Məşəl Ağcabədidə - FOTO
Bizi izləyin

Bakı 2015

Məşəl Ağcabədidə - FOTO

Birinci Avropa Oyunlarının məşəlinin növbəti ünvanı Aran Qarabağın son illərdə sürətlə inkişaf edən və gözəlləşən diyarı Ağcabədi oldu.

Azərtac xəbər verir ki, mayın 10-da Ağcabədi şəhərindəki Heydər Əliyev adına parkın qarşısında məşəlin təntənəli qarşılanma mərasimi keçirilib.

Ağcabədililərin alqış sədaları altında Yeni Azərbaycan Partiyası rayon təşkilatı Qadınlar Şurasının sədr müavini Radə Qafarova birinci Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul etdikdən sonra 3,5 kilometr məsafədə yürüş başlanıb. Üzeyir Hacıbəyov və Heydər Əliyev prospektləri boyunca hərəkət edərək Heydər Əliyev adına mərkəzi meydana gələn məşəlçilər rayon sakinləri tərəfindən sevinc və hərarətlə qarşılandı. Sonuncu yürüşçü –rayon gənclər və idman idarəsi rəisinin müavini Eldəniz Qənbərov səhnəyə qalxaraq, məşəli alovlandırdı. Oyunların burada yandırılan çırağını 1 nömrəli tam orta məktəbin şagirdi Minayə Əkbərova rayon ictimaiyyətinə təqdim etdi. Çıraq Birinci Avropa Oyunlarının sonunadək rayonda qalacaq.

Mərasimdə aprelin 26-da Atəşgah məbədində birinci Avropa Oyunlarının məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş olundu.

Yürüşdə iştirak edən sonuncu məşəlçi Eldəniz Qənbərov təəssüratlarını bölüşüb.

“Çox həyəcanlıyam. Məşəli alovlandırmaq mənə nəsib olduğu üçün sevincimin həddi-hüdudu yoxdur. Birinci Avropa oyunlarında Azərbaycan idmançılarına uğurlar arzulayıram. Qoy yarışlarda üç rəngli, ay-uldurlu bayrağımız ucalsın, dövlət himnimiz səslənsin”.

Məşəl estafetini qarşılayan rayon sakini Mais İbrahimov qürurverici anlarını belə ifadə etdi: “Fotoqraf kimi indiyədək çox tədbirlərdə olmuşam. Bu günkü coşqunu, insanların fərəh və sevincini sözlə ifadə etmək çətindir. Məşəl estafetinin şahidi olduğum, bu tarixi anları kadrlarlara köçürdüyüm üçün özümü xoşbəxt sanıram”.

Ağcabədi şəhər 11 nömrəli tam orta məktəbinin müəllimi Xanım Əliyeva isə dedi: “Bu gün rayonumuz fərəhli günlər yaşayır. Birinci Avropa Oyunlarının məşəli artıq bizim rayondadır. Bu günün sevincini yaşamaq üçün müəllim yoldaşlarım və şagirdlərimlə gəlmişəm. İnanıram ki, Alov estafeti, ilk dəfə ölkəmizdə keçiriləcək Avropa Oyunları şagirdlərin vətənpərvəlik hislərini daha da artıracaq və onların yaddaşlarında uzun müddət qalacaq”.

Ağcabədi şəhər sakini Tofiq Zeynalov fikirlərini belə ifadə etdi: “Son zamanlar Ağcabədi rayonunda bir çox tədbirlər, musiqi festifalları və müsabiqələr, təntənəli mərasimlər keçirilir. Ancaq belə möhtəşəm tədbirin ilk dəfədir ki, şahidi oluram. Ölkə başçısının və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu sahəyə diqqət və qayğısı bir ziyalı kimi məni çox sevindirir. Birinci Avropa Oyunları sayəsində dünya əhalisi ökəmizi daha yaxından tanıyacaq. Bütün bunlara görə Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk”.

Sonra birinci Avropa Oyunlarının məşəlindən götürülən alov cəbhə bölgəsində yerləşən Ağdam rayonuna yola salındı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm