SSRİ-nin satıcılıq edən naziri və ya növbəti biabırçılığı...
Bizi izləyin

Sovet sirləri

SSRİ-nin satıcılıq edən naziri və ya növbəti biabırçılığı...

Yarım əsr bundan qabaq, daha dəqiq desək, 1963-cü ilin 27 aprel tarixində Kuba lideri Fidel Kastronun SSRİ-yə səfəri başlayır və əcnəbi qonağın buradakı macəraları uzun müddət yaddaşlardan silinmir...

SSRİ-nin nazir satıcısı və ya əcnəbi qonağın macəraları...

Kuba lideri bütün SSRİ-ni – zavodları, gizli hərbi bazaları və sualtı nüvə gəmisini ziyarət edir, bununla yanaşı, o, gecələr Moskva küçələrində mühafizəsiz dolaşır, sadə xalqla ünsiyyətdə olur... Fidel Kastro mavzoley tribunasına çıxan ilk əcnəbi olur, hətta SSRİ qəhrəmanı adına da layiq görülür...

1962-ci ildə 13 gün davam edən Karib böhranı zamanı Fidel, demək olar ki, yatmadı. Kastro Kuba taleyinin onun xəbəri olmadan həll edildiyini Xruşşova bağışlaya bilmirdi. O, sovet raketlərinin adadan çıxarılması barədə qanunun ondan xəbərsiz çıxarılmasını qəbul edə bilmirdi: “Xruşşov problemin kubalılarla həll etmək lazım olduğunu söyləməli idi. Məhz həmin vaxt bizim SSRİ ilə münasibətlərimizdə gərginlik yaranmağa başladı və bu münaqişə çox illər aramızdakı soyuqluğa səbəb oldu.” – illər sonra Kastro yazırdı.

SSRİ hakimiyyəti yaranan gərginliyi aradan qaldırmaq üçün Fidel Kastronu SSRİ-yə dəvət edir. Hələ 1963-cü ilin fevralında SSRİ-nin Kubadakı səfirliyi Fidelin indi əvvəlkindən daha çox bu ölkəyə səfər etmək istədiyini qeyd edirdi.
Beləliklə, 1963-cü ilin 26 aprel tarixində Fidel Kastro SSRİ-yə uçur. Səfər son ana qədər sirr olaraq saxlanılır. Havanadan qalxan təyyarə SSRİ paytaxtında deyil, Murmanskda yerə enir.
Kuba liderinin uçuş zamanından və marşrutundan heç kim agah deyildi. Tərcüməçinin dediyinə görə, təyyarədə bütün aynalar pərdə ilə örtülmüşdü və təyyarənin hansı istiqamətdə hərəkət etdiyini heç kim görmürdü.
SSRİ-yə 40 günlük səfəri zamanı Fidel Kastro Səmərqəndə qədər bir çox məkanları ziyarət edir.

Volqoqrad və Murmansk, Daşkənd və Bratsk, Leninqrad və Kiyev – hər yerdə Kuba liderini xüsusi sevgi və rəğbətlə qarşılayırlar. Bu isti qarşılamadan məftun olan kubalı illər sonra da sovet xalqının istiqanlılığından yazırdı.

“Şərqin ulduzu” Daşkənddə Kuba lideri univermağı ziyarət etmək istədiyini söyləyir. Özünə xırda bir suvenir alması üçün ona beş rubl verirlər. Fidel şalvarı üçün kəmər alır. Kassaya yaxınlaşır, kassada isə kim olsa, yaxşıdır? Ösbəkistanın ticarət naziri...
Əcnəbi qonağın onların gündəlik iş qrafiklərini necə qurmaları, ümumiyyətlə, sovet univermağının iş prinsipi ilə bağlı suallarını cavablandırana qədər ticarət naziri əməlli-başlı tər tökməli olur. Görəsən, Fidel Kastro tər basmış “nazir –kassir”in ona aldığı mala görə çek vermədiyini sezir? Məlum deyil...

Kastronun səfərinin ilk günlərindən bir şey aydın idi - indiyə qədər heç bir qonaq bu səviyyədə qarşılanmamışdı...

Kuba ilə SSRİ arasında hərbi və iqtisadi sahədə bir çox razılıqlar əldə olunur. Fidel Xruşşova vida məktubunda gözəl səyahəti təşkil etdiyinə görə ona minnətdar olduğunu bildirir.
Kastro sovet vətəndaşlarının isti münasibətindən xeyli təsirlənmişdi...
Qızıl Meydanda kuba lideri iki saat ərzində heç bir kağız filan olmadan çıxış edir. Auditoriya qonağın ispan dilində olan odlu-alovlu nitqini maraqla dinləyir. Sovet vətəndaşı ilk dəfə idi ki, qarşısında açıq, demokratik və ən əsası, öz ideyalarına əminliklə yanaşan lider görürdü...

Mavzoley tribunası...
Leninqradda (indiki Sankt-Peterburq) Fidel və sovet şüuru üçün müsbət hal olan hadisə baş verir. Görüşlərdən birində əlində gül dəstəsi olan qız Kuba liderinə sarı qaçır. Kastro qızcığazın getdiyi uşaq bağçasının nömrəsini öyrənir və israrla təşkilatçılardan oraya ziyarət təşkil etmələrini xahiş edir.
Təşkilatçılar isə proqram daxilində nəzərdə tutulmuş məkanlara getməyin daha düzgün olduğunu söyləyirlər və uşaq bağçasına ziyarətin yersiz olduğunu əlavə edirlər. Lakin Kastro fikrindən dönmür, nəhayət, qonağın xahişi yerinə yetirilir. Bağçaya gəlirlər. Girişdə Fideli dünənki qızcığaz qarşılayır.
Kastro qızın əlindən tutur və buradakı həyatı barədə ona danışmağı xahiş edir. Balaca isə həqiqəti söyləyir: “Əmican, mən bura haqda heç nə bilmirəm, hələ ikinci gündür burdayam”.

Fidel hər şeyi anlayır, ancaq susmağı üstün tutur. Aydin olur ki, qız uşaq evində böyüyüb və təşkilatçılar, sadəcə, uşaq evinin lövhəsini çıxarıb uşaq bağçasına “yapışdırıblar”.
Sonradan Kastro bu barədə açıq etirazını bildirir: “Mən dost kimi öz tənqidimi bildirmək istəyirəm. Niyə siz səmimi dostunuzu və qonağınızı qarşılayarkən belə saxtakarlıq edirsiniz, görünüşə üstünlük verirsiniz?
Siz bir çox vacib işlərinizi mənə görə təxirə salmısınız. Niyə butaforiyadan istifadə edirsiniz, axı mən Leninqradın indi hansı halda olduğunu gözəl anlayıram. Bu şəhər müharibədən sonra yeni-yeni özünə gəlməyə başlayır. Mən hər şeyi, bütün çatışmazlıqları çox gözəl anlayardım. Siz məni ərəb şeyxi kimi qəbul edirsiniz. Dostları belə qarşılamırlar”.

Fidelin bu “improviziyası” dərhal Xruşşova çatdırılır. Ancaq Xruşşov da uşaq deyildi. Kastronun növbəti ziyarət edəcəyi məkan Ukrayna idi. Nikita Serqeyeviç Ukrayna kommunist partiyasının birinci katibinə zəng edir: “Heç bir xüsusi qəbul olmasın, hara istəyirsə, ora aparın”.

Elə də olur, Kastro Ukraynada istədiyini edir, kimlə görüşmək istəyirsə, görüşür - donuzabaxan qadının evinə qədər...
Baykalda Kuba lideri geoloqların qonağı olur, saatlarla onlarla müxtəlif mövzularda söhbət edir. Birdən bir gənc əlində balaca ayı geoloqların evinə yaxınlaşır. O, İrkutskdan Fideli görməyə getdiyini söyləyir. Sən bir işə bax, canlı komandanteyə rast gələsən!
Tanış olurlar, doyunca söhbət edirlər. Oğlan Fideldən özü ilə gətirdiyi ayını balasını hədiyyə kimi qəbul etməsini xahiş edir.

Müəyyən tərəddüddən sonra o, hədiyyəni qəbul edir. Ayını gözəl rus gölünün şərəfinə “Baykal” adlandırırlar. “Baykal” yeni sahibi ilə Kubaya uçur. Sibir ayısı buraların iqliminə heç cür öyrəşə bilmir. Baxmayaraq ki, ona Fidelin iqamətgahlarından birində rahatlığı üçün bütün şərait yaradılmışdı. Lakin heyvanın bioritmi korlanmışdı, isti hava şəraitinə öyrəşə bilmirdi. Narahat və aqressiv olan “Baykal” bir neçə ildən sonra vəfat edir.
SSRİ-ni tərk edərkən Kastro tərcüməçiyə pıçıldayır: “İndi başa düşürəm, niyə rus xalqı məğlubedilməzdir”.

SSRİ-yə Kuba lideri bir də yarım ildən sonra gəlir və soyuq rus qışını dadır...
2005-ci ildə Havanada keçirilən “Sivilizasiyaların dialoqu” konfransı zamanı Fidel Kastro rus jurnalistinin yenidən Rusiyaya səfər etmək istərdinizmi sualına özünəməxsus sentimentallıqla cavablandırır. SSRİ dağılandan sonra Moskva Kubanı bütün dünyaya qarşı tək qoymuşdu. Kuba yumşaq desək, məyusluq içində idi. Ancaq, görünür, Kastro heç də kinli deyilmiş: “Əgər sən məndən hisslərim, iradəm barədə soruşursansa, o zaman, bəli – yayda və qışda, qarlı və ya qarsız, hakimiyyətin başında kimin olmasından asılı olmayaraq, həmişə vətəninizə gəlməyə hazıram. Ələlxüsus, Kuba ilə Rusiya arasında münasibətlərin isindiyi bir zamanda... Bu münasibətlərin əsasını böyük sevgi təşkil edir. Mən o vaxt sizdə olarkən, Baykaldakı səfərimi xatırlayıram. Qarın üzərində rusların mənim üçün balıq qızartmaqları yadıma düşür...”.

Aytən Cavanşir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm