Cahangir Qarayevin xatirə gecəsi keçirildi - FOTO
Bizi izləyin

Art

Cahangir Qarayevin xatirə gecəsi keçirildi - FOTO

Dünən Beynəlxalq Muğam Mərkəzində Azərbaycan fortepiano və bəstəkarlıq məktəbinin parlaq nümayəndələrindən biri Cahangir Qarayevin (1950-2013) 70 illiyinə həsr olunmuş konsert proqramı keçirilib.

Publika.az xəbər verir ki, konsertdə Mədəniyyət naziri Əbülfəs Qarayev, tanınmış mədəniyyət və incəsənət xadimləri, dövlət və hökumət rəsmiləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak edib.

C.Qarayevin 70 illik yubileyi münasibətilə keçirilən konsert proqramı başlamazdan əvvəl onun həyat və yaradıcılığı qonaqların diqqətinə çatdırılıb.

Qeyd olunub ki, Azərbaycan fortepiano və bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi olan Cahangir Qarayev Bakıda tibb sahəsinin görkəmli xadimləri Mürsəl Qarayev ilə Böyükxanım Nəzirovanın ailəsində dünyaya göz açıb. Onun musiqiyə gəlişində əmisi Qara Qarayevin böyük təsiri olub.

O, 1968–1973-cü illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında pianoçu-pedaqoq, Mayor Brennerin fortepiano sinfində təhsilini davam etdirib. Təhsil aldığı müddətdə musiqinin müxtəlif janrlarında öz bacarığını nümayiş etdirib. 1973–1975-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında aspiranturada professor Rauf Atakişiyevin sinfində oxuyub, eyni zamanda konservatoriyanın Fortepiano ixtisası kafedrasında pedaqoji fəaliyyətə başlayıb.

C.Qarayev hələ konservatoriyada təhsil aldığı illərdə bəstəkar yaradıcılığına başlayıb. O, "Fortepiano üçün sonata", 12 prelüddən ibarət "Anlar və impulslar", "Neqativlər" adlı fortepiano pyesləri silsilələrinin, prelüdlərin, caz kompozisiyalarının, habelə bir sıra xalq mahnılarına aranjimanların müəllifidir.

Musiqiçi xarici və Azərbaycan bəstəkarlarının fortepiano üçün çoxsaylı müasir üslublu əsərlərinin ilk ifaçısı olub.

Cahangir Qarayev öz proqramlarına geniş diapazona malik əsərlərini daxil edərək fəal konsert fəaliyyəti göstərib. 1973-cü ildə Almatıda keçirilən "Asiya və Afrika ölkələrinin musiqi tribunası", 1975-ci ildə Tbilisidə keçirilən "Zaqafqaziya baharı" festivallarında iştirak edib.

Musiqiçi həm klassik, həm də caz musiqisinə böyük sevgi ilə yanaşıb. Öz təhsilini musiqi klassikasının ən kamil nümunələri əsasında alan C.Qarayev caz sənətini də ciddi surətdə öyrənməyə başlayıb. Onun maraq və axtarışları özünün yaratdığı və rəhbərlik etdiyi “Cürbəcür” qrupunun fəaliyyətində öz əksini tapıb. Böyük rəğbət qazanmış həmin heyətin repertuarına müasir Azərbaycan bəstəkarlarının caz əsərləri daxil idi.

Nəzərə çatdırılıb ki, ötən əsrin 70-80-ci illərində Bakıda həm caz və rok, həm də elektron musiqi sahəsində bir inqilab dövrü başlayıb. Bu dövrdə Bakıda ilk elektron musiqi konsertini də verən C.Qarayev olub. O, həmin dövrdə çətin tapılan elektron musiqi alətlərini əldə etmək üçün hətta müxtəlif eksperimentlər aparıb.

C.Qarayev bəstəkar kimi bədii və cizgi filmlərinə yazdığı musiqilərdə öz potensialını nümayiş etdirə bilib. O, pedaqoji sahədə də uzun müddət çalışıb. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında dərs dediyi tələbələr hazırda İsveç və ABŞ-da onun yolunu davam etdirirlər. Yaradıcılığının son dövrlərində öz eksperimental musiqi layihələrini həyata keçirib.

Daha sonra yubiley tədbiri konsert proqramı ilə davam edib. Proqramda Xalq artistləri Murad Hüseynov, Murad Adıgözəlzadə, Salman Qəmbərov, Əməkdar artist Şəhriyar İmanov, Beynəlxalq müsabiqələr laureatı Fəqan Həsənli və Elbəy Məmmədzadənin ifasında klassik və caz musiqisindən ibarət əsərlər səsləndirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm