“Qarabağ”ın ingilislərlə 8-ci dueli: 10 illik həsrət bitəcək?
Bizi izləyin

İdman

“Qarabağ”ın ingilislərlə 8-ci dueli: 10 illik həsrət bitəcək?

Bu axşam UEFA Çempionlar Liqasının 4-cü turunda “Qarabağ” Bakıda “Çelsi”ni qəbul edəcək. Bu görüş Ağdam klubunun Avropanın ən güclü çempionatı və futbol ölkəsinin təmsilçilərinə qarşı 8-ci oyunu olacaq. İlk baxışda “dumanlı albion” klubları ilə görüşlərin statistikası “köhlən atlar”ın xeyrinə deyil, amma bu duellər Qurban Qurbanovun yetirmələrinin Avropa miqyasında böyüməsində pay sahibi olub.

“Qarabağ” İngiltərə təmsilçilərinə qarşı 7 oyun keçirib. Hamısında rəqib paytaxt Londonun klubları olub. Rəqiblər “Tottenhem”, “Çelsi” və “Arsenal” olub. Ağdam klubunun “mahmızlar”la yolu ötən mövsüm ikinci dəfə kəsişib. “Zadəganlar”la oxşar vəziyyət isə bu il yenidən yaşanır.

Tottenham 3:1 Qarabağ – Since 1951

“Qarabağ” İngiltərə klubları ilə ilk dəfə 2015/16 mövsümündə qarşılaşdı. O vaxt Avropa Liqasının qrup mərhələsində “Tottenhem”lə iki oyun olub. Londonda 1:3 hesablı məğlubiyyətə rəğmən təmsilçimiz azarkeşləri sevindirməyi bacardı. Çünki “Qarabağ” böyük büdcəli rəqibə qarşı açıq futbol oynamağa cəsarət etdi. Hətta görüşdəki ilk qol Ağdam klubundan gəlmişdi. Riçard Almeyda 11 metrlik cərimə zərbəsindən “Tottenhem”i məyus etmişdi.

Bakıdakı cavab oyununda isə hesab ingilislərin xeyrinə olsa da (0:1), “Qarabağ” matçın böyük hissəsində topa daha çox nəzarət etməklə diqqət mərkəzinə düşdü. Bu, Qurban Qurbanovun komandasının böyük rəqiblərlə qorxmadan oynamağa başladığının ilk siqnalları idi.

Qarabag vs Tottenham: Europa League Group Stage - Irish Mirror Online

İki il sonra “Qarabağ” artıq Çempionlar Liqasının qrup mərhələsində idi. Bu dəfə rəqib London başqa bir nəhəngi “Çelsi” idi. Antonio Kontenin komandasına qarşı “Stemford Bric”də baş tutan ilk oyun 0:6 hesabı ilə bitdi. Bu nəticə “Qarabağ” üçün turnir səviyyəsinin və ritminin fərqini göstərən dərs idi.

Bakıdakı görüşdə Ağdam klubu yenə uduzdu (0:4), amma həmin oyunda komandamız rəqibindən qorxmadı və hətta qol vurmaq üçün fürsətlər qazandı. Rəşad Sadıqovun qırmızı vərəqə almasından sonra azlıqda qalan komanda ardıcıl hücumlara tab gətirə bilmədi. Amma İngiltərə nəhəngi ilə görüşlər təcrübə qazancı kimi dəyərləndirildi.

2018-ci ildə “Qarabağ” yenidən Avropa Liqasının qrupunda London klubuna rəqib oldu. Bu dəfə təmsilçimiz “Arsenal”la eyni qrupda idi. Bakıdakı oyun (0:3) nəticə baxımından uğursuz olsa da, “köhlən atlar” kombinasiyalı futbol oynayır, zəif komanda təsiri bağışlamırdı.

Londonda isə hesab 0:1 oldu. Qurbanovun komandası səfərdə adlı-sanlı “Arsenal”dan çəkinmədi.

Son görüş isə 2024-cü ilin sentyabrında oldu, “Qarabağ”ın yolu yenə İngiltərə paytaxtına düşdü. Bu dəfə rəqib köhnə tanış “Tottenhem” oldu. Bu matda təmsilçimiz 0:3 hesabı ilə məğlub olsa da, rəqibi ilə başabaş mübarizə apardı. Futbolçularımız çoxsaylı qol fürsətlərindən yararlana bilmədi. Hücum baxımından bu, əvvəlki illərlə müqayisədə ən fəal oyun idi.

Toral Bayramov's first failure - İdman və Biz

İndiyədək “Qarabağ” İngiltərə klublarına qarşı keçirdiyi 7 oyunun heç birində rəqiblərinə bata bilməyib - 7 məğlubiyyət. Top fərqində “dumanlı albion” təmsilçisilərinin aşkar üstünlüyü var - 1:21. Yeganə qolu yuxarıda qeyd etdiyimiz kimi Riçard Almeyda vurub. Bu o deməkdir ki, “Qarabağ” 10 ildir İngiltərə klublarını məyus edə bilmir. Bu mövsüm rəqiblərinin qapısına qol vurmaqda çətinlik çəkməyən təmsilçimizin uğursuz seriyaya son qoyacağını gözləmək olar.

Qeyd edilən rəqəmlərin arxasında təkcə nəticələr yox, həm də illər ərzində Avropa səviyyəsində formalaşan bir komanda dayanır. Bu gün Bakıda “Çelsi”yə qarşı oyun həmin hekayənin yeni səhifəsi olacaq. Rəqib yenə Premyer Liqa nəhəngidir. Bu dəfə “zadəganlar”ın qarşısında debütant deyil, illərdir uğurları ilə özünü Avropaya tanıdan, hər kəsin sevimlisinə çevrilən “Qarabağ” olacaq.

Ağdam təmsilçisi bu mövsüm daha bir İngiltərə nəhəngi ilə üz-üzə gələcək. Bu dəfə rəqib London klubu deyil, “Liverpul” olacaq. Həmin qarşılaşma isə gələn il - sonuncu turda baş tutacaq.

“Qarabağ”ın İngiltərə klubları ilə duelləri
17.09.2015 London, AL: Tottenhem - Qarabağ 3:1
26.11.2015 Bakı, AL: Qarabağ - Tottenhem 0:1
12.09.2017 London, ÇL: Çelsi - Qarabağ 6:0
22.11.2017 Bakı, ÇL: Qarabağ - Çelsi 0:4
04.10.2018 Bakı, AL: Qarabağ - Arsenal 0:3
13.12.2018 London, AL: Arsenal - Qarabağ 1:0
26.09.2024 London, AL: Tottenhem - Qarabağ 3:0

Heybət Məmmədov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm