Bakıda rektor prorektoru niyə öldürtdü? - Polkovnikin 12 il sonrakı etirafı
Bizi izləyin

Kriminal

Bakıda rektor prorektoru niyə öldürtdü? - Polkovnikin 12 il sonrakı etirafı

2011-ci il sentyabr ayının 16-da 1942-ci il təvəllüdlü Tariyel Əhmədovun meyiti, Yasamal rayonu, Şərifzadə küçəsi 8 saylı yaşayış binasının qarşısındakı idman meydançasında aşkar edilib. Cəsədi çevirdikdə göz qapaqlarının şişməsi, üzündə qan ləkələrinin, başında çox qəlpəli sınığların olması müəyyən edilib.

Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

O zaman KİV-də mərhumun turnikdən yıxılması və ya ürək tutmasından dünyasını dəyişməsi versiyaları irəli sürülüb. Bakı Baş Polis və Yasamal rayon polis idarələrinin rəhbərliyi hadisə yerində olub. 28-ci bölmədən əldə olunan məlumata görə, Əhmədovun baş nahiyəsində xəsarət izləri aşkar edilib. Hadisədən sonra "Təfəkkür” Universitetinin prorektoru Rahim Hüseynov mətbuata açıqlama verib ki, ali məktəbin xüsusi bir versiyası yoxdur. Tariyel Əhmədovun yaşlı insan olduğunu və heç kimlə düşmənçiliyi olmadığını deyib.

2023-cü ilin aprel ayında Daxili İşlər Nazirliyi 12 il əvvəl ağır cinayət törədən şəxsin həbs edilməsi ilə bağlı məlumat yayıb. Məlum olub ki, bu 1977-ci ildə İmişli rayonunda anadan olan Dəyanət Quliyevdir.

6 aydan sonra, noyabr ayında Baş Prokurorluq məlumat yayıb ki, DİN və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə birgə keçirilən çoxsaylı istintaq və əməliyyat tədbirləri nəticəsində cinayətin sifariş əsasında törədilməsinə dair sübutlar əldə edilib. Belə ki, fəaliyyəti dayandırılmış "Təfəkkür” Universitetinin sabiq rektoru Müşviq Atakişiyev qisas məqsədi ilə Tariyel Əhmədovun qətlini qohumu Dəyanət Quliyevə sifariş verib, o isə cinayəti tanışı Samir Quliyevlə birgə törədib. Məlum olub ki, İmişi rayon sakini, 1984-cü il təvəllüdlü Samir Quliyevin barəsində aprel ayında İmişli rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsiin 234.1-ci (satış məqsədi olmadan narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama) maddəsi ilə cinayət işi başlanılıb. Noyabrın 3-də o, sözügedən iş üzrə CM-nin 120.2.5-ci (tamah məqsədi ilə qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilib. Noyabrın 15-də Binəqədi rayon Məhkəməsinin qərarı ilə qətlin sifarişçisi, 1966-cı ildə İmişli rayonunda anadan olan Müşviq Atakişiyevin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun icraçı direktoru və eyni zaman İqtisad elmləri sahəsində doktorluq dissertasiya şurasının sədri vəzifələrindən kənarlaşdırılıb.

İbtidai istintaq zamanı, Müşviq Atakişiyevin və Dəyanət Quliyevin istifadəsində olmuş mobil telefonlara baxış zamanı, Quliyevin aprelin 24-də "Whatsapp" proqramı vasitəsilə Atakişiyevlə 21 dəqiqə danışdıqdan sonra, saat 17:18-də 102 xidmətinə zəng edib, adam öldürməsini bildirməsi müəyyən edilib. Bundan başqa, Dəyanət Quliyevin "Pin-up” mərc oyunlarını dəstəkləyən mobil proqram vasitəsilə uzun müddətdir qumar oynaması, tutulduğu gündən əvvəl – yəni aprelin 23-də oyun nəticəsində 2410 manat uduzması məlum olub.

Publika.az xəbər verir ki, Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, Müşviq Atakişiyev " Təfəkkür” Universitetinin rektoru vəzifəsində işləyərkən Universitetin digər təsisçisi - Elmi işlər üzrə prorektor vəzifəsində çalışan Tariyel Əhmədov onun haqqında rektor kimi fəaliyyəti dövründə qanun pozuntularına yol verməsi barədə məlumatlar yayıb. Atakişiyev düşünüb ki, bu gedişlə o, nüfuzdan düşəcək və Əhmədov təsisçilərin yığıncağında onun yerinə rektor seçilməyə nail olacaq. Bu səbəbdən Müşviq Atakişiyev Tariyel Əhmədovu özü üçün işgüzar nüfuzuna və vəzifədə qalmasına maneə kimi qəbul edib. O, qisas motivi ilə Tariyel Əhmədovun öldürülməsini sifariş vermək qərarına gəlib. Bu məqsədlə 2011-ci ilin avqust və sentyabr aylarında bacısı oğlu Dəyanət Quliyevə, "Təfəkkür” Universitetini müvəfəqiyyətlə bitirməsinə, DİN Xüsusi Əməliyyat - Axtarış Tədbirləri Baş idarəsində işə qəbul edilməsinə, ailə qurmasına və mənzil əldə etməsinə kömək etməsinə söz verib. Əvəzində Tariyel Əhmədovu hər hansı üsulla öldürməsini təklif edib. Dəyanət Quliyev dayısı Müşviq Atakişiyevin sifarişini qəbul edib, amma Tariyel Əhmədovla aralarında şəxsi tanışlıq münasibətləri olduğundan, cinayəti icra etməsini tanışı və həmyerlisi Samir Quliyevə təklif edib. Onunla Tbilisi prospekti ilə Əbdülvahab Salamzadə küçəsinin kəsişməsinin yaxınlığında görüşərkən, qətlin qarşılığında ona həmin dövrün məzənnəsi ilə 40.000 dollar verəcəyini bildirib. Samir sentyabrın 16-ı səhər saat 4 radələrində taksi ilə Yasamal rayonu, Mirəli Seyidov və İsfəndiyar Zülalov küçələrinin kəsişməsinə gələrək, ordan Tariyel Əhmədovun hər səhər idman etdiyi Şərifzadə küçəsi, 8 saylı ünvanın qarşısında yerləşən idman meydançasına doğru piyada hərəkət edib. Meydançanın girişindəki qarajların yaxınlığında gizlənərək həmin şəxsin ora gəlməsini gözləyib. Təxminən saat 05:30-da qaçışa başlayan Tariyel Əhmədova arxadan hücum edib, dəmir boru ilə baş nahiyəsinə və kürəyinə çoxsaylı ardıcıl zərbələr endirib. Bu hərəkəri ilə, Samir Quliyev Tariyel Əhmədovu öldürüb.

İş üzrə dindirilmiş Samir Quliyev bildirib ki, 2011-ci ildə Tariyel Əhmədovu o öldürüb. Belə ki, uşaqlıq dostu Dəyanət Quliyevlə hadisədən 10-15 gün əvvəl restoranda görüşüb:

"Dəyanət Tariyel adlı şəxslə aralarında narazılıq və onu öldürmək lazım olduğunu bildirərək, müqabilində 40.000 dollar verəcəyini təklif edib. Ona "dostuq, əgər sənə problem yaradırsa öldürərəm” söyləyərək, razılaşdım. Növbəti gün saat 5 radələrində Dəyanət məni "Titanik” otelindən götürüb Yasamal ərazisində yerləşən idman meydançasına apardı və Tariyel Əhmədovu mənə göstərdi. O, avtomobilindəki paslı dəmir borunu gətirib mənə verərək Tariyelin şəkər xəstəsi olmasını və bir zərbə vursam, onun öləcəyini dedi. Bundan sonra, təxminən bir həftə ardıcıl, sübh tezdən tək idman meydançasına gedib Tariyel Əhmədovu izləməyə başladım. Sentyabrın 16-ı səhər saat 5 radələrində qarajlar tərəfdə dayanarkən, həmin şəxsin meydançaya gəlib, gəzişməyə başladığını gördüm və yaxşı fürsət yarandığını qətiləşdirdim. Yanından keçib, arxası mənə tərəf olanda yaxınlaşıb boru ilə Tariyelin baş nahiyyəsinə, yerə yıxıldıqdan sonra da bir dəfə belinə zərbə endirdim. Tariyelin hərəkətsiz vəziyyəydə qaldığını görüb öldüyünü düşündüm. Həmin vaxt ətrafda heç kim yox idi. Cəld gəldiyim istiqamətdə, qarajlar tərəfə qaçanda, cinayətin alətini tulladım. Piyada Musabəyov parkına, ordan taksi ilə "20 Yanvar” metrosunun yanına getdim. Dəyanətə zəng edib, "tapşırdığını elədim, gedirəm rayona” dedim. İmişli rayonuna çatandan sonra, telefonu və nömrəni sındırıb kanala atdım. Bir neçə gündən sonra Dəyanətlə görüşmək üçün Bakıya gəldim. Nizami küçəsində görüşərkən, dostum mənə 5000 manat verdi. Sonra ayrı-ayrı tarixlərdə o, hissə-hissə mənə təxminən 38.000 manat verdi.

Öldürdüyüm şəxsin kim olduğunu bilmirdim. Hadisənin səhərisi günü, televiziyalarda xəbərlərdə yayılan məlumatlarda Tariyel Əhmədovun "Təfəkkür” universitetinin prorektoru işlədiyini bildim.

2013-cü ildə birdən-birə Dəyanətin maddi imkanının artdığını, "BMW X5” və digər avtomobillər aldığını, habelə qumarda 177.000 manat uduzduğunu öyrəndim. Həmin ərəfələrdə Bakıda, xatırlamadığım kafedə oturanda, Dəyanət öldürdüyüm qoca kişinin dayısı Müşviqin müavini işlədiyini, Tariyelin Müşviqin barəsində mətbuatda pis məlumatlar paylaşdığını və məqsədinin onun yerinə keçmək olduğunu bildirdi. "Dayımın əlinə - ayağına dolaşırdı, ona görə də öldürtdürdü” dedi. Dəyanət mənə hər şeyin yaxşı olacağını söyləyərək, səbirli olmağımı və heç kimə keç nə danışmamağımı tapşırdı. Şəxsən Müşviq Atakişiyevlə heç vaxt görüşməmişəm. 12 il ərzində Bakıda iki dəfə saxlanıldım. Təxminən 2015-ci ildə Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən qumar oyununa görə və Nərimanov rayon Polis İdarəsinin 16-cı PŞ əməkdaşları tərəfindən marixuana istifadəsinə görə tutulmuşam. Birinci halda öz hesabıma buraxılsam da, ikinci dəfə Dəyanətin vasitəsi ilə şöbədən buraxıldım. 2023-cü ilin aprel ayında dostum polisə təslim olandan sonra, mənim də yaxınlarda tutulacağımdan çox narahat olmağa başladım və buna görə hər şeyi anama danışdım”.

Dəyanət Quliyev bildirib ki, 1994-98-ci illərdə "Təfəkkür” Universitetində təhsil alıb. Dayısı Müşviq Atakişiyev həmin dövrdə orda maliyyə şöbəsinin müdiri işləyib:

"Ümumiyyətlə atam tez vəfat etdiyindən dayım daim bizim ailəyə maddi və mənəvi dəstək göstərib. Sonralar Müşviq Atakişiyev universitetin prorektoru və rektoru vəzifələrində işlədi. 2015-ci ildə sosial şəbəkələrdə barəsində çoxlu sayda, guya rüşvət faktlarına yol verməsi barədə məlumatlar yayıldığı üçün öz ərizəsi ilə işdən çıxdı. 2011-ci ilin avqust ayında dayımın Teymur Əliyev küçəsində yerləşən evində olarkən, Müşviq mənə prorektor Tariyel Əhmədovun dinc dayanmadığını və haqqında mətbuatda onu nüfuzdan salan məlumatlar dərc etdirdiyini, buna son qoymaq məqsədi ilə həmin şəxsin səsini kəsmək lazım olduğunu bildirdi. Mənə, "Tariyeli elə vur ki, xəstəxanalıq olsun, qalanı mənlikdi” dedi. Əvvəllər Müşviqin Tariyellə münasibəti yaxşı olsa da, sonradan aralarında narazılıq yarandı. Söhbətdən 15-20 gün keçəndən sonra rastlaşanda dayım mənə "bir dənə iş tapşırdım sənə, bacarmadın” dedi. Müşviqə cinayəti törətməyi kənar şəxsə tapşırdığımı söyləmədim. Samir Quliyev razılaşandan sonra, sentyabr ayında yaşadığı binanın yanında, meydançada idman edən Tariyel Əhmədovu ona göstərdim və maşının yük yerində saxladığım dəmir borunu Samirə verdim. Ayın 16-da Samir Tariyeli öldürdü. Samirə müxtəlif vaxtlarda və yerlərdə hissə-hissə 30 – 35.000 manat verdim. Hər dəfə Samirin mənə zəng edib, pul istəməsindən arvadım Elnarə şübhələnmişdi. Səbəbini soruşanda yoldaşıma, dayımın mənə Tariyel Əhmədovu öldürməyi tapşırdığını, mən də cinayəti tanışım Samirdən törətməsini xahiş etdiyimi dedim.

4-5 ildən sonra Müşviq məni evinə çağırıb bu haqda soruşanda mən, "özüm edə bilmədim, amma narahat olma etibarlı uşaqdı, Dağıstanda yaşayır” dedim. Dayım isə bu işə başqa adamı qatdığıma görə məni danladı. Samirin gələcəkdə bizi şantaj edə biləcəyini bildirərək, həmin vaxtdan etibarən narahat yaşamağa başladı. Samir tez-tez müxtəlif polis şöbələri tərəfindən narkotik istifadəsinə görə saxlanılırdı. Təxminən 2017-ci ildə maddi imkanım yaxşı vəziyyətdə olmadığı vaxt Samir Binəqədi rayon Polis İdarəsinin 7-ci polis bölməsinin əməkdaşları tərəfindən üzərində narkotik vasitə ilə saxlanıldı. Bölmədən mənə tutulması haqda xəbər göndərdi. Məcbur qalıb, bölməyə yollandım və xatırlamadığım şəxslərlə görüşüb, Samiri sərbəst buraxdırdım. Narkotik vasitələr istifadə etməkdə davam edən Samir, növbəti dəfə, 2023-cü il aprelin 23-də İmişli rayonunda tutuldu. Ayın 24-də axşam mən sərxoş halda dayıma zəng edərək, Zirəddin adlı tanışıma qumarda 2000 manat uduzduğunu və mənə pul lazım olduğunu deyib. Müşviq pul verməkdən imtina edərək, məni acıladı. "Bezdiyimi və polisə gedəcəyimi” söyləyəndə, dayım "artıq onu şantaj etdiyimi” bildirdi”.

Zərərçəkmiş şəxsin hüquqi varisi qismində Zaur Əhmədov ifadəsində göstərib ki, atası Tariyel Əhmədovun sözlərinə görə, Müşviq Atakişiyevin maliyyə məsələləri ilə bağlı fırıldaq hərəkətləri səbəbilə onların münasibəti pozulub:

"2011-ci il sentyabrın 16-ı səhər saat 9 radələrində bacım Sevinc mənə zəng edib, ağlaya-ağlaya atamın idman meydançasında yıxılıb, öldüyünü dedi. Hadisədən sonra evdə, selofan torbanın içərisində mərhum atamın Atakişiyevin barəsində dövlət orqanlarına ünvanlanmış şikayət ərizələrini tapdım. Dəyanət və Samirin adlarını ilk dəfə istintaq zamanı eşitmişəm. Müşviq Atakişiyev atamın onun barəsində ifşaedici məlumatlar yaydığını bilirdi. Müşviq Tariyel Əhmədovun ətrafının geniş, yüksək vəzifəli dost - tanışının olmasından ehtiyat edib, üzünə gülsə də həmişə atamı özünə rəqib sayırdı. Atam həmişə "gec-tez rektor olmaq mənə nəsib olacaq, o kreslonu mənim haqqımı yeyənlərə vermərəm” deyirdi. Hesab edirəm ki, Atakişiyev rektor vəzifəsini itirəcəyindən qorxub və çıxış yolunu Taiyel Əhmədovu öldürməkdə görüb”.

Şahid Babək Aslanov ifadəsində göstərib ki, 1991 -ci ildə Tariyel Əhmədovun qızı Sevinc Aslanova ilə ailə həyatı qurub:

"2011-ci il sentyabrın 16-da Tariyel müəllimin sürücüsü bizə gələrək, qayınatamın idman meydançasında yıxılıb öldüyünü, polis əməkdaşlarının və çoxlu sayda insanların toplaşdığını dedi. Tələsik paltarlarımı geyinib, aşağı düşdüm. Meydançada, hasarın yanında idman geyimində olan Tariyel müəllimin meyitinin yerdə uzandığını gördüm. Əvvəl qohumumun turnikdən yıxılaraq, öldüyünü zənn etsəm də, sonradan onun naməlum şəxslər tərəfindən öldürüldüyünü öyrəndim. Yas yerinə gələn Universitetin rektoru Müşviq müəllimlə mübahisəmiz yarandı”.

Şahid Elnarə Quliyeva ifadəsində göstərib ki, aprelin 24-də həyat yoldaşı Dəyanət Quliyev dayısı Müşviqlə telefonla danışanda deyib ki, kiməsə pul borcu var:

"Daha sonra ərim bu əzabla yaşaya bilmədiyini, polisə zəng edib, hadisə barədə məlumat verəcəyini bildirdi. Dəyanətə içkili olduğunu, yatıb durandan sonra ayıq başla danışmasını dedim. Yoldaşım isə razılaşmayaraq, polisə zəng etdi və Tariyel Əhmədovu öldürməsi haqda məlumat verdi”.

Şahid Rəfail Şirinov ifadəsində göstərib ki, 2011-ci il sentyabrın 16-ı səhər saat 06:50-də yaşadığı evin yaxınlığındakı idman meydançasına gəlib:

"İdman edərkən, dəmir konteynerin yanında qaraltı görüb yaxınlaşdım. Baxanda, bir kişinin yerdə, üzü üstə uzanmış, hərəkətsiz vəziyyətdə qaldığını gördüm. Səsləsəm də, həmin şəxs cavab vermədi. Saat 6:57-də 102 xidmətinə zəng edərək, məlumat verdim. 10-15 dəqiqədən sonra polis əməkdaşları hadisə yerinə gəldilər”.

İş materiallarına əsasən, 2012-ci il aprelin 25-də 13 saylı dövlət notariat kontorunda 78.650 manat (100.000 ABŞ dolları) məbləğində pulun ödənilməsi şərtilə Zemfira Cəbrayılova, qızı Sevinc Aslanova və oğlu Zaur Əhmədov Tariyel Əhmədovun təsisçi payından universitetin rektoru Müşviq Atakişiyevin xeyrinə imtina ediblər.

Məhkəmədə və istintaqda verdiyi ifadələr arasında ziddiyət yarandığınıdan, Müşviq Atakişiyevin prokurorluqda verdiyi ifadəsi elan olunub. Yazılanlara əsasən o, 1993-cü ildən Dövlət Neft Akademiyasında müəllim işləyə-işləyə, eyni zamanda 2002-ci ilə kimi "Təfəkkür” Universitetinin Maliyyə İdarəsinin müdiri vəzifəsində çalışıb. 1994-cü ildə Universitetin rektoru Şaiq Abdullayev vəzifəsindən azad olunub. Onun yerinə Mail Dəmirli təyin olunub. 2002-ci ildə Ali Məhkəmənin qətnaməsi ilə Şaiq müəllim rektor vəzifəsinə bərpa olunaraq, bütün təsisçilik hüququ ona verilib. Bundan sonra Şaiq Abdullayev ümumi iclas keçirərək, təsisçilik hüququnu özü də daxil olmaqla 4 nəfər arasında bölmək qərarına gəldiyini bildirib. Təsisçilik hüququ Şaiq müəllim daxil olmaqla ona, Universitetin Elmi işlər üzrə prorektoru Taryel Əhmədova və Tədris işləri üzrə prorektoru Rahim Hüseynova həvalə edilib. Şaiq Abdullayevin müvafiq əmri ilə Müşviq Atakişiyev Universitetin rektoru vəzifəsinə təyin olunub. 2003-cü ildə Şaiq müəllim dünyasını dəyişib. Bacısı Fəriqanın xahişi ilə oğlu Dəyanəti 94-cü ildə universitetə qəbul etdirib. O, rektor seçiləndən sonra Taryel Əhmədovla aralarında sanki soyuqluq yaranıb. Arxasınca müxtəlif sözlər danışdığını bilsə də, bir ağsaqqal kimi onun hörmətini saxlamaqda davam edib. Səhv etmirsə, 2011-ci ilin avqust ayında eşidib ki, Tariyel rektor olmaqdan ötrü fəaliyyətə keçib. Buna görə də Müşviq Atakişiyev Əhmədovu bir müddətlik işindən uzaqlaşdırmaq qərarına gəlib. Uşaqlıqdan gözünün qabağında böyüyən Dəyanətə, Tariyelin onun yerinə göz dikdiyini, rektor olmağa hazırlaşdığını, buna görə də bunun qarşısını almaq lazım olduğunu bildirib. Dəyanətə, "Elə eləmək lazımdır ki, Tariyel 1-2 ay Universitet tərəfə gəlməsin, xəstəxanalıq olsun” deyib. Əhmədovu Universitetin qarşısında avtomobillə vurmağı və ya yolda başına daş parçası ilə xəsarət yetirməyi tapşırıb. O, başa düşürdü ki, hətta Tariyel öz evində xəstəlikdən ölsə belə, hamı ondan şübhələnəcək. Dəyanət münasib bir yol tapıb, cinayəti edəcəyinə söz verib. Ancaq Müşviq Dəyanətin cinayəti Samirə sifariş verdiyini bilməyib. Bacısıoğlu ilə razılaşıb ki, cinayəti törədəndən bir müddət sonra onun ətrafında görünməsin və telefonla əlaqə saxlamasın. Xəbərlərdə Tariyelin öldürüldüyünü eşidəndə bir anlıq Dəyanətin onun "başına iş açdığını” düşünüb həm əsəbiləşib, həm də qorxub. Həqiqətən də bu illər ərzində, rəsmi olmasa da hamı onu Taryelin ölümündə ittiham edib. Bacısıoğlunu bir neçə ay danışdırmayıb, hadisədən bir müddət sonra görüşəndə, Dəyanəti sərt şəkildə danlayıb. Cinayətə Samir adlı 3-cü şəxsin cəlb olunduğunu öyrənib.

Son sözündə Samir Quliyev özünü yalnız Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli hesab etdiyini bildirib. Dəyanət Quliyev və Müşviq Atakişiyev özlərini təqsirli bilməyiblər. Atakişiyev özünü Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilib.

Məhkəmə hesab edib ki, istintaq orqanı tərəfindən Müşviq Atakişiyev və Dəyanət Quliyevin əməlləri Cinayət Məcəlləsinin 32.3, 120.2.5-ci (sifarişlə qəsdən adam öldürmə əməlini təşkil etmə) maddələri ilə, Samir Quliyevin əməli Cinayət Məcəlləsinin 120.2.5-ci (sifarişlə qəsdən adam öldürmə) maddəsi ilə düzgün tövsif edilib və məhkəmə zamanı tam sübuta yetirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Müşviq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyev hər biri cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 14 il 6 ay müddətinə azadlıqdan məhrum olunublar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm