"Arazın o tayında" hara yoxa çıxdı? - İNANILMAZ FAKTLAR (VİDEO)
Bizi izləyin

Art

"Arazın o tayında" hara yoxa çıxdı? - İNANILMAZ FAKTLAR (VİDEO)

Rəşid Behbudov fondunun baş direktoru Kamil Şahverdi Cahangir Cahangirovun "Arazın o tayında" simfonik poemasının hazırki taleyinə diqqət çəkib.

Publika.az xəbər verir ki, Kamil Şahverdi sözügedən poemanın lent yazısının kimlərsə tərəfindən qəsdən silindiyini iddia edib.

Həyat yoldaşı, Rəşid Behbudovun qızı ilə "Arazın o tayında" əsərini tapmağa çalışsa da, buna nail ola bilmədiklərini qeyd edib: "Biz Rəşidə xanımla​ Bəstəkarlar İttifaqının üzvü deyilik. Amma bu vacib hadisəni diqqətlə izləməyə çalışırıq. Görkəmli bəstəkarımız Cahangir Cahangirov 1949-cu ildə, 28 yaşında özünün həm peşəkarlıq, həm ideya, həm mövzu, həm də tarixi mahiyyəti baxımından möhtəşəm bir əsəri - "Arazın o tayında" simfonik poeması üzərində işi başa çatdırır. Əsər elə həmin il, 1949-cu ildə ilk dəfə Bakıda ifa olunur. Maestro Niyazinin quruluşunda və drijorluğu ilə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri Cahangir Cahangirovun "Arazın o tayında" simfonik poemasını Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında böyük uğurla ifa edir. Zəmanəmizin böyük bəstəkarı Dmitri Şostakoviç xüsusi olaraq bu əsəri dinləmək üçün Bakıya gəlir. Videoda gördüyünüz kimi filarmoniyanın zalında Şostakoviç, gənc bəstəkarlarımız Cövdət Hacıyev, Fikrət Əmirov və başqa sənətkarlar dövlət rəsmiləri ilə əsərin ilk ifasını dinləyir. Möhtəşəm premyeradan sonra Cahangir Cahangirovun "Arazın o tayında" simfonik poeması böyük uğurla Moskva və Leninqradda (indiki Sankt-Peterburq) Niyazinin rəhbərliyi ilə ifa olunur. 1950-ci ildə Cahangir Cahangirov 29 yaşında bu əsərə görə Stalin mükafatına (sonradan SSRİ dövlət mükafatı) layiq görülür. SSRİ Ümumittifaq Radiosu bu əsəri "Qızıl Fond" üçün lentə almağı sifariş edir. Əsər uğurla lentə alınır. Surəti Azərbaycan Dövlət Radiosunun fonduna​ təqdim olunur".

Kamil Şahverdi qeyd edib ki, qısa müddətdən sonra Cahangir Cahangirovun "Arazın o tayında" simfonik poeması qadağan olunur: "Əsər SSRİ məkanında repertuarlardan silinir və ifası qadağan edilir. Bu azmış kimi bəstəkar Cahangir Cahangirov arzuolunmaz müəllif elan olunur. Beş il yaradıcılığı yasaqlanan Cahangir Cahangirov faktiki olaraq Azərbaycanda ilk dissident bəstəkar hesab olunur. "Arazın o tayında" simfonik poemasına görə aldığı yüksək dövlət mükafatlarına baxmayaraq əsərini Güney Azərbaycanın milli azadlıq hərəkatına həsr etdiyinə görə bəstəkar çox ciddi təqiblərə və məhrumiyyətlərə məruz qalır...2005-ci ilə qədər bu əsər Azərbaycan Dövlət Radiosunun fonotekasında qorunurdu. Dəfələrlə əsəri dinləmək şərəfi Rəşidə xanımla bizə nəsib olmuşdu. Bir neçə il bundan əvvəl bu möhtəşəm tarixi əsəri çap etmək qərarına gəldik. Lakin əsərin lent yazısını tapa bilmədik. Azərbaycanın bütün arxivlərinı ələk-vələk etsək də, istəyimizə nail ola bilmədik. Kimlərsə Bütov Azərbaycan tarixinin ən şanlı səhifəsinə həsr olunmuş ölməz əsərin yerli-dibli yox edilməsinə nail olmuşdu. Ən dəhşətlisi odur ki, bu hadisə müstəqilliyimiz dövründə baş verir. Bir daha xatırladım ki, 2005-ci ilə qədər "Arazın o tayında" əsəri Dövlət Radiosunun fondunda qorunmaqda idi və dəfələrlə onu dinləmişdik...Hazırda əldə etdiyimiz kinolentdən yeganə fraqmenti sizə təqdim edirik. "Arazın o tayında" simfonik poemasının finalından bir hissə...Uzun-uzadı yazmaqda məqsədimiz Azərbaycan Bəstəkarlar İttifaqının qurultayında musiqi, mədəniyyət tariximizin problemlərini həll etməyə, milli varlığımızın qorunmasına hesablanmış əsas amillərin qabardılmasına nail olmaqdır..."

Oxumağa davam et
Reklam
Reklam

Gündəm