Art
Heydər Əliyev Fikrət Qocanı xilas elədi, o isə həmişə... - MÜSAHİBƏ
Bu gün Xalq şairi Fikrət Qoca 85 yaşında dünyasını dəyişdi. Onun ən yaxın dostlarından və qələm yoldaşlarından olan Xalq şairi Nəriman Həsənzadə ilə Fikrət Qoca haqqında söhbətləşdik. Tələbə yoldaşı olublar. Onları bir-birinə 65-70 ilin dostluğu bağlayıb.
Dostu Fikrət Qocanın ölüm xəbərindən sarsılan Xalq şairi Nəriman Həsənzadənin Publika.az-a müsahibəsini təqdim edirik:
- Nəriman müəllim, Fikrət Qocanın dünyasını dəyişməsi xəbərini nə zaman eşitdiniz?
- Xəbərim yox idi. Evdə eşitdim. Biz Fikrətlə tələbə yoldaşı olmuşuq. Fikrət Qoca çox yüksək mənəviyyatı olan adam idi. O, Azərbaycanın böyük şairidir. İndi elə durumdayam ki... Onun ölümü məni də çaşdırıb. Böyük ürəyi, mənəviyyatı olan bir insan idi. Biz onunla uzun illər tələbəlik dostu olmuşuq. Çox, çox yaxşı insan idi. Azərbaycan Yazıçılar Birliyindəki katiblərdən də, yazıçılardan da soruşa bilərsiniz. Hər kəs onun haqqında çox yüksək fikirdədir. Fikrət həmişə mehriban olub. Necə şairdirsə, qələm dostları ilə də o cür yoldaşlıq, qardaşlıq eləyib. Bu vaxta qədər heç kəs Fikrətdən narazılıq eləməyib, bir sözlə, əvəzsiz insan idi. Xəbəri eşidəndən hələ də özümə gələ bilmirəm.
- Fikrət Qoca ilə hansı xatirələriniz var? İndi, bu dəqiqə onlardan hansıları yadınıza düşür?
- Biz onunla Maksim Qorki adına Ədəbiyyat İnstitutunda bir yerdə oxumuşuq. Mən yuxarı kursda idim, o, aşağı kursda təhsil alırdı. Daha sonralar bir yerdə “Gənclər” qəzetində işləmişik. Sonra Azərbaycan Yazıçılar Birliyində bir yerdə işləməyə başladıq. Mən Ağsaqqallar Şurasının sədri idim. O, birinci katib kimi çalışırdı. Vəzifədən də əlavə, həmişə görüşürdük. Tez-tez bir-birimizin halını xəbər alırdıq. Qələm dostu idik. Demək olar ki, eyni vaxtlarda ədəbiyyata gəlmişik. Onunla bağlı xatirələr çoxdur. Hər görüş elə bir xatirədir. Ədəbiyyata təzə gələn vaxtlarda həmişə Rəsul Rzanın təşkil etdiyi şeir gecələrində iştirak edirdik. Həmin şeir gecələri Mirzə Ələkbər Sabirin heykəlinin yanında keçirilirdi. Ondan sonra həmin poeziya günləri Şamaxıda keçirilməyə başlandı. Həmin günlər indi yadıma düşür. Gözəl günlər var idi. Yazıçılar bir-biri ilə çox yaxın idi. Bizi o görüşlərə həmişə ulu öndərimiz, rəhmətlik Heydər Əliyev aparırdı. Pandemiya gəlib bütün insanları bədbəxt elədi.
- Elə pandemiyaya görə sizin də, onun da yubileyi keçirilmədi...
- Hə, pandemiya hər şeyi alt-üst etdi. Fikrətin itkisi çox ağırdır. Böyük bir şairi itirmişik. Böyük şairi, böyük insanı itirmək ağırdır. Onu şəxsən tanıyanlar Fikrətə ancaq heyranlığını bildirə bilərdi. Gözəl ailə sahibi, gözəl dost, gözəl ata idi. O, əvəzsiz bir insan idi. Adam elə bil böyük bir arxasını, dayağını itirib.
- Fikrət Qocanın oğlunun faciəli ölümü onun səhhətinə hansı formada təsir göstərmişdi. Siz yaxın idiniz...
- Oğlunun ölümü Fikrətə çox pis təsir eləmişdi. O, çox həssas adam idi. Oğlunun ölümündən sarsılmışdı. Nəinki öz oğlunun, hətta başqa birinin faciəsi də həmişə Fikrətin ürəyindən keçirdi. O, çox həssas, həddindən artıq həssas şair idi. Onun nə qədər nəğmələri qaldı. Fikrət incəsənətə çox bağlı insan idi. Neçə-neçə musiqinin sözlərini yazıb. Fikrət haqqında keçmişdə danışmaq olmur. Onun yoxluğunu qəbul etmək çətindir. Hələ də inana bilmirəm... (kövrəlir)
- Dəfn olunacağ yeri bilirsiniz?
- Yox, mən vəfat xəbərini yenicə eşitmişəm. Xəbərsiz idim, evdə dedilər. Sizlə sağollaşdıqdan sonra Yazıçılar Birliyinə zəng edəcəm. Görüm orada vəziyyət necədir, kim nə iş görür. Nələr ediləcək...
- Sonuncu dəfə nə vaxt əlaqə saxlamısınız?
- Sonuncu dəfə təxminən yarım ay bundan əvvəl əlaqə saxlamışdıq. Mən də xəstəyəm. Xəstələnmişdim, koronavirus deyildim. O xəstəliyi çoxdan keçirmişəm, artıq arxada qalıb. Yaşla əlaqədar adam tez-tez ağrıyır. Həmişə Fikrətlə danışırdıq. Söhbət edirdik.
- Yazıçılar Birliyinə gəlib-gedirdi?
- Bəli. Fikrət müəllim Yazıçılar Birliyinə gəlib-gedirdi. Həmişə oraya gedirdi. Anar müəllim də gəlir, o da gəlirdi...
- Fikrət müəllimin Heydər Əliyevlə bir xatirəsi də vardı. O vaxt xəstələnəndə, səs tellərində problem yarananda ümummilli liderimizin diqqət və qayğısı ilə həyata qayıtmışdı...
- Tamamilə doğrudur. O, həmişə ulu öndərə sadiq idi. Onun haqqında həmişə məhəbbətlə danışardı. Cənab Heydər Əliyev onu xilas elədi. Yadınızdadırsa, səs tellərində problem yaranmışdı. Əməliyyat dövründə onun səsinə də toxunmuşdular. Doğrudur, Heydər Əliyev ona həyat verib. Fikrət müəllim də ulu öndərin bu yaxşılığını heç vaxt unutmadı. “Məşəl kimi yanan ürək” şeirini yazmışdı. Fikrətin bu cür çox mahnıları var. Fikrət hamıdan çox mahnı sözlərinə şeir yazan şairimizdir. Özü ağırlığında, çoxlu şeirləri var ki, onlara musiqi bəstələnib. Onun müəllifi olduğu mahnıları Rəşid Behbudovdan üzü bəri ən görkəmli müğənnilərimiz oxuyub.
- Sovet dövründə bir çox şairlərimizə basqılar olurdu. Fikrət müəllimə də basqılar var idimi?
- Fikrət Qoca görkəmli şair idi. O dövrdə cavan idi, yaşı az idi... Onu deyə bilərəm ki, mənəvi basqılar həmişə olub. Mənə də, ona da həmişə mənəvi basqılar olub, o qədər olub ki...
- Deyəsən, sizin Nazim Hikmətlə də bağlı xatirəniz olub...
- Nazim Hikmətlə bağlı mənim xatirələrim çox olub. Onun dəfnində də iştirak eləmişəm. Xəlil Rza ilə eyni kursda oxuyurduq, Fikrət isə bizdən aşağı kursda idi. Biz həmişə Nazim Hikmətlə görüşürdük. Onda Nazim Hikmət “Peredelkino”da qalırdı. Şəhərə köçəndən sonra da tez-tez görüşürdük. Nazim Bakıya gələndə mənə ev alıb verdi. Xahiş eləmişdi ki, mənə ev versinlər. Sonra da aldığı evə gəldi. Həmin vaxt şəkillər də çəkdirdik. Oğlum, Nazim də tamam başqa bir insan, böyük şair idi.
- Nəriman müəllim, indi pandemiyadır, Fikrət müəllimin dəfnində iştirak edə biləcəksinizmi?
- Çalışacağam. Görüm nə cür edirəm... İndi zəng edib hal-əhval tutacağam. Çalışacağam ki, dəfndə iştirak edim, vəziyyətə baxacağam.
Tural Turan
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü