“Davam” adlı mahnı və klipin təqdimatı keçirildi – FOTO
Bizi izləyin

Art

“Davam” adlı mahnı və klipin təqdimatı keçirildi – FOTO

Nizami Kino Mərkəzində “Davam” adlı mahnı və klipin media və ictimaiyyətə təqdimat mərasimi keçirilib.

Publika.az xəbər verir ki, təqdimat mərasimində çıxış edən “Davam” Gənclər Hərəkatının sədri Nihad Allahyarlı bildirib ki, tədbirə yalnız media nümayəndələri və gənclər dəvət olunub: “Biz qərara gəldik ki, tədbirə heç bir rəsmi şəxsi dəvət etməyək. Çünki bildiyiniz kimi, bu gün əlamətdar bir gündür. Belə əlamətdar gündə biz çalışdıq ki, səmimi bir ortam olsun və ona görə də yalnız gənclər və media nümayəndələrini dəvət etdik”.

Mahnının musiqisinin, mətninin müəllifi və ifaçısı Fərid Mərd bu mahnı ilə bütün gənclərə mesaj verməyə çalışdıqlarını bildirib: “Mahnının sözlərini və musiqini mən yazmışam. Həmçinin, oranjimanı mənə məxsusdur. Elə özüm də ifa etdim. Biz bu mahnı ilə güclü inkişafa, ölkədəki islahatlara, əlbəttə, İlham Əliyevlə davam deyirik. Mahnının əsas mesajı budur. Belə bir layihədə iştirak etməyimdən çox qürur duyuram. Ümid edirik ki, mahnını hər kəs bəyənəcək və izləyəcək. Biz çalışdıq ki, şablondan uzaq qaçaq, səmimi bir mahnı olsun. Mənə elə gəlir ki, bu məqsədə nail ola bildik”.

“Davam” Gənclər Hərəkatının Davamlı İnkişaf Mərkəzinin rəhbəri Niyaz Əliyev mahnının hazırlanması üçün böyük bir komandanın işlədiyini qeyd edib: “Bu komanda ilə biz 4 gün dayanmadan çəkiliş etdik. Çəkilişlərdə 1600-dən çox gənc iştirak edib”.

N.Əliyev “Davam” Gənclər Hərəkatı adından “Davam” mahnısının klipinin ərsəyə gəlməsinə göstərdiyi dəstəyə görə Azərbaycan Respublikasının Gənclər Fondu, Heydər Əliyev Mərkəzi, Dövlət Turizm Agentliyi, Hərbi Qənimətlər Parkı və Nizami Kino Mərkəzinin rəhbərliyinə öz təşəkkürünü bildirib.

Bundan sonra klipin nümayişi keçirilib.

Klipin çəkilişi 1600-dən çox gəncin iştirakı ilə Heydər Əliyev Mərkəzinin qarşısında, 44 günlük Vətən müharibəsində Silahlı Qüvvələrimizin qazandığı tarixi qələbənin əsəri olan Hərbi Qənimətlər Parkında və Bakı şəhərinin mərkəzi küçələrində baş tutub.

“Davam” adlı mahnı və klip Azərbaycan Prezidenti İlham Əliyevin davamçıları olan gəncliyin həmrəylik, birlik mesajını və onların tarixi zəfərdən sonra fərqli, yeni Azərbaycanda dayanıqlı inkişaf yoluna “davam” söyləməsini özündə ehtiva edir.

Nihad Allahyarlı Vətən müharibəsindən sonra fərqli və yeni bir Azərbaycanın mövcud olduğunu vurğulayıb: “Davam” Gənclər Hərəkatı da Vətən müharibəsi dövründə – 2 noyabr 2020-ci ildə yaranıb. Vətən müharibəsindən sonra yeni Azərbaycan dayanıqlı təməllər üzərində inkişaf edir. Bu Azərbaycanın, Azərbaycan xalqının və gəncliyinin lideri var. Bu gün onun 60 illik yubileyidir. Biz də hər sözümüzdə, hər əməlimizdə gəncliyin ən böyük dəstəkçisi olan Prezident İlham Əliyevin qayğısını hiss edirik. Onun verdiyi fərman və sərəncamlarla gəncliyə yaranan imkanlardan böyük kütlələr faydalanır. Düşünürəm ki, məhz bu tarixdə “Davam” adı klipin təqdimatı təsadüfi deyil. Biz bir daha bu imkandan istifadə edib cənab Prezidenti 60 illik yubileyi münasibətilə çoxminli davamçılar adından təbrik edir, ona fəaliyyətində uğurlar arzulayırıq”.

N.Allahyarlı deyib ki, klipin son kadrı olan Hərbi Qənimətlər Parkında yer alan “Qarabağ Azərbaycandır” şüarı yazılmış lövhənin qarşısında dalğalandırılan Azərbaycan bayrağı 44 günlük Vətən müharibəsi dövründə məhz Şuşa şəhəri işğaldan azad edildikdən sonra şəhərə sancılan bayraqlardan biridir: “Həmin bayraq mən Şuşada olarkən Bakıya gətirildi və bizim klipdə istifadə olundu”.

Qeyd edək ki, yüksək peşəkarlıqla hazırlanan klipin rejissoru İstanbul Film Akademiyasının məzunu Elvin Abdulla, baş operatoru isə Rüfət Hüseynovdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm