Fransada anomal isti 16 milyard avroluq zərər vurub - Hesabat
Bizi izləyin

Avropa

Fransada anomal isti 16 milyard avroluq zərər vurub - Hesabat

Fransada anomal isti 16 milyard avroluq zərər vurub - Hesabat

2026-cı ilin anomal isti yayı Fransaya təxminən 16 milyard avroya (30 milyard manat) başa gəlib.

Publika.az xəbər verir ki, bu barədə parlament komissiyasının hesablamasına istinadən “Yenilməz Fransa” partiyasının deputatı Erik Kokrel açıqlama verib.

"Le Monde" yazır ki, bu rəqəm avqustun ortalarında ekologiya naziri Monik Barbyunun açıqladığı 10-15 milyard avroluq ilkin qiymətləndirmədən yüksəkdir. Deputat hesablamada müxtəlif növ xərclərin toplandığını və bəzi məbləğlərin qismən təkrarlanmış ola biləcəyini də qeyd edib.

Ən böyük zərər kənd təsərrüfatına dəyib. Aqrar həmkarlar ittifaqlarının hesablamasına görə, sahənin ümumi itkiləri təxminən 10 milyard avro təşkil edib. Dövlət subsidiyaları nəzərə alındıqdan sonra fermerlərin xalis zərəri 8,7 milyard avro qiymətləndirilib.

İsti havanın Fransanın iqtisadi artımına təsiri Maliyyə Nazirliyi tərəfindən ÜDM-in təxminən 0,1 faiz bəndi səviyyəsində qiymətləndirilib. Bu isə təqribən 3 milyard avroya bərabərdir. Bundan əlavə, dövlətin gözlənilməz xərcləri ən azı 2,5 milyard avro olub. Bu məbləğə fermerlərə 1,3 milyard avro yardım, səhiyyəyə təxminən 700 milyon avro və meşə yanğınları ilə bağlı ən azı 300 milyon avro xərclər daxildir.

Komissiya səhiyyə xərclərini 2003-cü ildəki analoji istilərin statistikasını əsas götürərək hesablayıb. Tibbi sığortaya əlavə xərclər təxminən 200 milyon avro, xəstəxanalara 100 milyon avro, qocalar evləri və tibbi-sosial müəssisələrə isə 260-520 milyon avro təşkil edib.

İstinin təsirindən ev təsərrüfatlarının xərcləri də artıb. Yanğınlarla bağlı sığorta ödənişləri ən azı 500 milyon avro, ventilyator və kondisionerlərdən istifadəyə görə elektrik xərclərinin artımı isə 800 milyon avroya qədər hesablanıb.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm