Azərbaycanlı müğənnidən iddialı sözlər: “Acundan mənə məktub gəlmişdi ki...” - MÜSAHİBƏ/FOTO
Bizi izləyin

Xüsusi

Azərbaycanlı müğənnidən iddialı sözlər: “Acundan mənə məktub gəlmişdi ki...” - MÜSAHİBƏ/FOTO

"İpək Yolu Ulduz”u müsabiqəsində 1-ci yeri Qazaxıstan, 2-yeri Qırğızıstan, 3-cü yeri Azərbaycan, yəni mən tutmuşdum. Türkiyədən isə Fulin adlı iştirakçı 8-ci olmuşdu. Nədənsə bu layihədə türkiyəli xanımını Azərbaycana gətirib fəxrimiz kimi təqdim etmişdilər. Bu, mənə çox pis təsir etmişdi.

3-cü yeri mən tutduğum halda televiziyalarımız o qızı bəh-bəhlə efirlərə qonaq çağırırlar. Mən Bakıya gələndə heç kəsin nə xəbəri oldu, nə də təbrik edən tapıldı. Ağlamıram, şikayətlənmirəm də, lazımlı insanlar xəbər tutmuşdu. Sadəcə özünə qarşı bu cür laqeyd münasibət görəndə istər-istəməz təəssüflənirsən".

Bu sözləri Publika.az-a müsahibə verən müğənni Samirə Əfəndi deyib.

- Samirə Əfəndiyevanın ifaları çoxlarına tanışdır, amma haqqınızda məlumat azdır. Bizə özünüzü yaxından tanış edərdiniz.

- Ziyalı ailədə böyümüşəm, anam həkimdir, atam isə hərbçidir.

- Sirr deyil ki, hərbiçilər sərt xarakterə malik olur. Ailəniz müğənni olmağınıza etiraz etmədimi?

- İlk vaxtlarda bu sənətlə ciddi şəkildə məşğul olmağımı istəmirdilər. Anam deyirdi ki, həkim ol, atam isə hərbiyə maraq göstərməyimi istəyirdi. Zamanla başa düşdülər ki, musiqisiz nəfəs ala bilmərəm. Mənə və səsimə inandılar.

- Gəncliyinizi istədiyiniz kimi yaşaya bilirsiniz?

- Səhərə qədər davam edən əyləncə gecələrində iştirak etmirəm. Çünki ailəm mənə görə çox narahatlıq keçirir. Qadağalar qoyublar, əvvəllər saat 6-ya qədər evdə olmalı idim. Sonra bu rəqəm 8, daha sonra 9 oldu, indi də saat 12-yə qədər evə gəlməliyəm. Çünki valideynlərim narahat olur ki, saat 12-dən sonra evə gələn qıza qonşular pis baxır, dedi-qodu edirlər.

- Qonşuların, ümumiyyətlə, ətrafın fikri sizin üçün nə dərəcədə əhəmiyyətlidir?

- Əslində kimin nə danışdığı məni maraqlandırmır, lakin dediyim kimi, istəmərəm ki, valideynlərimin adına söz gəlsin. Bacımı və qardaşlarımı düşünürəm.

- Toylara gedirsiniz?

- Əlbəttə, olur. Lakin layihələrimi həyata keçirmək üçün maddi baxımdan problemlərlə üzləşirəm. Bu məsələdə ən böyük dəstəyim valideynlərimdir. Onların köməyi olmasa, sadəcə səhnə çıxışlarımdan əldə edilən gəlir hesabına yeni mahnılar yazdıraram, kliplər çəkdirə bilmərəm.

- Məqsədiniz nədir?

- Arzularım çox böyükdür... Çox istərdim ki, “Universal Production Music” səsimi kəşf etsin, məni tanısınlar və təbii ki, əməkdaşlıq təklif etsinlər. Azərbaycanda istedadlı gənclər çoxdur, axı niyə onlar dünyada tanınmasın? Hindistanı, hətta Ermənistanı belə dünyada təmsil edən sənət adamları var. Bizi isə tanımırlar...

- Sizə nə mane olur?

- Bunun üçün onlara elə yüksək səviyyəli iş göndərməliyəm ki, müsbət cavab ala bilim. Amma ortada belə bir layihə təklif edən yoxdur, hər işi özümüz görməliyik. 4-5 yerə ayrılmalı olursan, bilmirsən ki, hansı işin qulpundan yapışasan. Bütün bunlar məqsədlərimə yönəlməyimə və sanballı iş görməyimə mənə mane olur. Yol ayrıcında qalırsan... Buna baxmayaraq inanıram ki, arzularım nə zamansa həyata keçəcək.

- “Səs Azərbaycan” müsabiqəsində Tünzalə Ağayevanın tələbəsi olmuşdunuz. İndi də bu sənətdə sizə yol göstərən ustad Tünzalə xanımdır. Tünzalə xanım sizin üçün bir neçə mahnı da bəstələyib. İfa tərzinizin oxşar olmasında sizi günahlandırmırlar ki?

- Hər bəstəkarın, o cümlədən Tünzalə Ağayevanın öz üslubu var, onun bəstələri dərhal seçilir. Lakin mən bizim ifa tərzimizin və səslərimizin oxşar olduğunu düşünmürəm.

- Tünzalə Ağayeva ilə duet gözlənilir?

- Yaxınlarda onunla bu barədə söhbətimiz oldu. Qərara gəldik ki, birlikdə yeni mahnı yazdıraq. Duetin nə vaxt çıxacağını dəqiq deyə bilməyəcəm, çünki mahnı hələ hazır deyil.

- Özünüz mahnı yazırsınız?

- Hələ ki, bəstəkarlarla işləyirəm. Hərdən ilham pərisi gəlir, pianinonun qarşısına keçib özümü müşayiət edirəm. Mahnını bəstələyib kənara qoyuram. Tamaşaçılara və dinləyicilərə təqdim edə biləcəyim əsər yazmamışam. Şeirlər də yazıram, sadəcə onları üzə çıxartmağa utanıram.

Bəstəkar Muxtar Abseynovla işbirliyimiz olub. Həmçinin Nağd Pulla yeni layihəmiz olmalıdır. Bu, çox maraqlı və fərqli iş olacaq. Təklif dostum İdris Cəfərovdan gəlib.

Cavan bəstəkarlardan çoxlu təkliflər gəlir, onların xətrinə dəymək, küsdürmək istəmirəm, amma ürəyimə yatanı demək olar ki, yoxdur. Göndərilən mahnılar arasından üslubuma yaxın olanını görmürəm. Mahnının musiqisini dinləyərkən ilk 30 saniyə nə hiss etdiyin vacibdir. Əgər “Ay ətim töküldü” deyirsənsə, deməli, mənlik deyil. Musiqinin keyfiyyətli olması sənətçi üçün vacib amildir.

- Fransada yaşayan bəstəkar, pianoçu, musiqi prodüseri və “Asadli pro” studiyasının sahibi Etibar Əsədlinin Bakı layihəsində siz də iştirak etmişdiniz. Retro və xalq mahnılarının yeni tərzdə ifadə edilməsi böyük marağa səbəb olmuşdu. Etibar bəylə növbəti dəfə əməkdaşlıq etməyi planlaşdırırsınız?

- Etibar Bakıya gələn kimi görüşüb onun bəstələrini müzakirə edirik. O, bəlkə də yeganə insandır ki, məni ağlada bilir. Pianinonun dillərinə toxunan kimi gözlərim dolur...

Əslində Etibarla artıq tam hazır olan mahnılarımız var, onların roliklərini də çəkmişik. O, mənə “Hələ gözlə” deyir. Onları uyğun vaxtda tamaşaçılara təqdim edəcəyik.

- İnsanlarda axtardığınız hansı keyfiyyətləri tapa bilmirsiniz?

- Səmimiyyəti. Son zamanlarda insanlarının gözlərinin içinə xüsusi fikir verirəm. Gözlər məni aldada bilmir, hissiyyatım güclüdür. Qoç bürcüyəm, bəlkə də ondan irəli gəlir. Gündəlik proqnozlara yox, amma hər bürcün öz xüsusiyyətləri olduğuna inanıram.

- Kimsə ürəyinizə yol tapmayanda bunu onlara hiss etdirirsiniz?

- Bəli, belələriylə ünsiyyətdən qaçıram və eyham vurmağa çalışıram ki, məndən uzaq olsunlar. Özümə qarşı belə rəftar görsəm, pis olaram. Amma elə münasibət görürsən ki, başqa çıxış yolun qalmır.

- Azərbaycanın seks simvolu kimdir?

- Samirə Əfəndi, özü də bu geyimdə (gülürük). Bizdə seks simvol var ki? Mən görmürəm. Seks simvolu olmaq üçün sadəcə “90 60 90” bədən ölçülərinə sahib olmalı deyilsən. Bəzən deyirlər ki, “Eurovision”a getmək üçün gözəl bədənin olmalıdır. Bu fikirlə razı deyiləm, hər şeydən əvvəl ifaçının hər kəsdə güclü emosiyalar yaradan səsi olmalıdır. Axı təkcə gözəl bədənlə iş bitmir. Kişiləri qadınlarda cəlb edən başqa məqamlar da var.

- Məsələn, nə?

- Xanımlığı və ağlı. Qadın öz xanımlığı və ağlı ilə nə qədər çox qürur duyarsa, kişilərin gözündə də bir o qədər yüksələr.

- Xanımlıq dedikdə nəyi nəzərdə tutursunuz?

- Şirin dili, saflığı və məsumluğu. Xoşbəxt qadın onsuz da uşaq kimi şən olur. Dili şirin olan insanı isə hamı sevir.

- Şəxsi stilistiniz varmı? Səhnə geyimi seçərkən kimlərlə məsləhətləşirsiniz?

- Yüzlərlə, minlərlə tamaşaçı qarşısına çıxırsansa, səhnədə baxımlı olmaq mütləqdir. Çünki biz başqaları üçün yaxşı nümunəyik. Xüsusi stilistim olmasa da, maraqlı libaslar seçməyə çalışıram. Rahatlığıma düşkün insanam, adi həyatda dar və yapışan geyimlərdən daha çox boş və bol kəsimləri sevirəm. Səhnə naminə eksperimentlər etməyə hazıram, eyni zamanda mənə yaraşanı seçirəm.

- Evlənmək haqqında düşünürsünüz?

- Hərdən fikirləşirəm və bu qənaətə gəlirəm ki, müğənni qızı kim alar? Sənətçi ilə ailə quran kişilər var, amma azdır. Onlar da evləndikdən sonra həyat yoldaşlarını karyeradan uzaqlaşdırır. Mən bu cür həyata, həddən artıq qısqanclığa dözə bilmərəm. Sərbəstliyə çox alışmışam, bütün işlərimi rahat-rahat görməliyəm, heç kim mənə və işlərimə mane olmamalıdır. Qarşı tərəf anlamalıdır ki, müğənninin işi gec də bitə bilər. Başlıcası ailə qurmaq üçün özümü hazır hiss etmirəm. Bunun üçün həm fiziki, həm mənəvi, həm də psixoloji baxımdan hazır olmalısan. Sağlam uşaq dünyaya gətirmək üçün vücudun, bütün orqanların tərtəmiz olmalıdır.

- Sizcə, azərbaycanlı kişilər müğənni ilə ailə qurmaq istəmir?

- Ümumi desək, yox. Bunu bir növ özüm üçün kompleks etmişəm. Hər halda bilmək olmaz, bəlkə sabah elə bir insan qarşıma çıxar ki, hər bir işdə mənə dəstək və dayaq olar.

- Nə cür insanla ailə qurmaq istəyərdiniz? Varlı olması sizin üçün vacib şərtdir?

- Milyoner olsun (gülürük). Hər qız istəyər ki, varlı insanla ailə qursun, onun ehtiyaclarını qarşılasın, övladlarına yaxşı təhsil verə bilsin. Sözsüz ki, xanım da boş-bekar oturmalı deyil.

Ailə quracağım insan idmanı, özünü, yaxınlarını, dostlarını sevməlidir, özünə baxmalıdır. Səliqəsiz kişiləri sevmirəm, çox təmizkar olmalıdır.

- Həyatınızda kimsə var?

- Yox.

- Ayrılıq ağrısını “dadmısınız”?

- Bəli, 4 il sevmişəm.

- Sonra ayrıldınız?

- Bəli.

- Nə üçün ayrılmağa qərar verdiniz?

- Xarakterlərimiz uyğun gəlmədi. Onun tələbləri ilə mənim istəklərim və fikirlərim üst-üstə düşmürdü, anlaşa bilmirdik.

- Bu stressdən necə çıxdınız?

- Normal, alınmadı da... Nə etmək olar, dünyanın axırı deyil ki. Başımı musiqi ilə qatdım, özümü bütünlüklə işimə həsr etdim.

Bəzən efirdə çıxıb “Heç vaxt sevməmişəm, sevginin nə olduğunu bilmirəm”, deyirlər. Hamısı da yalan deyir, inanmayın.

- Açıq-saçıq kliplər çəkdirmək bu gün populyar olmağın ən asan yollarından biridir. Sənət üçün soyunmağa dəyər?

- Yaxşı pul versələr, düşünərəm. Bir az arıqlayım, mən də çəkdirəcəm (Gülür). Zarafat edirəm, çox açıq geyimdə tamaşaçı qarşısına çıxsam, utanaram. Başqa ifaçıların bədən quruluşu icazə verirsə, estetik görünürsə, niyə də olmasın, özləri bilər. Amma vulqar seksuallığın əleyhinəyəm. Əslində bu barədə dərin düşünməmişəm, bəlkə də sabah başqa qərarı verərəm.

- “Sən yadıma düşəndə”, “Sən gələndə” sizi məşhurlaşdıran mahnılardır. Sualım bu mahnıların misraları ilə bağlıdır. Birincidə “Gül açar, dünya gülər, aləmə nur tökülər, sən yadıma düşəndə”, ikinci də isə “Sən gələndə dağlarda gül açardı, sən gələndə kədər məndən qaçardı” deyirsiniz. Maraqlıdır ki, Samirə Əfəndiyevanın yadına kim düşəndə qaranlıqları çəkilir, kədəri yox olur?

- İfalarımı konkret bir şəxsə yönəltmirəm. Sanki kosmos üçün oxuyuram. Hara müraciət etdiyimi bilmirəm, amma dərk edirəm ki, Allah üçün oxuyuram. Səhnədə olanda tamamilə başqa duyğular keçirirəm. Bu, qorxu və stress deyil. İçimdə olan sevinc və həyəcan hissi bir-birinə qarışıb püskürmək istəyir. Uzun müddət oxumayanda, səhnəyə çıxmayanda ürəyim partlayır. Məncə, mahnını bir adama ünvanlasam, dinləyicilərdə ülvi hisslər oyada bilmərəm.

- Tünzalə xanım sizi tez-tez tənqid edir?

- Saçımı açıq qoyanda irad bildirir ki, niyə saçlarını toplamamısan. Sərt tənqid etdiyini xatırlamıram, öyüd-nəsihətlər verir. Tünzalə xanım istəmir ki, fəaliyyətinin ilk illərində onun ayağına dəyən daşlar mənim də ayağıma dəysin. Onun tənqidlərini eşitməyə hazıram. Bilirəm ki, məni qorumağa çalışır, bu, ancaq xeyrimə olar.

- Keçən il Qazaxıstanda keçirilən “İpək Yolu Ulduzu” müsabiqəsində 3-cü yeri tutmusunuz. Ondan əvvəl də “Səs Azərbaycan” da 2-ci yerə layiq görülmüşdünüz. Müsabiqələr sənətçini ruhən yormur ki?

- Yox, mən zövq alıram. Müsabiqəyə İsa Məlikovun təklifi və prodüserim Yalçın Cabbarovun razılığı ilə qatıldım. Yarışmalar imkan verir ki, səsini daha geniş auditoriyaya çatdırasan, yeni ölkə, yeni mədəniyyət və yeni insanlarla tanış olasan.

- Qazax və özbək dilində ifa etdiyiniz “Yoringmane” və “Birge” mahnıları maraqla qarşılanmışdı...

- Bəli, əslində dilləri çətin deyil, yavaş-yavaş danışanda anlamaq olur. Birinci dəfə idi ki, Qazaxıstana gedirdim, amma onları gözəl anlayırdım və söhbət edirdim. Məni çox tanımasalar da, dedilər ki, “Tocame mi amor” mahnısı orada çox məşhurdur.

Yeni tərzdə oxuduğum “Sarı gəlin” Özbəkistan, Qazaxıstan, Özbəkistan radiolarında səslənir. Bu mahnını çox bəyənirlər. Ümumiyyətlə, bizim musiqiyə başqa bir hissiyyatımız var, boğazlarımız, ifa tərzimiz başqadır. Onlarda ruslaşmış və avropalaşmış musiqi tərzi formalaşıb. Biz musiqidə öz milliliyimizi qoruyub saxlamağa çalışmışıq. Onlar özləri də deyir ki, sizin kosmik musiqiniz var.

“İpək Yolu Ulduz”u müsabiqəsində 1-ci yeri Qazaxıstan, 2-yeri Qırğızıstan, 3-cü yeri Azərbaycan, yəni mən tutmuşdum. Türkiyədən isə Fulin adlı iştirakçı 8-ci olmuşdu. Nədənsə bu layihədə türk xanımını Azərbaycana gətirib fəxrimiz kimi təqdim etmişdilər. Bu, mənə çox pis təsir etmişdi.

3-cü yeri mən tutduğum halda televiziyalarımız o qızı bəh-bəhlə efirlərə qonaq çağırırlar. Mən Bakıya gələndə heç kəsin nə xəbəri oldu, nə də təbrik edən tapıldı. Ağlamıram, şikayətlənmirəm də, lazımlı insanlar xəbər tutmuşdu. Sadəcə özünə qarşı bu cür laqeyd münasibət görəndə istər-istəməz təəssüflənirsən. Milçək də bir şey deyil, amma könül bulandırır. Televiziyalarımız və jurnalistlər belə nüanslara diqqət etsələr, daha yaxşı və daha ədalətli olar. Ən azından ona görə ki, ölkəmiz üçün çalışmışam.

- “Eurovision” beynəlxalq mahnı müsabiqəsinin Azərbaycanda olan seçim turlarında bir neçə dəfə iştirak etmisiniz.

- Maşallah düz 3 dəfə seçim turlarında olmuşam, birinciyə özüm qatılmışdım, ikinci və üçüncü dəfə özləri dəvət etmişdilər. Dəqiq bilsəm ki, ölkəmi təmsil etmək üçün mən seçilmişəm, onda böyük məmnuniyyətlə, canla-başla razı olaram. Bilirəm ki, Azərbaycanı layiqli şəkildə təmsil etməyə qadirəm. Düzünü desəm, daha seçim turlarına qatılmaq istəmirəm. Çünki sənətim göz qabağındadır, istedadıma bələddirlər. Seçim mərhələsində olan insanlar da bilirlər ki, qabımda nə var, nə yox.

- “O Səs Türkiyə” haqqında nə fikirləşirsiniz?

- Qazaxıstanda olanda Acun mediadan məktub gəlmişdi, yarışmaya dəvət etmişdilər. “İpək Yolu Ulduz” müsabiqəsində olduğumdan gedə bilmədim. “Səs Azərbaycan”dan sonra “O Səs Türkiyə”yə qatılmağın yersiz olduğunu düşünürəm. Artıq burada müəyyən qədər tanınıram, layihələrim var.

Hər il Yurmalada təşkil olunan “Yeni Dalğa” (Новая волна) müsabiqəsi mənim üçün daha çox maraqlıdır. Bu müsabiqədə iştirak etməyi çox istərdim. Onlardan cavab gözləyirəm.

- Uğur olsun! İnanıram ki, müsbət cavab gələr. Müsahibə üçün minnətdaram. Sizinlə söhbət etmək xoş idi.

- Təşəkkür edirəm, qarşılıqlıdır.

Aytən,

Foto: Səfiyar Məcnun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm