İlk Avropa Oyunları: Azərbaycan nə qazanacaq? - TƏHLİL
Bizi izləyin

Bakı 2015

İlk Avropa Oyunları: Azərbaycan nə qazanacaq? - TƏHLİL

Burda qələbəni pulla yox, ayaqların sürəti və bədənin möhkəmliyi ilə qazanmaq olar”...

Qədim yunan allahı Zevsin heykəlinin qarşısına həkk edilmiş bu sözlər Afinanı və 2 min il öncə keçirilən Olimpiya Oyunlarını xatırladır...

XIX əsrdə dünyanın yenidən keçirməyə başladığı Olimpiya oyunları müxtəlif ölkələrdə hər 4 ildən bir təşkil olunur, ancaq bu oyunların ilk keçirildiyi Yunanıstan və onun paytaxtı Afina unudulmur...

Əsrlər, qərinələr, bəlkə də min illər keçəcək, dünya Azərbaycanı da unutmayacaq! Unuda bilməyəcək! Avropa Oyunlarının keçirildiyi bütün ölkələrdə Bakının adı yada düşəcək. Birinciliyin, ilk olmağın fəlsəfəsi budur: Olimpiya oyunları Yunanıstanı unutdurmadığı kimi, Avropa Oyunları da həmişə Azərbaycanı xatırladacaq.

İdman – sülhün, barışın rəmzidir və müharibələrin, qırğınların hələ də davam etdiyi, ətrafımızın qan qoxuduğu çağdaş dünyada sülh hər zaman arzuolunandır. Sülh bütün insanlara, bütün dövlətlərə lazımdır...

Üç il öncə Romada Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında gizli səsvermə keçirildi. Olduqca gərgin keçən səsvermənin nəticələrinə görə, Azərbaycan 48 səsdən 38-ni qazandı. “Qoca qitə”nin tarixində ilk dəfə təşkil olunan Avropa Oyunlarının 12-28 iyun tarixlərində məhz Azərbaycanın paytaxtında keçirilməsi barədə qərar qəbul olundu. Və artıq həmin tarixə sayılı günlər qalır.

Bəs Avropa Olimpiya Komitəsi niyə Azərbaycanı seçdi?

2012-ci ildə Avropa idman ailəsinin Azərbaycan seçimi təsadüfi, yaxud alın yazısı, qismət məsələsi deyildi. Ortada ciddi, çox ciddi faktorlar vardı...

Beynəlxalq idman tədbirlərinin keçirilməsində üç faktor əsas götürülür: maliyyə, təhlükəsizlik və təcrübə.

Azərbaycan iqtisadi inkişafına görə, dünyanın qabaqcıl ölkələrindəndir. 2008-ci ildə beynəlxalq maliyyə böhranı Azərbaycana təsir etmədi. Həmin dövrdən etibarən, Prezident İlham Əliyevin rəhbərliyi ilə tətbiq edilən iqtisadi model dünya iqtisadçılarının diqqətini çəkdi və bir çox ölkədə iqtisadiyyatın Azərbaycan modelinin öyrənilməsinə başlanıldı.
Yəni, biz bu nəhəng idman layihəsini həyata keçirmək üçün lazım olan kapitala sahibik.

Avropalılar isə getdikcə kəmərlərini daha sıx bağlamağa məcbur oldular. Maliyyə böhranı başa çatmamış Yaxın Şərq alova büründü. Dünyanın bir çox nöqtələrində münaqişələr partlamamış “mina”lar kimi açıldı. Dünyada təhlükəsizlik məsələləri ilə bağlı böyük çatlar yarandı.

Ukraynada əks-qütblər toqquşarkən və dünya “qaz müharibələri” dönəminə girərkən artıq I Avropa Oyunlarının Bakıda keçirilməsinə start verilmişdi.

Azərbaycan öz liderinin ağıllı manevrləri, parlaq zəkası sayəsində yerləşdiyi qaynar bölgəyə rəğmən, bu təlatümlərdən uzaq dura bildi. Əksinə, İlham Əliyev öz enerji strategiyası ilə Azərbaycanı nəhəng Avropa bazarına çıxaracaq siyasi gedişlərə imza atdı və ölkənin iqtisadi inkişafı yüksək artım tempi ilə irəlilədi.

Beynəlxalq qarşıdurmalardan uğurla yayına bilən Azərbaycan beynəlxalq idman oyunlarının keçirilməsində təhlükəsizlik kriteriyasına uyğun gələn bəlkə də yeganə ölkə olduğunu sübut etdi. Bu gün Azərbaycan dünyanın sabitlik adası hesab oluna biləcək bir məkandır. Hətta torpaqlarımızı işğalda saxlayan ermənilər belə bu ölkəyə gələ, yarışa biləcəklər.

Nəhayət, təcrübə kriteriyası. Azərbaycan bu günə kimi bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib. Bunlar arasında idman oyunları da az deyil.
Misal üçün, 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsi və FİFA U-17 Qadınlar arasında dünya çempionatı Bakıda yüksək səviyyədə təşkil olundu. 2013-cü ildə BEİD Dırmanma üzrə Dünya Kuboku və “F2 Bakı Qran-Pri” tədbirlərinə ev sahibliyi etdik. Bu siyahıya müxtəlif idman növləri üzrə dünya və Avropa çempionatlarını da əlavə etmək olar. Ümumilikdə son 10 il ərzində Azərbaycanda 300-ə yaxın beynəlxalq idman yarışı keçirilib.

2012-ci ilin Azərbaycan Prezidenti tərəfindən “İdman ili” elan edilməsi bu ölkədə idmana dövlət səviyyəsində göstərilən qayğının bariz nümunəsi idi və bu dünyanın diqqətindən yayınmadı. Bu qayğının nəticəsidir ki, bu gün Azərbaycan idmançıları dünyanın ən yüksək səviyyəli turnirlərində qalib olaraq vətənə dönürlər. Eyni zamanda, ölkəmizdəki müasir idman infrastrukturu xüsusi diqqət çəkir.

I Avropa Oyunlarına ev sahibliyi hüququnu qazanmasında Azərbaycanın beynəlxalq nüfuzu da əsas amillərdən idi. Azərbaycan 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi və 2 il ərzində səmərəli fəaliyyəti ilə dünyada sülhün bərqərar olmasına öz töhfəsini verdi. Dünyada milli peykə malik azsaylı dövlətlər siyahısında Azərbaycanın da adının olması bu ölkənin ciddi nüfuzunun göstəricisidir.

Bütün bunlar Azərbaycanın I Avropa Oyunlarına ev sahibliyi etməsini şərtləndirən amillərdir.

Prezident İlham Əliyevin I Avropa Oyunlarının Təşkilat Komitəsinin ilk iclasındakı çıxışında bu faktorlar açıq şəkildə ifadə olunur.

1. Azərbaycanın beynəlxalq nüfuzu
2. İqtisadi inkişaf
3. Ölkədə yaradılan idman infrastrukturu
4. Təcrübə
5. Dövlətin bu sektora qayğısı – idmançılarımızın uğuru

2013-cü ilin 2 fevral tarixində keçirilən iclasda dövlət başçısı Təşkilat Komitəsinə oyunlarla bağlı müvafiq tapşırıqlarını verdi...


Artıq 2015-ci ildir və I Avropa Oyunlarının geriyə sayımı başlayıb. Təşkilat Komitəsi demək olar ki, üzərinə düşən məsuliyyətli işi lazımi formada yerinə yetirib. Prezident İlham Əliyevin təşəbbüsləri ilə həyata keçirilən işlərin belə sürətli və keyfiyyətli təşkilində Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın əməyi xüsusi vurğulanmalıdır.

Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə, o cümlədən Avropa və dünya çempionatlarında, “Eurovision-2012” mahnı müsabiqəsində əldə etdiyimiz təcrübəyə əsaslanaraq I Avropa Oyunlarının da ən yüksək səviyyədə keçirilməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik və bütün gücümüzlə çalışacağıq ki, göstərdiyiniz etimadı doğruldaq”, - deyə Mehriban Əliyeva Təşkilat Komitəsinin ilk iclasında dövlət başçısına söz vermişdi.

Görülən genişmiqyaslı işlər Təşkilat Komitəsi sədrinin verdiyi sözə əməl etdiyini göstərir.

Oyunların keçirilməsi üçün Qərb, Bayraq Meydanı, Şəhər və Kənd olmaqla dörd qrup yaradılıb. Qərb qrupuna Bakı Atıcılıq Mərkəzi, Dağ Velosiped Parkı, BMX Veloparkı, Mingəçevirdə yaradılan obyektlər və Bilgəh Çimərliyi daxildir.

Bakı Su İdmanı Mərkəzi, Voterpol arenası, Basketbol Arenası, Çimərlik Arenası, Bakı Kristal Zalı Bayraq Meydanı qrupuna, Heydər Əliyev adına İdman Arenası, Tofiq Bəhramov adına stadion, Azadlıq meydanı, Bakı İdman Zalı isə Şəhər qrupuna daxildir.

Kənd qrupu isə özündə yeni inşa olunan 65 mindən çox tamaşaçı tutumuna malik Olimpiya stadionu, Milli Gimnastika Arenası və Atletlər şəhərciyini birləşdirir.

Oyunlarla bağlı BMX Veloparkı, Bakı Su İdmanı Mərkəzi, Bakı Atıcılıq Mərkəzi və Olimpiya Stadionu yeni inşa olunub. Su Polosu Arenası, Çimərlik Arenası, Basketbol Arenası, Dağ Velosipedi Veloparkı, eyni zamanda Triatlon və Velosiped yarışları üçün nəzərdə tutulmuş altı idman obyekti isə müvəqqəti yaradılıb. Müvəqqəti idman obyektlərinin 2017-ci ildə Azərbaycanda keçiriləcək İslam Həmrəyliyi Oyunlarında da istifadəsi nəzərdə tutulur.

Oyunlarda iştirak edəcək 50 ölkədən 20 idman növü üzrə 6 min idmançının Atletlər kəndində qalması üçün bütün şərait yaradılıb. Bu kənd 7300 çarpayısı olan mindən artıq mənzilə malikdir.

Oyunları izləmək üçün ölkəmizə gələcək 1500 jurnalist isə Media kəndində yaşayacaq.

Avropa Oyunlarının loqosu artıq hazırdır. Bu, Alov, Su, əfsanəvi Simurq quşu, Xalı, Ceyran və Nar da daxil olmaqla, ev sahibinin – Azərbaycanın qədim və müasir mədəniyyətində əks olunan beş başlıca elementi bir araya gətirir.

Ceyran və Nar isə oyunların rəsmi simvolu olaraq seçilib. Təşkilat Komitəsi tərəfindən keçirilən açıq müsabiqə nəticəsində müəyyən olunmuş bu simvollar Azərbaycanın zənginliklərini özündə daşıyır.

Ceyran: gözəlliyin, zərifliyin və saflığın simvolu hesab olunan bu nadir heyvan növü Azərbaycanın təbiətə olan sevgisini, coğrafi potensialını nümayiş etdirir.

Nar: Azərbaycanın Göyçay şəhərində bitən bu meyvə ilə həyat eşqi vurğulanır. Avropa Oyunları bundan sonra hansı ölkədə keçirilsə, bu simvol və loqo özündə daim Azərbaycanı yaşadacaq...

I Avropa Oyunlarının dünyada təbliği işi də uğurla yerinə yetirilir. Təşkilat Komitəsinin sədri, Ölkəmizin Birinci Xanımı Mehriban Əliyevanın iştirakı ilə Fransada, İtaliyada, İsveçdə, Almaniyada və bir sıra digər ölkələrdə təqdimat mərasimləri keçirilib. Bu mötəbər idman yarışmasının təbliği üçün reklam çarxları, bannerlər hazırlanıb.

Oyunların yayımlanması üçün 60 telekanalla müqavilə imzalanıb. İndiyə qədər imzalanmış sazişlər oyunların Avropanın 32 ölkəsində 225 milyondan çox ailənin izləməsini təmin edəcək. Yayımlar Asiya, Afrika, Şimali və Cənubi Amerika, həmçinin Avstraliyada izlənəcək.

Mehriban Əliyevanın rəhbərliyi ilə Təşkilat Komitəsi cəmi 2 il ərzində Avropa Oyunlarının təşkili üçün lazım olan işləri uğurla yekunlaşdırmaqdadır. “Avropa Oyunları Avropa idmanında tarixi hadisə olacaq. Azərbaycan üçün bu, ölkəmiz, ənənələrimiz, mədəniyyətimiz və tarixi köklərimizi daha çox tanıtmaq üçün yaxşı imkandır”, - deyə Mehriban Əliyeva oyunların əhəmiyyəti haqda bildirir.

Əslində Azərbaycan ilk Avropa Oyunlarına ev sahibliyini üzərinə götürməklə ağıllı manevr edib. Çünki ortada potensial dividendlərin konturları görünür.

Bu oyunların keçirilməsi ilə Azərbaycan ən azı iki istiqamət üzrə xeyir götürəcək:

1. İqtisadi divident

a) İdman oyunlarında azarkeş faktoru mühümdür. Beynəlxalq təcrübə azarkeş kütləsinin potensial turist olduğunu deməyə əsas verir. Nəzərə alsaq ki, Avropa Oyunlarına idmanın 20 növü daxildir və bunun 16-ı olimpiada idman növüdür, o zaman, ölkəyə gələcək azarkeş-turistlərin sayının yüz minlərlə olacağını deyə bilərik. Gələcək turistlərin burda xərcləyəcəyi pulu hesablayarkən ortaya kifayət qədər böyük rəqəmlər çıxır. Beynəlxalq turizm qiymətləndirmələrinə görə, hər bir turist getdiyi ölkədə bir həftə ərzində minimum 1000-1200 ABŞ dolları xərcləyir. Avropa Oyunları iki həftə davam edəcək, deməli Azərbaycana gələcək turistlər burda minimum 2000-2500 dollarından keçməli olacaqlar. Bu iki həftəlik oyunlar zamanı turizmdən əldə olunan vəsait Avropa Oyunlarının təşkilinə xərclənən vəsaitin yarıdan çoxu deməkdir.

Bununla yanaşı, turistlər xarici valyuta ilə gələcək. Bu isə manata tələbi artıracaq və Mərkəzi Bankın investisiyalarının yüksəlməsinə xidmət edəcək.

Oyunlar zamanı Azərbaycan reklamlardan da kifayət qədər gəlir əldə edəcək. Adətən belə beynəlxalq miqyaslı idman tədbirlərində xarici şirkətlər öz reklamlarını yerləşdirməkdə maraqlı olur. Digər tərəfdən, yayım hüququnun və biletlərin satışı da əlavə gəlir deməkdir. Deməli, Azərbaycan büdcəsinə iki həftə ərzində bilet satışı, yayım və reklam, eləcə də turistlərin xərcləyəcəyi məbləğlərlə kifayət qədər vəsait daxil olacaq. Hökumətin oyunlarla bağlı sadələşdirilmiş viza sisteminə keçməsi xarici turistlər üçün cəlbediciliyi indidən artırır.

Təbii ki, oyunların gətirəcəyi turizm perspektivi bununla bitmir. Avropa Oyunları Azərbaycana turist axınının baza rolunu oynayacaq və perspektivdə bu axın artım tempi ilə davam edəcək. Təcrübəyə görə, bu tipli nəhəng tədbirlər onun keçirildiyi ölkənin ilk növbədə turizm potensialını təqdim edir.

Bundan əlavə, əlverişli təbii-coğrafi şərait, qədim və zəngin mədəniyyət, müasirliyin vəhdəti, mövcud sabitlik, hökm sürən tolerantlıq, tarixi qonaqpərvərlik, humanistlik və s. də turistlərin cəlbi üçün əsas olan amillərdən sayılır. Xoşbəxtlikdən bu amillər Azərbaycanda mövcuddur. Deməli, oyunlardan sonra Azərbaycan dünyada turizm sektorunun iddialı ölkələri sırasına çıxa bilər. Ümumdünya Ticarət Təşkilatının son hesabatına görə, 2020-ci ildə bütün dünyada 1 milyard 600 milyon insan turist olaraq səyahət edəcək. Bu turistlərin ciblərindəki pulların ümumi dövriyyəsi 2 trilyon dollardan artıq olacaq. I Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycanın dünyanın turizm sektorunda payının çoxalması və 1 milyard 600 milyon turistin müəyyən faizinin baş çəkəcəyi məkana çevriləcəyinə zəmin yaradacaq.

b) Avropa Oyunları Azərbaycanın xarici investisiyalar üçün cəlbedicliyini daha da artıracaq. Adətən xarici investorlar öz kapitalını daha sabit, mədəni və perspektivli ölkələrə yatırmaqda maraqlı olurlar.

Avropa oyunları kimi mötəbər beynəlxalq idman yarışlarının da daha çox sabit, mədəni və perspektivli ölkələrdə keçirilməsinə üstünlük verilir. Bu kriteriyalara tamamilə cavab verən Azərbaycan yaxın gələcəkdə xarici investorların üstünlük verəcəyi ölkələr sırasında ilk pillələrə yüksələcək.

c) Azərbaycan Avropa Oyunlarından ilk iqtisadi dividendlərini artıq əldə edib. Söhbət Avropa oyunlarının keçirilməsi üçün yeni inşa olunan və restavrasiya edilən idman obyektlərdən gedir. Hökumət bu obyektlərin tikintisi üçün dövlət büdcəsindən müəyyən vəsait xərcləyib. Lakin dövlət başçısının uzaqgörənliyi burada da özünü göstərir. Çünki bu möhtəşəm obyektlər hər şeydən öncə Bakının gözəlliyi, idman infrastrukturunun inkişafı üçün vacibdir. Digər tərəfdən, bu idman obyektləri qarşıdakı illərdə Azərbaycanın kapital qoymadan gəlir əldə edəcəyinə zəmanət verir. Misal üçün, futbol üzrə Avropa çempionatının 4 oyunu Azərbaycanda keçiriləcək. Bu oyunlar yeni inşa olunan Olimpiya stadionunda və Tofiq Bəhramov adına stadionunda baş tutacaq və futbol cameəsinin kütləvi azarkeşləri ölkəmizə axışacaq. Yəni Azərbaycanın yaxın gələcəkdə əlavə vəsait xərcləmədən gəlir götürə bilmək imkanları da artıq mövcuddur.

Eyni zamanda, bu obyektlərin mövcudluğu bundan sonra beynəlxalq idman ictimaiyyətinin genişmiqyaslı oyunlarının rahatlıqla Azərbaycana təyin etməsinə imkan yaradacaq.

I Avropa Oyunları bütövlükdə Azərbaycanın qeyri-neft sektorunun inkişafına mühüm töhfələr verəcək.

2. Siyasi divident

a) I Avropa Oyunları Azərbaycanın dünyadakı “yumşaq güc”ünü (soft power) əhəmiyyətli dərəcədə artıracaq.

Amerikalı politoloq Cozef Nay (Joseph Nye) 1990-cı illərdə yazırdı: “Beynəlxalq münasibətlərdə istənilən məsələni, hətta mümkünsüz görünənləri belə reallaşdırmağın 3 yolu var. Birincisi, “qarşı tərəfi güc və müharibə ilə təhdid etmək”, ikincisi, “qarşı tərəfi müxtəlif formalarda satın almaq”, üçüncüsü isə “yumşaq güc”dən istifadə edərək qarşı tərəfi razı salmaq”.

“Yumşaq güc” siyasəti. Bu gün beynəlxalq münasibətlərdə güc həmişə keçərli olmadığı kimi, dövlətləri satın almaq da həmişə baş tutmur və burada “yumşaq güc” siyasəti önə çıxır. “Yumşaq güc” bir ölkənin mədəniyyətinin, siyasətinin, diplomatik gedişlərinin digər ölkələr baxımından cazibədarlığını, yəni təsir qüvvəsini ifadə edir.
XXI əsrdə bir ölkənin təsir qüvvəsi onun hərbi və iqtisadi gücündən çox, bu aspektlərdən asılıdır. “Yumşaq güc”dən çıxış edənlər hesab edirlər ki, kütlələrə siyasi təzyiqlərlə təsir etməkdənsə, xaricdə etibar qazanaraq açıq şəkildə siyasi və iqtisadi maraqların təmin edilməsi daha məqsədəuyğundur.

İdman oyunları da dünyada “yumşaq güc” siyasətinin əsas elementlərindən hesab olunur. Misal üçün, olimpiya oyunlarında qazanılan medalların sayı ölkənin cazibədarlığını artıran faktorlar sırasındadır.


Bu gün dünyada “Yumşaq güc”ünə görə İngiltərə ilk sıradadır. “Dumanlı Albion” futbolu, pop musiqisi və filmləri ilə hamını cəzb edən ağır çəkiyə malikdir. Onun “Harri Poter” serialı, Ceyms Bond filmləri, kraliça ailəsi, Grand Slamini qazanan tennisçi Andi Murrayın daxil olduğu “yumşaq güc” siyahısına 2012-ci ilin Olimpiya oyunları da əlavə olundu. Londonun ev sahibliyi etdiyi həmin oyunlarda məşhur rejissor Danni Boylenin hazırladığı görkəmli açılış mərasiminin olduqca müsbət təsiredici qüvvəsi vardı...

Fikrimizcə, Avropa Oyunlarının Bakıda keçirilməsi də Azərbaycanı daha cəlbedici qüvvəyə çevirəcək. Dünya uzun müddət bu oyunlardan, Təşkilat Komitəsinin hazırladığı möhtəşəm açılış və bağlanış mərasimlərindən danışacaq və Azərbaycanın adı bu mötəbər tədbirdə həmişə qırmızı xəttlə keçəcək. Bu, eyni zamanda Azərbaycanın dünyada tanınma arenasını genişləndirəcək. Beləliklə, dünyaya etibarlı ölkə olduğumuzu bir daha göstərəcək və siyasi-iqtisadi maraqlarımızı təmin edə biləcəyik.

b) Hesablamalarımıza görə, Avropa Oyunları rəsmi Bakının xarici siyasət prioriteti olan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə də təsir göstərə bilər. Etiraf olunmalıdır ki, hələ SSRİ dönəmində dünyanın müxtəlif yerlərinə səpələnən ermənilər anti-Azərbaycan rəyi formalaşdıra biliblər. Bu yanlış rəyi aradan qaldırmaq gərəkdir. “Mən bu günə qədər Xocalıda öldürülənlərin erməni olduğunu, Azərbaycanın Ermənistan torpaqlarını işğal etdiyini düşünürdüm”. Çoxumuz əcnəbilərin bu sözləri ilə, əsl həqiqəti öyrəndikcə dəyişən üz ifadələri ilə, illərlə ermənilər tərəfindən aldadıldığı üçün yaşadıqları peşmanlıqları ilə zaman-zaman qarşılaşmışıq.

Məhz 2000-ci ildən başlayaraq atılan siyasi addımlar bu mənzərəni xeyli dəyişib. Amma təəssüf ki, hələ də “erməni klişelərinə” inananlar var. Bu stereotipin qırılması üçün Avropa Oyunları Azərbaycan üçün misilsiz fürsətdir.

c) Avropa Oyunları Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması və siyasi güc olaraq qəbul edilməsinə də təsir edəcək. Qeyd etdiyimiz kimi, siyasətdə idman faktoru ilk növbədə ölkənin tanınması, təbliği və cəzbedicliyi deməkdir.

Yeri gəlmişkən, türk seriallarının siyasətdə oynadığı rol və ərəb dünyasına təsiri bu fonda nümunə ola bilər. “Türk seriallarının ərəblərə təsiri Buşun bombalarından daha çox oldu”, - ABŞ yetkilisi Hubert Harrison bunu özü etiraf edir.


Avropa Oyunları da Azərbaycan üçün öz təsir imkanlarının artırılması deməkdir. Yəni, bu oyunlarda iştirak edən ölkələrin, canlı, yaxud virtual olaraq izləyənlərin üzərində bir Azərbaycan təsiri olacaq. Bu isə Azərbaycanın təsiredici gücünün artması və uzunmüddətli iz qoyması deməkdir.

Aynur Camalqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm