyan mülkünü miras qoya biləcəyi biri kimi baxır. Ona görə də yad uşağı övlad etməklə bu istəklərinin həyata keşməməsindən qorxur. Həmçin “yad biridir”, “hardan bilim kimin qanındandır?”, “atası, anası necə biri olub, necə bir genin daşıyıcısıdır?” kimi sualları da onları bu fikirdən daşındırır.

“Təəssüf ki, insanlar “yazıqları atıblar” deyə düşünsələr də, onları xilas etmək üçün nəsə etmək barədə düşünmürlər. Düzdür, ildən-ilə övladlığa uşaq götürməyə münasibət dəyişir. Amma övlad götürənlərin sayı azdır. Çünki onlar üç yaşa qədər uşaq istəyir. Müraciət edənlərin ilk sözü “uşaq gözünü açıb valideyn kimi məni görməlidir” olur. Bir çoxları isə öz səhhətləri ilə barışmaq istəmir. Onlar süni mayanlanmaya gedib, bəzən xəstə uşaq belə dünyaya gətirməyə razı olurlar. Amma uşaq evinə müraciət etməkdən çəkinirlər”.

K.Ağazadənin sözlərinə görə, uşaq götürmə ilə bağlı maarifləndirməyə ehtiyac var. İnsanlar elə düşünür ki, uşaq evinə gedib, tələblərinə uyğun uşağı da götürəcəklər. Ona görə də, onlara qaydalar başa salınmalıdır.

“Təəssüf ki, müraciət edənlər daha çox həkimdən ümidi kəsilənlərdir. Amma bəzən yaşı 60-dan çox olan qadınlar da müraciət edir. Əlbəttə, ona övlad götürməyə icazə verilmir. Onlar övlad yox, daha çox özlərinə baxmağa köməkçi axtarırlar.

Çox nadir hallarda övladı olan biri övladlığa uşaq götürmək istəyir. Ötən il 4 nəfər müraciət edib ki, onların da ikisi əcnəbi olub. Həmçinin, əcnəbilər daha çox fiziki qüsurlu uşaqları götürürlər. Bizdə isə göz, saç rəngi, əl və ayaq quruluşunun belə özlərininkinə uyğun olmasına fikir verirlər. Əvvəlcə bu düşüncəni dəyişmək lazımdır”.

Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı İdarə Heyətinin sədri Nazir Quliyevin sözlərinə görə, bu məsələdə əsas problem uşaqların yaşı ilə bağlıdır:

“Ailələr daha çox azyaşlı uşaq götürmək istəyirlər. Lakin uşaq evlərində azyaşlı uşaqların sayı azdır. Tələblə təklif üst-üstə düşmədiyinə görə, problem yaranır. İstəklərinə uyğun uşaq tapmasalar, daha böyük yaşlı uşaqları götürmək istəmirlər”.

N.Quliyevin sözlərinə görə, bu sahəyə maraq yaratmaq üçün ilk növbədə valideynlər maarifləndirilməlidir. Onları inandırmaq lazımdır ki, 5 yaşlı uşağı da götürüb ona uyğunlaşmaq olar:

“Bunun üçün də həmin valideynlər uşaqla necə davranmalı olduqlarını bilməlidirlər. Bunu bilmədiklərinə görə, onlar müəyyən yaşlı uşaqları övladlığa götürməkdən çəkinirlər. Valideynlərlə psixoloji iş aparıla bilər. Bəzən ailələr 7 yaşlı uşağı övladlığa götürməyə təhlükə kimi baxırlar. “O internat uşağıdır, ondan özümə necə övlad edəcəm?” düşüncəsi olur. Əlbəttə, bu yanlış yanaşmadır, bu fikirləri aradan qaldırmaq lazımdır”.

Ekspertin sözlərinə görə, bu istiqamətdə həmçinin dövlət tərəfindən həvəsləndirici addımlar da həyata keçirilə bilər:

“Üç yaşdan yuxarı uşaqları övladlığa götürənlər üçün müəyyən güzəştlər, maddi köməklik edilə bilər. Düzdür, istəmirik ki, ailələr maddi qarşılıq hesabına övladlığa uşaq götürsünlər. Amma dövlət müəssisələrinə nə qədər xərc çəkilsə belə, ailə ab-havası yaratmır. Bəzən pis ailə mühiti belə uşaq evlərindən daha yaxşı olur”.

Ailələrin bu məsələdə şikayətçi olduğu məqamlardan biri də övladlığa götürmə qaydalarıdır. Onların fikrincə, bu qaydalar nisbətən yumşaldılsa, övladlığa götürmələrin sayı artar. Ekspert isə qaydaların sərt olması ilə razılaşmadı:

“Qaydaların sərt olması, uşaqların daha yaxşı şəraitdə yaşaması üçündür. Lakin qanunda müəyyən boşluqların olması da gerçəklikdir. Xüsusən də, növbələşmə məsələsində problemlər yaşanır. Bəzən olur ki, kimsə 5 ildir növbə gözləyir, amma başqa biri bir neçə ay ərzində övlad götürür. Bu mənada şəffaflığın artırılmasına ehtiyac var. Məlumat bazasında əlçatanlıq olmalıdır. Uşaq evlərində olanların əksəriyyətinin valideyni olsa da, illərdir onlarla maraqlanmır. Həmin uşaqların da övladlığa verilməsi istiqamətində iş aparılmalıdır. Övladı ilə 6 aydan artıq maraqlanmayan valideynlər bu hüquqdan məhrum edilməlidir ki, həmin uşaqlar xoşbəxt ola biləcəkləri ailəyə qovuşsunlar”.

Bu qədər uşağın ailəyə ehtiyacı olduğu vaxtda bürokratik əngəllər, ya da məlumatsızlıq, “yad uşaqdan övlad olmaz” düşüncələri onları isti ailə mühitindən məhrum edir. Kimisə düşüncəsinə, əməlinə görə qınamaq niyyətində deyilik. Sadəcə biz bir variant təklif edirik, həm ailəni qorumaq, həm də bir uşağa ailə vermək üçün bəlkə, milyonlarınızı nəticəsi olmayan bir yerə xərcləməkdənsə və ya məhkəmə salonlarına getməkdənsə, yolunuzu uşaq evlərindən salasınız?

Gülxar Şərif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR