İlk və son prezident: “Guya, nazirin yanında içib ölmüşəm” - FOTOLAR
Bizi izləyin

Sovet sirləri

İlk və son prezident: “Guya, nazirin yanında içib ölmüşəm” - FOTOLAR

SSRİ-nin ilk və son prezidenti, siyasi xadim Mixail Qorbaçov:

Bu gün mən özümü ən qatı Stalin əleyhdarı hesab edirəm...

Yumşaq desək, onlar müxalifəti sevmirlər.

Məndən müdriklik barədə soruşanda ilk düşündüyüm bu olur: Yəqin, Yer üzündə son günlərimi yaşayıram.

Mənim ilk ən böyük xatirəm aclıqla bağlıdır. 1933-cü ildə iki yaşım vardı, yadımdadır, babam – atamın atası çaydan qurbağaları tutub bişirirdi. Amma xatırlamıram, o vaxt onları yeyirdim, yoxsa yox... Sonralar Fransada, Parisin mərkəzində Paris haqda mahnıların sədaları altında Raisa ilə birgə qurbağa pəncələri yeməyimizi isə gözəl xatırlayıram...

1935-ci ildə bərk xəstələndim. Bunun adı, sadəcə, xəstəlik idi. Boğulurdum. Çarpayının yanına şam qoyub ağlayırdılar, başqa heç nə... 1935-ci il, kənd, başqa nə edə bilərdilər ki? Bir qadın içəriyə daxil olub dedi: “Yaxşı bal tapın, stəkanına tökün, qoyun içsin. İndi xatırlayıram: pəncərənin qarşısına mavi... Yox, yox, göy rəngli çaydan qoydular. İçində də bal. O çaydanı götürüb içdim. İçib qurtarandan sonra çaydanın qapağı əlimdən yerə düşdü. O səsi indiyə qədər də qulağımdadır...

Avqust gecələrində həmişə qıcolmalarım olur, kombaynda çalışdığın illərdən bəri...

Hər iki babam – Andrey və Panteley, hər ikisi kasıb kəndli olub. Sovet höküməti onlara torpaq verdi və hardasa on ildən sonra vəziyyətləri xeyli yaxşılaşdı. Panteley babam həmişə deyirdi: “Bizi sovet hakimiyyəti xilas etdi, o, bizə torpaq verdi. Qalan hər şeyi özümüz etdik”.

İçində az da olsa, vətən sevgisi olmayan insan heç nəyə dəymir.

Müharibədən sonra beş il atamla kombaynda çalışdıq. Həmin vaxt biz çox yaxınlaşdıq. Müxtəlif mövzuda söhbətlər etdik, çox şeylər barədə fikrini aldım. Ən ciddi iradını atam mənə anam vasitəsilə çatdırdı. On səkkiz yaşım vardı, anama dedi: “Mixailə de ki, axşam evə gec gəlir. De, bir az tez qayıtsın”...

Zaman keçir, insanlar gedir...

Televiziya verilişlərinin birində Vladimir Pozner məndən soruşdu: “Həyatda olmayan yaxın insanınızla telefon əlaqəsi yaratmaq imkanımız olsaydı, kimi seçərdiniz?” Düşünmədən cavab verdim: “Fikrimcə, Qorbaçovu tanıyan hər kəs bu insanın kim olduğunu təxmin edir – həyat yoldaşım Raisa ilə”.

Biz Raisa ilə qırx altı il birgə ömür sürdük. Qırx il ərzində biz harada yaşamağımızdan asılı olmayaraq, hər gün birgə gəzintiyə çıxdıq. İstənilən havada – boranda, qarda, yağışda - fərq etmir. Raisa çovğunlu havanı sevirdi. Mən deyirdim: “Qulaq as, çovğundur axı”. O isə: “Yox, gedək”. Və gedirdik. Beləcə, boranlı havaya öyrəşdim. Raisa vəfat etdi və mən daha gəzməyə çıxmadım...

Yaşlı vaxtında göz yaşlarını saxlamaq çətin olur...

İndi sağlamlığımın qayğısına daha çox qalıram. Öz sözümün üstündə durmağa çalışıram – dostlarımı 90 illik yubileyimə dəvət etməliyəm. Bəlkə də, bu həyasızlıqdır...

Bu gün yaxşı yatmışam, dünən isə ağır gecə idi. İki ədəd ağrıkəsici qəbul etmişdim, yenə də, yuxum gəlmirdi. Səhərəyaxın yuxuya getdim və maraqlı yuxu gördüm. Bu yaxınlarda Rusiyada 15 milyon insanın həlak olduğu söylənilən vətəndaş müharibəsi haqda sənədli filmə baxmışdım. Yuxuda kiminləsə gəzirəm, həmin adam həlak olmuş insanları göstərir. Nəhayət, səyahətimdən sonra işıqlı məkan görürəm və soruşuram: “Orada nə var?” . Cavab gəlir: “Bütün ölülər ora yollanır”...

Həyatda məni narahat edən suallara cavabımı çox vaxt yuxularda tapıram.

Səhər mənim üçün ən gözəl vaxtdır. Səhər saat altıda yuxudan dururam. Çarpayıda idman edirəm.

Ola bilsin, mən ovçuyam, amma qırıcı deyiləm.

Amerikalıların “İblis”, bizim isə “Р-36М” adlandırdığımız raketdə yüzlərlə Çernobıl effektini verə biləcək güc var. Təkcə bir raketdə! İnsan bunu biləndə, üstəlik, mənim bir vaxtlar tutuğum vəzifədə... özünü normal insan hesab etməkdə çətinlik çəkirsən.

Buraxılış imtahanlarımda inşa mövzusunu Stalin haqda seçdim. Bu inşaya görə, “əla” qiyməti də aldım. Bu gün mən özümü ən qatı Stalin əleyhdarı hesab edirəm.

Rusiya tarixi ağırdır. Onun ən yaxşı dövrünün hansı olduğunu müəyyənləşdirmək çox çətindir. Rusiya tarixi formalaşmadan, genişlənmədən, ərazi mənimsəməsindən ibarətdir...

İyirmi il bundan sonra Rusiyanın necə olacağı barədə sual verəndə “bundan da pis olacaq” cavabını verməyə dilim gəlmir.

Bugünkü etirazlarla 1980-ci illərin axırı - 1990-cı illərin əvvəlindəki etirazlar arasında böyük fərq var. Məncə, bugünkü etiraz daha ciddidir. Bu, sadəcə, səs-küy və qışqırıq deyil, bu düşünülmüş etirazdır. İnsanların fundamental arzularını və hisslərini ifadə edən etirazlardır. Odur ki, buna laqeyd yanaşmaq olmaz...

Əsl lider – canlı, normal, ciddi müxalifətin olmasını arzulayan şəxsdir. Müasir liderlərin problemi də burasındadır ki, onlar bunu başa düşmürlər. Yumşaq desək, onlar müxalifəti sevmirlər.

Amerikalılar böyük səhvə yol verdilər. Onlar hamıdan çox qışqırırdılar: “Bizə demokratiya və ədalətə əsaslanan sülh və əmin-amanlıq lazımdır”. Bu şüardan imtina edən ilk kəs elə amerikalıların özü oldu.

Avropanın daxili problemlərini səliqəyə salmağa imkanı olmadığına görə, narahatçılıq hissi keçirirəm.

Kanadaya ilk səfər gözəl keçdi. 1983-cü ildə orada yeddi gün səfərdə oldum. Bu müddət ərzində, məni basdırmağa da vaxt tapdılar. Xəbər verdilər ki, nazirin yanında içmişəm, ürəktutmam olub və vəfat etmişəm. Bu da onların stilidir. Nə edəsən? Bundan xilas ola bilmirlər...

Optimistəm. Bir çox söhbətləri də bu ifadə ilə bitirirəm...

Həyat bütün müəllimlərdən daha yaxşı, daha müdrikdir...

Aytən Cavanşir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm