Art
Kinorejissor Tofiq Tağızadə anadan olmasının 100-cü ildönümündə anıldı
Fevralın 7-də – Azərbaycan kino sənətinin inkişafında böyük xidmətləri olan rejissor, Xalq artisti Tofiq Tağızadənin (1919-1998) anadan olmasının 100-cü ildönümündə kino ictimaiyyətinin nümayəndələri II Fəxri xiyabana gələrək sənətkarın məzarını ziyarət etdilər. Məzar önünə tər çiçək dəstələri qoyuldu, görkəmli kino xadiminin xatirəsi ehtiramla yad olundu.
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova Tofiq Tağızadənin 100 illiyi ilə bağlı Prezident İlham Əliyevin sərəncam imzaladığını diqqətə çatdırdı. Vurğuladı ki, il ərzində yubiley geniş şəkildə, müxtəlif tədbirlərlə qeyd olunacaq.
Şəfiqə Məmmədova sənətkarın həyat və yaradıcılığından söz açaraq bildirdi ki, Tofiq Tağızadə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinorejissorluq fakültəsini bitirdikdən sonra “Azərbaycanfilm” Kinostudiyasında fəaliyyətə başlayıb, quruluş verdiyi ekran əsərləri ilə milli kino tariximizi zənginləşdirib. Ömrünün 40 ildən çox dövrünü kinoda keçirən Tofiq Tağızadə çəkdiyi bütün filmlərdə özünü professional rejissor kimi təsdiq edib.
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının direktoru Müşfiq Hətəmov qeyd etdi ki, Tofiq Tağızadə dünya kinematoqrafiyasının mütərəqqi təcrübəsindən yaradıcı şəkildə bəhrələnərək özünəməxsus dəst-xətti ilə Azərbaycan kino sənətinə mühüm yeniliklər gətirib. Onun filmlərinin hər birinin öz maraqlı süjeti var, rejissorun mövzulara özünəməxsus yanaşma tərzi isə milli kinoya yeni üslub və nəfəs gətirib.
Direktor onu da bildirdi ki, kinostudiyada çalışmış görkəmli sənətkarların yaradıcılıq otaqlarının açılması istiqamətində iş aparılır: “Vaxtilə çalışdıqları otaqlara onların adı veriləcək, orada onlara məxsus əşyalar qoyulacaq. Ötən il Rasim Ocaqovun adına belə bir otaq yaradılmışdı. Yaxın vaxtlarda Tofiq Tağızadənin də yaradıcılıq otağı açılacaq”.
Xalq artistləri – kinorejissorlar Eldar Quliyev, Oqtay Mirqasımov, aktyor, rejissor Əbdül Mahmudov və başqaları çıxış edərək Tofiq Tağızadə ilə bağlı xatirələrini bölüşdülər. Qeyd olundu ki, sənətkarın yüksək estetik meyarlarla xalqımızın mədəni, mənəvi irsini canlandıran və müasirlərinin həyatını dolğun əks etdirən rəngarəng mövzulu silsilə ekran əsərləri, o cümlədən “Uzaq sahillərdə”, “Arşın mal alan” (1965), “Yeddi oğul istərəm”, “Dədə Qorqud” kimi filmləri Azərbaycan kinosunun qızıl fonduna daxil olmuş parlaq sənət nümunələridir. Tofiq Tağızadənin respublikada kino işinin təşkili və kadr hazırlığı sahəsində də təqdirəlayiq xidmətləri var.
Sonda çıxış edən rejissorun qızı – Xalq artisti İranə Tağızadə atasının xatirəsinə göstərilən yüksək ehtirama görə minnətdarlığını bildirdi.
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var