Səməndər Rzayevin 75 illik yubileyi qeyd edildi - FOTO
Bizi izləyin

Art

Səməndər Rzayevin 75 illik yubileyi qeyd edildi - FOTO

Dünən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Səməndər Rzayevin 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Publika.az xəbər verir ki, yubiley gecəsində aktyorun qızı Rübabə Rzayeva, nəvələri, Mədəniyyət naziri Əbülfəs Qarayev, sənət dostları - Xalq artisti Hacı İsmayılov, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri, Xalq artisti Azərpaşa Nemətov, kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə, Xalq artisti Səidə Quliyeva və başqaları iştirak edib.

Səməndər Rzayeva həsr olunan “Dəli yığıncağı” tamaşası nümayiş olunmazdan əvvəl sənət dostları aktyorun Azərbaycan teatr və kino sənətinə töhfələrindən danışıb. Hacı İsmayılov bildirib ki, Azərbaycan kino və teatr sənətini, hətta radio və televiziyasını Səməndər Rzayev olmadan təsəvvür etmək mümkün deyil:

“Səməndər Rzayev Azərbaycan mədəniyyətinin görkəmli, unudulmaz aktyorudur. Onun 75 illik yubileyinə həsr olunmuş tədbir sözün əsl mənasında böyük mədəniyyət təntənəsidir. Səməndər quşu ilə bağlı əfsanələr var, hansı ki, odlarda yansa da, heç vaxt ölmür. Odlarda və alovlarda yanmaq onun yaşamaq yanğısıdır. Bax Səməndər Rzayev də belə bir aktyor idi. Adını atası, taleyini isə Tanrı yazmışdı. Tanrı yazmışdı ki, o, aktyor olmalıdır. O, sənət yolunda özünü oda atmalıdır. Səməndər Rzayev cəmi 41 il ömür sürdü, amma 41 ildə gördüyü işlərin miqyası genişdir. Ölümsüzlük aktyorlara verilən böyük istedaddır. Səməndər Rzayev belə bir istedada malik idi. Onun oynadığı rollar hər bir aktyora nəsib olan xoşbəxtlik deyil. Səməndərin ömrü qısa olsa da, yaratdığı obrazların ömrü çox uzun olub, o, dünən də var idi, bu gün də var, sabah da olacaq.

Aktyor həm də gözəl ailə başçısı idi. Onun iki övladı var, Rəşid və Rübabə. Səməndər Rzayev Rəşid Behbudovu və Rübabə Muradovanı sevdiyi üçün övladlarına onların adını qoymuşdu”.

Aktyorun qızı Rübabə Rzayeva atasını çox erkən yaşlarda itirdiyini deyib:

“İlk növbədə əlbəttə ki, tədbirin təşkilatçılarına təşəkkür edirəm. Sağ olsunlar, atamı yaddan çıxarmırlar. Səməndər Rzayev 30 ildir dünyadan köçməsinə baxmayaraq, hələ də yaddaşlarda yaşayır və sevilir, bu gün hər kəs onun işığına toplaşıb. Həqiqətən də böyük xoşbəxtlikdir ki, atamın xatirəsi yaddaşlarda əziz tutulur. Hesab edirəm ki, bir atanın övladına qoyub getdiyi bundan dəyərli mirası ola bilməz. Sənət adamları xatırlandıqca yaşayır. Atam dünyadan köçəndə çox kiçik idim, 11 yaşım var idi. Bütün uşaqlar kimi atam mənim üçün də dünyanın ən qayğıkeş, ən mehriban insanı idi. Atamın həssas və diqqətcil insan olduğunu yaxınları və dostları da həmişə təsdiq edir”.

Kinoşünas Aydın Kazımzadə isə bildirib ki, Səməndər Rzayev başqa aktyorlardan fərqli olaraq kinoya gələndə, rolda yox, dublyajda parlayıb:

“Dublyajda parladıqdan sonra kinostudiyada onun adını “kral aktyor” qoydular. Onun “Kral Lir”də baş rolu səsləndirdiyi film Moskvaya müsabiqəyə göndərilmişdi. Səməndərin dublyajı münsiflər heyətini çox təəccübləndirmişdi, inana bilmirdilər ki, bu dublyajı yaşlı bir aktyor yox, cavan oğlan edib”.

Sonda Cəlil Məmmədquluzadənin pyesi əsasında səhnələşdirilən “Dəli yığıncağı”nda Fazil Küleyli obrazını ustalıqla yaradan aktyorun xatirəsinə eyniadlı tamaşa nümayiş olunub.

Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluşçu rejissoru olduğu “Dəli yığıncağı” tamaşasının bəstəkarı Xalq artisti Siyavuş Kərimi, Xalq rəssamı Nazim Bəykişiyev, növbətçi rejissor Mehman Fətullayev, işıq üzrə rəssam Rafael Həsənov, rejissor assistenti Nərmin Həsənovadır.

Teatrın yeni yaradıcılıq əsərində Xalq artistləri Nurəddin Mehdixanlı (Fazil Küleyni), Əməkdar artistlər Sənubər İsgəndərli (Doktor Lalbyuz), Elşən Rüstəmov (Molla Abbas), Vəfa Rzayeva (Pırpız Sona), Kazım Abdullayev (Hacı Nayib), Elşən Cəbrayılov və aktyor Elnur Qədirov (Formasyon Rüstəm), Vüsal Mustafayev (Sərsəm Salman), Əməkdar artist Aslan Şirin və aktyorlar Rəşad Bəxtiyarov (Həmzat Qurban), İlyas Əhmədov (Cinni Mustafa), Mətləb Abdullayev (Şimrəli, Çavuş), Əməkdar artist Əlvida Cəfərov (Hacı Məmmədəli), aktyor Rüstəm Rüstəmov (Hacı Xudaverdi), Əməkdar artistlər Mirzə Ağabəyli (Hacı Cəfər), Elxan Quliyev (Hacı İslam), Kazım Həsənquliyev (Məşədi Hacı), Xalq artistləri Cəfər Namiq Kamal (Hacı Mədinə), Hacı İsmayılov (Hacı Əbdül Əzim), Rafiq Əzimov (Nəcəfül Əşrəf), Əməkdar artistlər Məzahir Cəlilov (Hacı Bağdad), Əli Nurzadə (Kərbəlayi Türbət), Xalq artisti Əjdər Həmidov (Məkkə Məhəmməd), Əməkdar artistlər Mətanət Atakişiyeva və İradə Həsənova (Məşədi Zeynəb), aktrisalar Firuzə Balayeva (Səkinə), Ləman İmanova, Dilarə Nəzərova, Fəridə Şahbazova çıxış edirlər.

“Dəli yığıncağı” pyesini Cəlil Məmmədquluzadə 1927-ci ildə yazıb. Əsər özünün ideya-məzmun xüsusiyyətləri, hadisələri, obrazları ilə şərti, simvolik xarakterdədir. Əsas ideya dini mövhumat və xurafatın cürətli, kəsərli ifşasıdır.

Aytən Məftun

Foto: Ceyhun Rəhimov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm