Azərbaycanda İLK: Şəhid Xudayarın xatirəsinə "pullar" hazırlanacaq - REPORTAJ
Bizi izləyin

Art

Azərbaycanda İLK: Şəhid Xudayarın xatirəsinə "pullar" hazırlanacaq - REPORTAJ

Budəfəki həmsöhbətimizin zəngin kolleksiyası var. O qədər zəngindir ki, kolleksiyasında 100-150 illik kağız və dəmir pullara, istiqrazlara, qiymətli kağızlara rast gəlmək olur. Hətta Azərbaycan Mərkəzi bankının yeni dizaynda dövriyyəyə buraxdığı 1, 5 və 50 manatlıq əsginasların da ilk seriyalarını bu kolleksiyada görmək mümkündür.

Əsasən Çarlıq və sovetlər dövrünün kağız və dəmir nominallarını toplayır. Son dövrlərdə daha doğrusu, 2-3 ildə kolleksiya və kolleksiyaçılar üçün nəzərdə tutulan fantastik pullarla gündəmə gəlir. Dediyinə görə, həmin pulların dizayeneri də rəssamı da özüdür.

Publika.az-ın bu yazıdakı qəhrəmanı kolleksiyaçı Çingiz Həziyevdir. Onu insanlar son günlər özünün “Collectors TV” youtube kanalında “dqr”in buraxdığı sinvolik “pulları” yandırması ilə daha yaxından tanıdı. Çingiz Həziyev həmin hadisəni belə izah edir: “Artıq “dqr” adlı qondarma qurum yoxdur. Şanlı ordumuz düşmənin başını əzdi və erməni vandal separatçılarını Qarabağımızdan təmizlədi. Onlar özləri kimi qondarma pullar buraxırdılar. Mən də həmin pulları tapdıqca yandırıram. Birdəfəlik silirəm. Bundan sonra da separatçıların qondarma pullarını yandırmağa davam edəcəyəm, sonuncu “pul” qalana qədər...”.

İlk milli fantastik pullar...

Çingiz Həziyev həm peşəkar illuziyaçıdır, həm də ikinci sənət kimi rəssamlıqla məşğul olur. Pul kolleksiyası isə dediyinə görə, artıq həyatının bir parçasına çevrilib. 2018-ci ildən başlayaraq Azərbaycanda kolleksiya aləminə rəng qatmaq üçün bir sıra addımlar atıb: “2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan Ordusunun 100 illiyi ilə əlaqədar olaraq bu seriyadan olan ilk fantastik pulları buraxdım. Bu pullar qiymətli kağız deyil, təbii ki, dövriyyə üçün nəzərdə tutulmayıb. Sadəcə kolleksiyaçılar üçündür. Üzərinə də elə bu cür yazılır. Məhəmməd Əmin Rəsulzadə, Səməd bəy Mehmandarov, Üzeyir Hacıbəyov və başqa cümhuriyyət fədailəri ilə bağlı pullar hazırladıq. Kolleksiyaçı dostlarımız arasında maraqla qarşılandı. Sonrakı mərhələdə Şah İsmayıl Xətai, Mübariz İbrahimov, Kərim Kərimov, Lütfi-Zadə kimi tarixi şəxsiyyətlərə, “Leyli və Məcnun”, “Sarı Gəlin” kimi bizim musiqi, sənət incimizə həsr olunmuş fantastik pulları da hazırladıq”.

İlk milli fantastik pulların müəllifi bir daha xatırladır ki, bu pullar satış üçün nəzərdə tutulmayıb. Onun sözlərinə görə, əlli manatlıq əsginasın üzərində şəhid Mübariz İbrahimovun şəkili və onun keçdiyi döyüş yolu öz əksini tapıb:

"Pulun ön və arxasında mənim imzam, eyni zamanda, ordumuzun gerbi, müasir Azərbaycanın xəritəsi burada həkk edilib. 250 manatda cümhuriyyət dövründə hərb naziri Səməd bəy Mehmandarova həsr olunub. Pulun arxasında cümhuriyyət dövründəki xəritəmizi vermişəm. Eyni zamanda, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanova həsr olunmuş pul da hazırlamışam. Cümhuriyyət qurucuları ilə hazırladığım pulları həmin dövrün əsginaslarına oxşatmağa çalışmışam”.

Üzeyir Hacıbəyova həsr olunan pulun üzərində onun Azərbaycan musiqisi qarşısındakı xidmətləri öz əksini tapıb. “Leyli və Məcnun” operasından, himnimizdən müəyyən fraqmentlər yer alıb. “200 manat”lıq fantastik nominalda təkcə Üzeyir Hacıbəyov yox, həm də Lütfi-Zadəyə yer ayrılıb. “50 manatlıq”da isə Mübariz İbrahimov, “250 manat”lıqda hərbiyyə naziri general Səməd bəy Mehmandarov əks olunub.

İrəvan pullarında türk izi...

Həmsöhbətim deyir ki, onun kolleksiyasının əsas hissəsini Çar Rusiyası və onun dağılmasından sonra yaranan xırda dövlətlərin dövriyyəyə buraxdığı pullar üstünlük təşkil edir. Qalın bir monet albumunu çıxarır və stolun üzərinə qoyur. Vərəqləməyə başlayır. Söyləyir ki, dövriyyədə olub saz vəziyyətdə qalan bu dövrə aid pullarn hazırkı kolleksiya bazarındakı dəyəri çox bahadır. Hətta 80-100 manatdan 1500-2000 manata qədər dəyişir: “Kolleksiyaçılar 1917-1920-ci illər arasındakı zaman kəsiyini qızıl dövr adlandırırlar. Çünki bu dövrdə buraxılan pullar çox geniş coğrafiyanı və şəhərləri əhatə edir. Çar Rusiyası dağılandan sonra hər şəhər öz pullarını, bonlarını buraxmağa başladı. Bakıda, Tiflisdə, Batumda, Çeçenistanın şəhərlərində, Orta Asiyanın şəhərlərində yeni pullar dövriyyəyə çıxdı. Hətta kommerisiya şirkətlərindən biri o vaxt Gədəbəydə də öz pullarını buraxmışdı. Türkistanda da hər iri şəhərdə pullar dövriyyəyə çıxmışdı. Hər şəhər öz pulunu buraxırdı. Hətta İrəvandakı daşnaklar da çarlıq dövründən sonra öz pullarını buraxmağa başlamışdılar”.

Çingiz Həziyev İrəvanda buraxılan pullardan birini göstərir. 1918-ci ildə buraxılan pulun üzərində əski əlifba ilə Azərbaycan türkçəsində də yazı qeyd olunub: “Bu pulun üzərindəki yazı da göstərir ki, 100 il əvvəl İrəvanda türklər yaşayıb. Hətta bunu daşnaklar da buraxdıqları pulla təsdiq ediblər. Amma indi yalandan deyirlər ki, İrəvan ta qədimlərdən erməni şəhəri olub. Bu pulla özləri özlərini təkzib edirlər”.

Yüz il əvvəlki pulların kolleksiya bazarında indiki dəyəri...

Çingiz Həziyev söyləyir ki, 1917-1920-ci illərdə buraxılan pulların dəyəri nominalın vəziyyətinə görə dəyişir. Tarixi əhəmiyyətdən başqa heç bir maddi dəyəri olmayan bu pullar kolleksiya bazarında əməlli-başlı dəyərə minib: “Bu Buxarada buraxılan puldur. Buxara həmin dövrdə öz pulunu buraxırdı. Görün necə keyfiyyətlidir. Elə bil dəridən hazırlanıb. İndiki pullar heç bu qədər keyfiyyətli deyil. Hazırda bunun dəyəri 100 manatdan başlayır. İdeal vəziyyətdə olarsa, daha da baha ola bilər. Məsələn, cümhuriyyətdən əvəlki Bakı bonunun qiyməti indi 1000 dollardır. O dövrdə kağız qəpiklər də buraxılıb. Nadir nüsxələr olanda qiymətləri 80-100 manat arasında dəyişir. İdeal və ideala yaxın vəziyyətdə olanda isə daha bahadır”.

Azərbaycanda ilk onlayn auksion...

Kolleksiyaçı son günlərdə Azərbaycanda ilk dəfə onun tərəfindən təşkil olunan onlayn auksiondan da danışır. Çingiz Həziyev bildirir ki, bu auksionun təşkili kolleksiya mühitində rəngarənglik yaratmağa hesablanıb: “Burada qazanc məqsədi güdülmür. Çalışırıq ki, mühitdə bir canlanma, rəngarənglik olsun. Bu işi youtube üzərindən gerçəkləşdiririk. Maraqla qarşılanır. Qədim pullara simvolik qiymətlər qoyulur və həmin pullar haqqında maraqlı məlumatlar verirlir”.

Koronavirus pulu?

Kolleksiyanın arasında bir pul öz rəngarəngliyi ilə diqqət çəkir. Əlimizə alıb baxırıq. Üzərində vaksinasiya, şpris, Uhan şəhərindən görüntülər, ağzı tibbi maskalı qız, Ümumdünya Səhiyyə Təşkilatının gerbi və digər elementlər əks olunub. Çingiz müəllim deyir ki, bu pullar da “for collection”dur. Yəni, kolleksiyaçılar üçün nəzərdə tutulub: “Müəllifi olduğum bütün pulların üzərinə “for collection”, “Kolleksiya üçün” sözləri yazılır. Bu pulu “20” manatlıq nominal üzərində düşündüm. Virus da 2020-ci ildə bütün dünyaya yayıldı. Bu illərdən bir xatirə qalsın deyə, çap etdirdik. Maraqla qarşılandı. Hətta kolleksiyaçılar özləri bir seriya seçib onu məndən əldə etmək istədiklərini söyləyirlər. Azərbaycandakı kolleksiya mühitini rəngarəng etməyə çalışırıq. Koronavirusa həsr olunan pul 100 nüsxə hazırlanıb”.

Həmsöhbətim əlində tutduğu pulu göstərib deyir ki, bu biri pul isə Lütfi-Zadəyə 200 manatlıq fantastik nominal həsr olunub: “O, Berkli universitetinin tarixində yeganə daimi professordur. Bu haqda universitetin qərarı olduğu kimi pulun üzərində verilib. Kosmonovatika generalı Kərim Kərimova həsr etdiyimiz fantaziya pulunda isə o dövrün generallarının Kərim Kərimova hərbi salam vermələri və inunla bağlı digər maraqlı məlumatlar yer alıb”.

Kolleksiyanın dəyəri...

Çingiz müəllimdən kolleksiyasının dəyərini soruşuruq. Qiymət qoymaqda çətinlik çəkir: “Kolleksiyamı satmaq fikrim yoxdur, hər dəfə evə yorğun gələndə bunlara baxıram, ruhum sakitləşir. Elə bir dəyəri var ki, çox fantastikdir. Ona görə də qiymətini açıqlamaq istəmirəm. Burada elə pullar var ki, Azərbaycanda 3-4 nəfərdə var. Elə nominallar var ki, çox nadir tapılır. Bu kolleksiyanı toplamaqda məqsədim gələcəkdə muzey açmaqdır. Kolleksiya muzeyi açıb işi daha da böyütmək istəyirəm”.

“Şuşa”, “Qələbə” və Xudayar Yusifzadə...

Çingiz müəllim növbəti seansda hazırlayacağı pullar barədə də ilk dəfə bizə məlumat verdiyini dilə gətirir. Söyləyir ki, budəfəki buraxılış, daha doğrusu, 2021-ci ilin ilk buraxılışı Azərbaycan Ordusunun şanlı qələbəsinə həsr olunub: “Budəfəki buraxılışımızın mövzusu “Şuşa”, “Qələbə” və hamının qəlbində “Vətən yaxşıdır” təsnifi ilə taxt quran şəhid Xudayar Yusifzadəyə həsr olunacaq. Xudayar Yusifzadəyə həsr edəcəyim fantastik pul anamın xahişidir. Onun oxuduğu təsnifi çox sevir. Şuşaya həsr olunan fantastik pulda Şuşanın Azərbaycan tarixindəki yeri, önəmi əks olunacaq. Bir də maraqlı qələbə kampazisiyası fikirləşirəm. Çox vaxt aparan işdir. Hər millimetri ölçüb-biçirsən. Elə eləməlisən ki, kampazisiyalar bir-birini tamamlasın”.

Çingiz Həziyev söyləyir ki, bütün pulların üzərində "Azərbaycan Numizmatika Banı" ifadəsi də yer alır. Amma bu ifadənin özü də xəyalidir, öz fantaziyasıdır. Yəni, Azərbaycanda belə bir bank yoxdur.

Sonda Çingiz müəllim Koronavirus pandemiyasına həsr olunmuş “20 manat”lıq fantastik nominalı bizə hədiyyə edir və deyir ki, təkcə kolleksiyalar üçün deyil, həm də bu pullar hədiyyə üçündür...

Tural Turan

Fotolar: Pərviz Həşimi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm