Fransada yüz minlərlə insan etiraz edir: Makronun uğursuz siyasətinə görə
Bizi izləyin

Avropa

Fransada yüz minlərlə insan etiraz edir: Makronun uğursuz siyasətinə görə

Fransa Həmkarlar İttifaqları yeni baş nazir Sebastyan Lekornunu büdcə ixtisarlarına yenidən baxmağa, maaşlar, pensiyalar və ictimai xidmətlərlə bağlı tədbirlər görməyə məcbur etmək üçün bir günlük ümummilli tətil elan edib. Aksiyalara yüz minlərlə insan qoşulub.

Publika.az “The Guardian”a istinadən xəbər verir ki, qatar, avtobus və tramvay sürücülərinin tətili ölkədə ictimai nəqliyyatın fəaliyyətini iflic edib.

Etirazlara xəstəxana işçiləri də qoşulub, əczaçıların qiymət siyasətinə etirazı səbəbindən isə apteklərin 90 faizi bağlanıb. İbtidai və orta məktəblərdə hər altı müəllimdən biri, məktəb bufeti işçiləri və müfəttişlər də tətil keçiriblər. Parisdən Amiens və Havra qədər bir sıra məktəblər şagirdlər tərəfindən blokadaya alınıb. Ümumilikdə 250-dən çox nümayiş təşkil olunub, Paris, Marsel, Nant, Lion və Monpelye şəhərlərində kütləvi yürüşlər keçirilib.

Tətillər Fransada siyasi böhranın dərinləşdiyi bir dövrə təsadüf edib. Prezident Emmanuel Makron ötən həftə yaxın müttəfiqi Lekornunu bir il ərzində üçüncü baş nazir kimi təyin edib. Ondan əvvəlki baş nazirlər - Fransua Bayru və Mişel Barne - büdcə ixtisarları ilə bağlı kəskin fikir ayrılıqları fonunda parlamentin etimadsızlıq səsverməsi nəticəsində istefaya göndərilmişdilər.

Qeyd olunur ki, Lekornunun büdcəni hazırlamaq və yeni azlıq hökuməti formalaşdırmaq üçün cəmi bir neçə həftəsi var. Əks halda müxalifət partiyaları büdcədən imtina edərək etimadsızlıq səsverməsinə gedə bilərlər ki, bu da onun vəzifədən uzaqlaşdırılması ilə nəticələnə bilər. Makronun iyunda elan etdiyi növbədənkənar seçkilərdən sonra parlament solçular, ifrat sağçılar və mərkəzçilər arasında bölünüb və heç bir siyasi qüvvə mütləq çoxluq qazana bilməyib.

Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, aksiyalarda gün ərzində 600-900 min nəfər iştirak edib. Günorta saatlarında ölkə üzrə 140 nəfər saxlanılıb. Nant şəhərində etirazçılarla polis arasında toqquşmalar yaşanıb və gözyaşardıcı qaz tətbiq olunub. Lion şəhərində isə üç nəfərin yaralandığı bildirilir.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm