SSRİ lideri: “Yanımda qal, heç yerə getmə” - FOTOLAR
Bizi izləyin

Sovet sirləri

SSRİ lideri: “Yanımda qal, heç yerə getmə” - FOTOLAR

SSRİ-nin içməyi və sayaqlamağı sevən rəhbəri...

SSRİ-nin müdafiə naziri Ustinovu SSRİ qəhrəmanı adına layiq görmüşdülər. 71 yaşlı Brejnev 70 yaşlı Ustinova mükafatı təqdim edir və deyir: “Qızının dünyaya gəlməsi münasibətilə səni təbrik edirəm”...

“Neyləmisiniz ona? İçirtmisiniz?”

Brejnevin Almaniya Federativ Respublikasında söylədiklərini isə heç dilə gətirmək istəmirəm...

Qırx il ərzində hökümət mühafizəsində çalışmış KQB-nin doqquzuncu idarəsinin podpolkovniki Aleksey Salnikov danışır:

Brejnevdən elə də xoşum gəlmirdi. Xruşşov və Kosıginlə yanaşı, onunla da çalışmalı olmuşdum. İşimizin nədən ibarət olduğunu bilirsiniz? Mümkün qədər gözəgörünməz olmaq, düz deyil? Ancaq Brejnev mənə deyirdi: “Yanımda dayan və heç yerə getmə!”
Bax belə, o vaxtlar Brejnev artıq nə etdiyini, nə söylədiyini tam dərk etmirdi...
Qəbulların birində, həmişəki kimi, onun arxasında dayanmışdım. Bu yerdə Brejnev üzünü mənə çevirib soruşur: “Yaxşı dedim? Hər şey qaydasındadır?” Qəbullar zamanı, xüsusilə, xaricdəki görüşlər vaxtı publika müxtəlif idi, qonaqların arasında çoxlu sayda əcnəbi kəşfiyyatçılar olurdu. Brejnev də iki dəqiqədən bir mənə müraciət edirdi...

Yanına qaçıram, mənə nəsə deyir, hamı da elə bilir ki, mənə hansısa informasiya ötürür. Əslində isə necə danışdığını soruşurdu, bir növ xeyir-dua alırdı yaxud “orada hər şey yaxşıdır?” deyə sual verirdi. İndi gəl, başa düş ki, nə demək istəyir...
Bəzən elə olurdu ki, o, nəinki pis danışırdı, həmçinin, sözləri də qarışdırırdı. Belə bir misal deyim: 1978-ci il idi. SSRİ-nin müdafiə naziri Ustinovu SSRİ qəhrəmanı adına layiq görmüşdülər. Yetmiş bir yaşlı Brejnev 70 yaşlı Ustinova mükafatı təqdim edir və deyir: “Qızının dünyaya gəlməsi münasibətilə səni təbrik edirəm”. O vaxt onun yanında idim, ona görə, hər şeyi öz qulağımla eşitdim.
Brejnevin Almaniya Federativ Respublikasında söylədiklərini heç dilə gətirmək istəmirəm. Bircə onu deyə bilərəm ki, onun mühafizə xidmətinin rəisi Ryabenko məndən soruşdu: “Neyləmisiniz ona? İçirtmisiniz?” Mən sakit səslə cavab verdim: “ Xeyr, özü içib”...

Mənim işimdə bütün nüansları nəzərə almaq gərək idi. Əgər yataq otağındakı qrafini su ilə doldurduqdan sonra kimsə otağa daxil olubsa, qrafindəki suya diqqətlə baxırdım. Su azalıb, yoxsa üstünə əlavə olunub... Bəlkə, kimsə nəsə atıb... Üstəgəl, mühafizə etdiyim şəxsin dərmanını içib-içmədiyinə də nəzarət etməli idim.
Xaricə səfərlərimiz zamanı qaldığımız iqamətgahda bütün izləri silmək məcburiyyətində idim – xüsusilə, dərman qablarını, ümumiyyətlə, tibbi ləvazimatların izi-tozu qalmamalı idi. Kəşfiyyat hər yerdə işləyir axı. Adamlar zibil yeşiyinə qədər yoxlayırdılar, təki “çar”ın hansı xəstəlikdən əziyyət çəkdiyini öyrənsinlər...
Hələ çalışdığım müddətdə tapdığım iynələrin sayını biləsiniz! Bir dəfə Brejnevlə Finlandiyada idik. SSRİ liderinin yatması üçün nəzərdə tutulmuş çarpayını yoxlamağa başladım. Yorğan təzə idi, içindən iynə çıxdı. Amma çox güman ki, qəsdən qoyulmamışdı...
Nikita Serqeyeviçlə də bənzər hadisə baş vermişdi. Xaricdə səfərdə idik. İqamətgahın eyvanında kiçik divan vardı. Divanın üstündəki balışı yoxladım. Ordan da iynə çıxdı!

Andropov çox sadə insan idi, heç bir şıltaqlığı yox idi. Onunla işləmək demək olar ki, istirahət idi. Lakin sağlamlığı neçə vaxtdır ki, qaydasında deyildi, müalicə alırdı.

Andropov: “Lyoşa, xahiş edirəm, heç kimi yanıma buraxma”...

Andropovun ətrafındakı insanlar müxtəlif idi. Bir çoxları onunla ünsiyyət qurmaq, yaxınlaşmaq istəyirdi. Onun isə həvəsi yox idi. Bəzən o, mənə deyirdi: “Lyoşa, xahiş edirəm, heç kimi yanıma buraxma”...
Yuri Vladimiroviç insanlarla yalnız iş yerində və bağ evində deyil, digər məkanlarda da görüşürdü. Məsələn, hansısa akademik zəng edib görüşmək istədiyini bildirirdi. Onu KQB-yə dəvət etməyəcəkdik ki! Gizli mənzillərdə görüşürdülər. Mən onu müşayiət edirdim.

Səksəninci illərin ortasında məni şef-təlimatçı təyin etdilər. Gəncləri öyrədirdim, yoxlayırdım. Sonra 60 yaşım tamam oldu, düşünürdüm ki, məni təqaüdə yollayacaqlar. Amma belə olmadı, işdə saxladılar...
Raisa Qorbaçova işimdən xeyli razı idi. Onun polit-büro üzvlərinin həyat yoldaşları ilə görüşlərini mən təşkil edirdim.

Bir dəfə Raisa Qorbaçova mənə söylədi: “Mənim üçün kiçik gül dəstələri düzəldin. 23 fevralda mühafizə işçilərini təbrik etmək istəyirəm”.
On iki dəstə düzəltmək lazım idi. O vaxt isə indiki kimi deyildi axı, gül tapmaq əsl problem idi. Lakin tapdım. Gül dəstələri düzəltdim, bu dəfə onları bükməyə bir şey yox idi. Yeni Arbatdakı “Güllər” mağazasına gedib xüsusi kağız aldım.

Səhəri günü Raisa xanım gülləri təqdim edəndə kağız əllərini çirkləndirdi. Çox narazı qaldı. Ola bilsin, o, həddindən artıq tələbkar idi. Səsini qaldırmağı xoşlayırdı. Polit-büro üzlərinin arvadlarına da qənaəti öyrədirdi. Təmtəraqlı süfrəyə qarşı idi; masada konfet az, üstəlik bahalı olmamamlıdır. Süfrəyə beş növ yox, bir-iki növ qəlyanaltı qoyulmalıdır. “Bədxərclik etməyin!” – söyləyirdi.

Ömrümün çox hissəsini onların həyatı ilə yaşamışam. Onlarla birgə uğurlarına sevinmişəm, uğursuzluqlarına məyus olmuşam. Oxuculara da demək istəyirəm: Yaxınlarınıza xırdalıqları unutmamağa yardım edin. Həyatımız məhz həmin xırdalıqlardan ibarətdir...

Aytən Cavanşir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm