“Ukrayna raketi” “Bakı-2015”lə bağlı iddialarını açıqladı
Bizi izləyin

Bakı 2015

“Ukrayna raketi” “Bakı-2015”lə bağlı iddialarını açıqladı

23 yaşlı Ukrayna üzgüçüsü Andrey Qovorov Bakıda keçiriləcək Birinci Avropa Oyunlarına Ukrayna yığmasının lideri statusunda yola düşəcək. Xaricdə “Ukrayna raketi” adlandırılan bu idmançının kolleksiyasında artıq dünya və Avropa çempionatlarının, yeniyetmələrin ilk Olimpiya Oyunlarının mükafatları vardır.

A.Qovorov İtaliyanın “ADN Swim Project” professional klubunun heyətində çıxış etmiş ilk ukraynalı üzgüçüdür. İtaliyada Andrey tanınmış italyan məşqçisi Andrea Di Ninonun rəhbərliyi altında təlim keçib. Andrey Qovorov AZƏRTAC-ın Ukraynadakı xüsusi müxbirinə verdiyi eksklüziv müsahibədə məşhur məşqçi ilə qarşılıqlı münasibətlərindən, Üzgüçülük Akademiyasında idmançılara yaradılmış şəraitdən, “Bakı-2015” birinci Avropa Oyunlarına hazırlığından söhbət açıb. Andrey deyir:

- Üzgüçülük mənə zövq verən sevimli işimdir. Əlbəttə, idmanda pis qazanmıram, amma pul heç vaxt mənim məqsədim olmayıb. Əsas məsələ sevimli işlə məşğul olmaq və bu işi yaxşı bacarmaqdır. Çox sevinirəm ki, Andrea Di Ninonun məşhur Üzgüçülük Akademiyasına düşə bildim. O, yaxşı, ağıllı məşqçi, gözəl menecerdir. Avropada ilk professional üzgüçülük klubu yaradıb. Amerikada belə klublar çoxdan mövcuddur.

Andrea Di Nino çox ulduzları hazırlayıb, onların arasında rusiyalı dünya rekordsmenləri Roman Sludnov və Yevgeni Korotışkin də vardır. Londonda keçirilmiş 2012-ci il Olimpiadasında Y.Korotışkin yalnız 18 dəfə olimpiya çempionu olmuş amerikalı Maykl Felpsə uduzaraq ikinci yeri tutmuşdu. 2008-ci il Olimpiadasının gümüş mükafatını almış dünya və Avropa çempionu serb Milorad Kaviç, onqat Avropa çempionu, üçqat dünya çempionu sloveniyalı Peter Mankoç bizim klubda məşq ediblər. Belə sanballı kampaniyada olmağım çox xoşdur.

“ADN Swim Project” Üzgüçülük Akademiyası Neapol yaxınlığındakı kiçik Kazerto şəhərciyində yerləşir. Klubda yüksək nəticələr əldə edilməsi üçün hər cür şərait yaradılıb. İdmançılarla böyük peşəkar komanda – həkimlər, məşqçilər, masajçılar, fizioterapevtlər məşğul olurlar. Klubumuzun əsas məziyyəti güclü sparrinq–tərəfdaşların olmasıdır. Elə olur ki, hətta məşqçinin göstərişləri olmadan da biz bir-birimizə kömək edirik.

Üzgüçülərin hamısı müntəzəm surətdə dopinq-testlərdən keçir. Bu, Andrea Di Nino üçün prinsipial məsələdir. O, qadağan olunmuş preparatlar tətbiq etmədən irəliləyə biləcək idmançılarla məşq etmək istəyir.

Hər bir üzgüçü üçün fərdi proqram tərtib olunur, özü də bu proqram təkcə idman proqramı olmur. Ən xırdalıqlaradək hər şeyi nəzərdə tutan gündəlik rejim müəyyən edilir, hətta zərər verə biləcək bəzi ərzaqları qadağan edən xüsusi pəhrizlər tərtib edilir. Heç bir məişət problemi yoxdur: klubun ixtiyarına apartamentlər, maşınlar verilir.

Andrey sözünə davam edərək deyir:

- Andrea Di Nino ilə ingilis dilində danışırdıq. Əlbəttə, lap mübahisə də edə bilərdik. Axı italyanlar çox emosional adamlardır. Lakin yaxşı başa düşürəm ki, söhbət söhbət yerində, əsas məsələ yaxşı nəticələr göstərməkdir. Akademiyada öz orqanizmimi daha yaxşı dərk etməyə başladım. Belə hesab edirəm ki, idmançı üçün ən dəhşətlisi ağır məşqlərin effektinin olmamasıdır. Mənim zəif cəhətlərim, məsələn, yetərincə dözümlü olmamağımdır.

Maraqlıdır ki, Qovorov üzgüçü yox, xokkeyçi də ola bilərdi. Çünki uşaqlıqdan Andreyi çox vaxt ayağında konki, əlində isə xokkey taxtası görmək olardı.

Andrey o vaxtları xatırlayaraq deyir:

-Mən hətta Moskva yaxınlığında yerləşən Elektrostalın “Kristal” komandasında oynamışam. Pavel Bure çox xoşuma gəlirdi. Amma sonra valideynlərim başqa şəhərə köçdülər, orada isə xokkey bölməsi yox idi. Mən orada yarım il paralel surətdə taekvondo və üzgüçülüklə məşğul oldum. Amma bunlardan birini seçmək lazım gəldikdə üzgüçülükdə dayandım. Su məni daha çox cəlb edirdi, axı bütün qohumlarım sualtı dənizçilər idi. Mən çox səyahət etmişəm, atam dənizçi olduğundan daim bir yerdən başqa yerə köçürdük: Moskva, Murmansk, Sevastopol... 13 yaşım olanda Dnepropetrovsk şəhərinə gəldik. Üzgüçülükdə qısa bir zamanda yaxşı nəticələr qazanmağa başladım. Yeniyetmələrin Sinqapurda keçirilmiş Olimpiya Oyunlarında iki qızıl medal qazandıqdan sonra şəhər hökuməti burada mənə mənzil verdi.

Tanınmış Ukrayna üzgüçüsü söhbətinin sonunda deyib: “İndi mən ölkənizin paytaxtında keçiriləcək birinci Avropa Oyunlarına öz məşqçimlə birlikdə əvvəlki kimi yenə də maksimum diqqət yetirirəm. Mənim planlarım? Möhtəşəm planlarım var!

Ümidvaram ki, Bakıda ən yüksək əyarlı medallar qazanacam!”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm