Beyonsu geyindirən azərbaycanlı kimdir? - “Məndən soruşurlar ki, Bakıda niyə hamı...”
Bizi izləyin

Dəb

Beyonsu geyindirən azərbaycanlı kimdir? - “Məndən soruşurlar ki, Bakıda niyə hamı...”

Bu yaxınlarda daha bir azərbaycanlı gəncin səsi-sorağı Milan Moda həftəsindən gəldi. Məlum oldu ki, Milanda nümayiş olunan “ACT N°1” adlı brendin arxasında öz ölkələrindən ilham alan iki istedadlı gənc dizayner - Luka Lin və Qalib Həsənov dayanır. Beyons kimi dünya ulduzunun bu markadan geyinməsi Qalibin şöhrətini əlbəttə ki, bir qədər də artırıb. Qalib Həsənov bir çox cəhətdən orijinallığı ilə seçilir. Lakin onun qısa müddətdə sevilməsini təkcə moda sahəsindəki istedadı ilə əlaqələndirmək olmaz. Məsələ burasındadır ki, cəmi 2 dəfə Bakıda olmasına baxmayaraq, dizayner doğma ana dilində təmiz, səlist və çox axıcı danışır.

“Bakıda hamı rus dilinə meyllidir, çox təəsssüf... Əslində hamı Azərbaycan dilinin dəyərini bilməlidir, çünki bu, bizim doğma dilimizdir, mənliyimizdir. Gürcüstanda böyüsəm də, Azərbaycan məktəbində oxumuşam. Gürcülər öz dillərinə böyük qiymət verirlər. Azərbaycandakı gürcü tanışlarım mənə“Bakıda niyə hamı rus dilində danışır” deyə sual verir. Xoşa gələn deyil, adamı utandıran haldır. Hər şey özümüzdən asılıdır, kənd yerlərində hamı ləhcə ilə danışır. Bakıda lənhcə ilə danışanlara gülürlər. Ədəbi dildə danışmaq istəyirəm. Evdə isə ləhcə ilə danışıram. Hər dilin öz şirinliyi, gözəlliyi var. Ləhcə ilə danışmaqdan utanmıram. İtalyan dilinin özündə o qədər ləhcələr var ki, onlar bir-birinə gülmürlər, xoşa gəlir, zarafatlaşırlar. Gürcülərdə də eynilə. Bizdə gülürlər, sonra da rus dilində danışmağa başlayırlar. Yaxşısı budur hamı Azərbaycan dilində öz ləhcəsi ilə danışsın” , - dizayner yerli media kanallarının birinə müsahibəsində dilə gətirib.

Publika.az oxucuları Qalib Həsənov və təsisçisi olduğu “ACT N°1” olduğu moda evinin uğur hekayəsi ilə tanış edir.

Bəs bizi qürurlandıran bu azərbaycanlı gənc kimdir?

Qalib Gürcüstanda vətəndaş müharibəsi başa çatandan bir il sonra Qaracala adlı kənddə anadan olub. 16 yaşında Tbilisi Milli Teatr və Kino Universitetinə daxil olub, sonradan moda təhsilini İtaliyada davam etdirib. Valideynləri onun nüfuzlu şirkətlərin birində ciddi karyera qurmasını arzu edirdi, amma Qalibin arzuları tamam başqa istimatə idi. Dizayner müsahibələrinin birində etiraf edib ki, atası onun bu peşəyə yiyənlənməsinə isti baxmayıb. Yalnız oğlunun qətiyyətini görəndən sonra anası ilə birlikdə dəstək olmağa başlayıb. Q.Həsənovun sözlərinə görə, o, qazandığı uğurları valideynlərinə borcludur və onların sayəsində bu səviyyəyə gəlib.

Tbilisi Mercedes-Benz Moda Həftəsinin yaradıcısı Sofiya Çkoniya Qalib Həsənovun karyerasına başladığı illəri belə xatırlayır: “O, demək olar ki, yoldan keçən, heç bir xüsusi təhsili olmayan oğlan idi. Amma 19 yaşında gənc dizaynerlər üçün təsis etdiyimiz “Be Next” müsabiqəsinin finalına qədər yüksəldi və Milanda moda təhsili almaq şansı qazandı, İtaliyada qalmağa qərar verdi”.

Moda sahəsində müəyyən biliklərə yiyələndikdən sonra Qalib Həsənov italyan mənşəli çinli Luka Lin birlikdə “Act no1” moda brendini təsis ediblər və Romada Frank Sozzaninin təşəbbüsü ilə gənc dizaynerlər üçün keçirilən “XIII Who Is On Next” müsabiqəsinin qalibi olublar. Belə görünür ki, bəxt gənc dizaynerlərin üzünə həmişə və hər yerdə gülür. Milandakı “White Show”da ilk kruiz kolleksiyalarını təqdim etdikdən sonra “Vogue Italia” jurnalından moda həftəsinə dəvət almaq onları yaradıcılığa daha çox ruhlandırır.

Brend 2016-cı ildə təsis edilməsinə baxmayaraq, qısa zamanda moda aləmində öz yerini tuta bilib. “Akt №1”italyancadan “Akt numero uno” oxunur və şirkətin yaradılmasına ilham verən anı - dizaynerlərin həyatındakı ilk qərarları, ilk addımları, ilk təcrübələri, rəngarəng uşaqlıq xatirələri və digər hekayələrdəki ilkləri simvolizə edir. “ACT N°1” moda tarixinə böyük diqqət yetirir, hər bir layihə dizaynerlərin şəxsi və mədəniyyətlərarası təcrübəsi ilə bağlıdır, bu təcrübə onların uşaqlıq, ailə, həyat tərzi əsasında qurulub, burada qədim Çin incəsənəti ilə Azərbaycan sənətkarlığı bir-birinə qovuşur. Buna söykənib deyə bilərik ki, qadın geyimlərinin yaradılmasında ixtisaslaşan brendin fəlsəfəsi multikulturalizm konsepsiyası, qədim ənənələrin simbiozu və müasirlikdir. Kolleksiyalarında xüsusilə klassika ilə funksionallığı birləşdirməyə çalışan dizaynerlər eyni zamanda Qədim Çin və Qafqazın tarix və incəsənətindən, pank estetikasından və müasir meqapolislərin memarlığından ilham alırlar.

Qalib Həsənov etiraf edib ki, xalçalarla bəzədilmiş evləri onun üçün ilk və sonsuz ilham mənbəyidir. “Uşaqlıqdan hekayələr uydurmağı sevirdim. Sonralar təsviri sənət vasitəsilə özümü ifadəni kəşf etdim və moda mənə ən yaxın yol oldu: o, musiqini, teatrı, yüksək sənəti və sənətkarlığı bir mövzuda qarışdırmağa və beləliklə, istənilən mesajı ötürməyə imkan verir. Ən sadə şey belə ilham verə bilər: nənənin çarpayısındakı naxışlar, otaqdakı xalçalar... Beləliklə, peşəyə maraq tədricən oyandı. Eyni zamanda həm çəkə, həm heykəltəraşlıq edə, həm insan bədənində nəsə yarada, həm də musiqi paylaşa və dünyaya nəyisə çatdıra biləcəyimi başa düşdüm və özümə dedim: “Elə bununla məşğul olacam. Müxtəliflik əladır! Və yeni şeyləri sınamaq, fərqli mədəniyyətlərin nöqteyi-nəzərindən baxmaq çox gözəldir. Biz bir-birimizə hörmət etməliyik, razılığa gəlməyin ən yaxşı yolu budur”, - istedadlı dizayner daha bir müsahibəsində dilə gətirib.

Brendin dizaynerləri həyatın müasir ritmini rəhbər tutur və bilirlər ki, qadınlığı təkcə incə obrazlar deyil, həm də cəsarətli fasonlar vurğulayır. Dizayner hesab edir ki, qadınların fərqli üslubları, fərqli rəngləri sınaması onun çox xoşuna gəlir və geyimdə azadlıq həqiqətən vacibdir.

İtaliyanın “Valentino” moda evinin İtaliya Moda Milli Palatası ilə birlikdə ard-arda böyük layihələrə imza atan brendi dəstəkləməsi təsisçilər üçün daha bir xoş sürpriz olub. Milanda “ACT N°1” Moda Həftəsi zamanı “ACT N°1”in 2023-cü ilin Yaz/Yay kolleksiyası “Valentino”nun 17,2 milyon instaqram hesabında onlayn göstərildi. İtalyan Moda Milli Palatasının prezidenti Karlo Kapaso “Vogue”-yə verdiyi müsahibəsində “ACT N°1” haqqında danışarkən bildirib ki, gənc istedadları tanımaq, onlara dəstək olmaq, özünü ifadəyə və eksperiment etmək imkanı vermək bu gün daha vacibdir. “Valentino”nun kreativ direktoru Pierpaolo Piccioli isə açıqlamasında “ACT N°1” brendinin multikulturalizminə və müxtəlifliyinə hörmətlə yanaşdığını vurğulayıb. Yeri gəlmişkən, brend bu il “Camera Moda Fashion Trust”dan qrant qazanıb.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm