Türkiyəli məşhurları heyran qoyan AZƏRBAYCAN MAHNILARI - SİYAHI (VİDEO)
Bizi izləyin

Xüsusi

Türkiyəli məşhurları heyran qoyan AZƏRBAYCAN MAHNILARI - SİYAHI (VİDEO)

Musiqinin sərhədsiz olduğunu bilirik. Dil, din, irq fərqi olmadan insanlar musiqidən mənəvi qida alır. Azərbaycanlıların ən çox dinlədiyi mahnılar sırasında türk musiqiləri xüsusi yer tutur. Türklər də bizim mahnılara biganə yanaşmırlar. Bunun bir neçə bariz nümunəsi də var.

Odur ki, Publika.az Türkiyənin tanınmış müğənniləri tərəfindən ifa olunan bir neçə Azərbaycan mahnısını təqdim edir:

Bir neçə il öncə ölkəmizə Gürcüstan elindən təşrif buyurmuş Manana Çaparidzenin ifasında sevilən “Gəl-gəl” mahnısını Bengüdən də eşitdik. Bengü mahnını o qədər sevib ki, ərinməyib, klip də çəkdirdi. Bu məqamda qeyd edək ki, mahnının musiqisini Şərqin ilk qadın bəstəkarı Şəfiqə Axundova yazıb.

Xalq artisti Aygün Kazımovanın hit mahnısı “Yenə tək”i Superstar Ajda Pekkanın səsindən eşitmək bizi sevindirsə də, bir o qədər də xəyallarımızı puç etdi. Ajdanın mahnıya yeni nəfəs verəcəyini düşünənlər təəssüf ki, çox yanıldı.

Ural Erel adı sizə tanış gəlməyə bilər, amma 2007-ci ilinin yay ayında ən hit mahnı sözləri və musiqisi Namiq Qaraçuxurluya aid olan “Bu məhəbbət”in türk versiyası “Qalıb o” idi. Mahnının yeni aranjimanı və fərqli ifa onu ən çox səsləndirilənlər sırasına əlavə etmişdi.

.

Yıldız Tilbe Azərbaycanın ən ədalı müğənnisi Xumar Qədimovanın dillər əzbəri olan “Gələcəyəm” adlı mahnısını özünəməxsus şəkildə səsləndirmişdi. Çılğın ifaçı fərqli aksent ilə mahnıya xüsusi bir rəng qatmışdı.

Türkiyədəki təcrübəsi ilə Azərbaycan mahnılarına fərqlilik gətirən Tunar Rəhmanoğlunun “Səndən insaf dilər yarın” mahnısını imperator İbrahim Tatlısesdən eşitmək azərbaycanlı fanatları sevindirdi. Azərbaycan türkcəsində səsləndirilən mahnı Türkiyədə də çox sevilənlər sırasında yerini aldı.

Alişanın azərbaycanlı müğənni və bəstəkar Ramal İsrafilovdan oxuduğu “Gözümün işığı” mahnısı da uğurlu işlərdən biri oldu.

Korifey sənətçimiz Şövkət Ələkbərovanın “Bir könül sındırmışam” mahnısının Sibel Can tərəfindən səsləndirilməsi bəstənin yenidən sevilməsinə və Türkiyədə tanınmasına xidmət etdi.

Funda Ararın “Bağışla” sinqlı ən çox səs gətirən mahnı oldu. Miri Yusifin səsləndirdiyi mahnının müəllif hüquqları üstündə əməlli-başlı qırğın düşdü və iş məhkəməlik oldu. Funda Arar bildirdi ki, mahnı MC Muradındır və satın alıb. Məhkəmə prosesi uzandıqca uzandı. Bu isə mahnının xeyli reklam olunmasına şərait yaratdı.

Çox fərqli repertuara sahib olan Nil Karaibrahimgil Murad Arifin bəstəsi olan “Ay qız, oyan”ı oxudu. Ancaq mahnı Elnarə Xəlilovanın ifasında daha çox sevilmişdi.

Azərbaycan mahnılarını sevməsi ilə tanınan Serdar Ortaçdan 15 qızı bir maşına mindirib ayrılıq haqqında oxumasını gözləyirdik ki, fərqli bir layihə ilə qarşımıza çıxdı. Baloğlan Əşrəfovun “Nədəndir” mahnısını oxumuşdu. Bu mahnı isə həmin dövr üçün Azərbaycan toylarının ən hitləri sırasında ilk pillədə yer alırdı. Xüsusilə, qudalar və bəyin uzaqdan yaxından gəlib-keçən qohum-əqrabaları bu mahnıya oynayarkən özünə can-fəşanlıq qatırdı.

Əməkdar artist Röya AyxanMiri Yusifin “Səndən bir dənədir”inin hit olduğunu görən Sinan Akçılİrem Derici Miri Yusifi də götürüb trio şəklində mahnının türk versiyasını oxudular. Amma çox təəssüf ki, ikinci versiya birincinin dadını vermədi.

Ziynet SaliMurad Arifin “İstanbul” mahnısına aşiq olub, əvvəlcə bu mahnını tək, sonra isə Xəyyam Nisanovla birgə ifa etdi. Ancaq bu da Xəyyamın ifasındakı kimi hit olmadı.

Pərviz Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm