“Mason şifrəsi” ilə tanınan Azərbaycan yazıçısı: “Normal insan da həmin vəziyyətdə kimisə doğrayıb yeyə bilər” - MÜSAHİBƏ/FOTO
Bizi izləyin

Xüsusi

“Mason şifrəsi” ilə tanınan Azərbaycan yazıçısı: “Normal insan da həmin vəziyyətdə kimisə doğrayıb yeyə bilər” - MÜSAHİBƏ/FOTO

“Mason şifrəsi” romanın müəllifi kimi tanınan Asiman Eyniyev bu yaxınlarda oxucularını yeni povesti ilə sevindirməyə hazırlaşır.

Yazıçı Publika.az-a verdiyi müsahibəsində yaradıcılıq planlarından danışıb.

- Asiman bəy, redaksiyamıza xoş gəlmisiniz. Sözsüz ki, sizin roman və hekayələrinizi oxuyanlar var, müəyyən qədər tanınınırsınız. Lakin haqqınızda məlumat çox azdır. Özünüzü oxucularınıza necə tanış edərdiniz?

- İxtisasca iqtisadçıyam. Hazırda özəl şirkətdə çalışıram. Bu qədər.

- Bəs ədəbiyyata maraq haradan yarandı?

- İlk dəfə şeir yazmışam. 2005-ci ildə. Şair deyiləm, şeir yazmaq bacarığım da uğurlu deyildi. Beynimdə dolaşan bir hadisəni fikirləşdim ki, hekayə kimi yaza bilərəm. Və ilk hekayəmi 2008-ci ildə qələmə aldım. Beləliklə də hekayələrimi demək olar ki, bütün tanınan ədəbiyyat saytlarında çap etdilər.

- Belə anladım ki, bu istedad və həvəs sizdə birdən-birə yaranıb. Uşaqlıqda ədəbiyyətla ciddi şəkildə məşğul olmamısınız...

- Düzdür, əvvəllər bir neçə kitab oxumuşam. Ancaq ciddi şəkildə mütaliəyə elə ilk yazdığım hekayədən sonra başladım. 2009-cu ildə isə artıq “Məxfi Cəmiyyət: Mason şifrəsi” detektiv romanını yazmağa başladım. Onda 22 yaşım var idi.

- Amma başlanğıc üçün kifayət qədər uğurlu alınıb. Bildiyim qədəriylə “Mason şifrəsi” kitabının satışı pis olmayıb.

- Elədir. 500 tirajlıq kitab birdən-birə satılmağa başladı. Amma təəssüf etdiyim məqamlar olmuşdu. Onda “Qanun” nəşriyyatı ilə “Əli və Nino” kitab mağazası ən çox satılan kitabların reytinqini tərtib edirdi. Hər həftə təxminən 40 kitabın pulunu alırdım, amma "Qanun" nəşriyyatı məni həmin siyahıya daxil etmirdi. Həqiqətən sual yaranırdı ki, əgər bir həftə ərzində 40 kitabını pulunu alırdımsa, deməli, onlar satılır və oxunurdu. Belə olan halda adımın ən çox satılan kitabların siyahısında heç vaxt çəkilməməsi qaranlıq qaldı. Əslində bunu heç vaxt dilə gətirməmişəm. Açığı kiminsə haqqında danışmağı xoşlamıram, lakin istər-istəməz düşünürsən.

- Niyə məhz detektiv janrına müraciət etdiniz?

- Dediyim kimi, romandan əvvəl bir neçə hekayə yazmışdım. Detektiv deyildi. Oxuyanlar bildirmişdi ki, hekayələrdə detektiv elementləri hiss olunur, yaxşı manevrlər edirəm.

Düşündüm ki, yoxlamaq olar. Yazdım. Bir roman, iki hekayə. Hazırda isə detektiv yazmıram.

- Yeni povestiniz nədən bəhs edəcək?

- Uşaq evində böyümüş, sonradan təhsil alıb kitabxanada kitabxanaçı işləyən bir qızın polis nəfərini öldürüb yeməsindən, onun ağrılı həyatından bəhs edəcək.

- Adamyeyən qızın hekayəsi ilə oxuculara nə kimi mesajlar vermək istəmisiniz?

- Bu günə qədər yazarkən fikirləşməmişəm ki, oxucuya hansısa mesajı ötürməliyəm və ya ciddi tərbiyəvi nəsihətlər verməliyəm. İnsanların fikirlərini dəyişdirməyə çalışmamışam, ümumiyyətlə, tərbiyələndirici qüvvə kimi görünməyi və ağıl verməyi sevmirəm.

Sadəcə povestdə demək istəmişəm ki, psixoloji durumu normal olan bir şəxs də ekstremal vəziyyətdə kimisə nəinki öldürə, hətta onu doğrayıb yeyə də bilər.

- Elə hesab edirsiniz ki, insanı qatil olmağa məcbur edən səbəblər ətrafımızda baş verən hadisələrdir?

- Hardasa, elədir. Povestin qəhrəmanı uşaq evindən çıxıb öz həyatını qurmağa çalışır, ancaq alınmır, mühit buna imkan vermir...

- Bu günə qədər şahidi olduğunuz cinayət hadisəsi olub? Bəlkə onun təsiridir ki, ədəbiyyata detektiv romanla gəlmisiniz.

- Bilirsiz, çox maraqlıdır, təbiətcə sakit insan olsam da həmişə mürəkkəb hadisələrin üzərinə gedib çıxmışam. Düzdür, yazdıqlarımın çoxu real hadisələrlə üst-üstə düşmür, lakin elələri olub ki, hadisənin özünü bilmişəm.

Birini misal çəkim. Qəzet köşkündə işləyən bir tanışım var. Ona redaksiya velosiped də verib ki, onunla qəzetləri idarələrə paylasın. Bir gün yanına getdim, gördüm qanı qaradır. Səbəbini soruşanda dedi ki, velosipedini oğurlayıblar. Polisə şikayətə gedib, lakin, velosipedin oğurlanmasında polislər onu günahlandırıblar. Velosipedi özünün satdığını iddia edərək onu yalançı çıxarıblar.

Bu hadisə “Qəribə təsadüf və ya velosipedin itməkliyi” hekayəmi yazmaq üçün artıq xalis mövzu idi.

- Yazdıqlarınızın real həyata uyğun olmasına fikir verirsiniz? Yoxsa təxəyyülünüzə icazə verirsiniz ki, bütün sərhədləri keçsin.

- Nəyi və necə yazacağıma əvvəlcədən qərar vermirəm. Bu, məndə alınmır. Hər şey yazı prosesində baş verir, fikrilər öz-özünə yaranır və mən onları yazıya çevirirəm. Saatlarla masa arxasında oturub yazanlardan da deyiləm. Həmişə deyirlər ki, bu işlə məşğulsansa çox işləməlisən, gününün bir neçə saatını yazmaqla keçirməlisən. Ancaq məndə mümkün deyil.

- Vaxtınız yoxdur, ya həvəsiniz?

- Düzü boş vaxtlarım az olur. Həm də saatlarla kompüter arxasında oturub beynimi zorlaya bilmirəm. Mümkün deyil, alınmır. Hər şey öz-özünə, birdən-birə baş verir və mən görürəm ki, artıq beynimdə mövzu hazırdır, bunu yazmaq olar. Ədəbiyyat mənim üçün bir növ hobbidir. Bir də hesab edirəm ki, əslində ədəbiyyat bir az talantı olan boş-bekar adamların gördüyü işdir, yazı prosesidir. Məsələn, ağır fiziki işdə çalışan insanlar heç vaxt oturub yazı ilə məşğul ola bilməz.

- Bəşəriyyəti narahat edən mövzulara toxunan, insanların düşüncə tərzinə, bütövlükdə dünyanın gedişatına və insanların həyatına müsbət istiqamətdə təsir göstərən böyük şair və yazıçılar olub. Hər halda yüzlərlə, minlərlə əsərlərin boş-bekarçılıqdan yazıldığını iddia etmək çox absurd fikir olardı.

- Əslində dediyiniz o istiqamət göstərən adamların əksəriyyəti bekar adam olub. Deməyim odur ki, mənim saatlarla oturub yazmağa nə vaxtım, nə də marağım var.

- İstərdim ki, bir qədər mütaliəniz haqqında danışardınız. Kimləri oxuyursunuz?

- Əvvəllər detektiv yazdığım üçün əsasən o mövzuda oxuyurdum. Siz də bilirsiz, detektiv, bir qədər qeyri-ciddi janr kimi qəbul olunur. Guya mayasında tapmaca var. Qatil kimdir? Vəssalam. Ancaq çox sanballı yazıçılar da var ki, detektiv yazır, yazıb. Misal üçün Qrem Qrin, Con Le Karre.

Azərbaycanda isə detektiv yazanların ən böyük problemi odur ki, yaratdıqları müstəntiq obrazının sualı yoxdur. Cinayətin açılması üçün müstəntiqlə şübhəli şəxs arasında çox ciddi dialoq qurulmalıdır. Sübuta yetirməlisən ki, həmin şəxs bu və ya digər hadisəni törədib. Bizdə bu dialoq çox primitiv şəkildə qurulur. Müstəntiq ancaq bəsit suallar verir. Cinayət vaxtı hardaydın və s.

Mütaliyəyə gəldikdə isə doğrusu, janrlar arasında fərq qoymuram. Əlimə nə keçdi oxumuram. Əsla! Ancaq və ancaq zövqümə uyğun olmalıdır. Texnika, əsərin tempi mənim üçün çox önəmlidir. Tempi ona görə qeyd etdim ki, vərəqi tez-tez, həvəslə çevirmək xoşuma gəlir. Bəlkə də vaxtilə detektiv oxumağımdan yaranan bir alışqanlıqdır. Daima yeni yollar axtaran yazıçılar daha çox xoşuma gəlir. Kanadalı bir yazıçı var, adı Ravi Xajdır. Onu nədənsə özümə çox yaxın hiss edirəm. 3-4 roman yazıb, qazanmadığı ədəbiyyat ödülü yoxdur. Yerli yazıçılarımızın əsərlərinin adını çəkə bilərəm ki, çox bəyənmişəm. Səfər Alışarlıdan “Maestro”, Etimad Başkeçiddən “Min yol mənə söylər”, Əli Əkbərdən “Gilə”, Anardan “Ağ qoç qara qoç”, Məqsəd Nurdan “Şəhər meri”, hesab edirəm ki, bir neçə dilə çevrilməli və yayılmalıdır. Ancaq necə? Bu, artıq ayrı mövzudur.

- Müasir detektiv yazaçılar hansı mövzulardan yazmalı və hansı mövzulara müraciət etməli deyil? Yoxsa, yazıçı özünə heç bir məhdudiyyət qoymalı deyil?

- Biz deyəsən, detektivdən çox danışdıq axı (gülür). Verdiyiniz bu sualı bəlkə də yüzlərlə yazıçı cavablandırıb. Demək olar ki, əksəriyyətinin fikri üst-üstə düşüb. İndi verəcəyim cavab da onlardan biridir. Bütün mövzularda yazmaq olar, sadəcə onu necə təqdim etməyindədir məsələ. Qəlibləşmiş mövzular, məsələn məhəbbət mövzusu. O qədər işlənib ki, adam yaxın durmaq istəmir. Ancaq sən onu elə formada yazmalısan ki, digərlərənin oxşarı olmasın. Qeyd edim ki, çox xırda mövzunu işləyib böyük əsər yazan yazıçılar var. Elə biz də də var bu cür yazıçılar.

- Bir yazıçı kimi özünüzdə hansı keyfiyyəti qiymətləndirirsiniz?

- Bilmirəm. Bunu yəqin oxucu dostlar deyə bilər.

- İnsan psixologiyasını yaxından tanımaq üçün sadəcə kitab oxumaq kifayət edir?

- Bilirsiz, kitab oxumaqla nə yaxşı yazmaq mümkündür, nə də insanları tanımaq. Bankda 8 il kredit şöbəsində işləmişəm, bu mənə insanları tanımağa kömək edib. Bundan əlavə nə qədər təvazökarlıqdan uzaq olsa da deməliyəm ki, bir qədər ünsiyyətdən sonra həmin adam haqqında müəyyən fikrim formalaşır. Baxın, bayaq soruşdunuz ki, özünüzdə hansı keyfiyyəti qiymətləndirirsiniz. Budur əslində, insanları tanıya bilirəm. Özü də çox qısa zamanda...

- Müsahibə üçün çox sağ olun. Sizə fəaliyyətinizdə yaradıcılıq uğurları arzu edirik.

- Siz sağ olun.

Aytən,

Foto: Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm