Ərdoğanın 5 il əvvəl rədd edilən təklifi niyə DİRİLDİLİR? - ABŞ-ın Türkiyəyə qarşı XAİN PLANI
Bizi izləyin

Dünya

Ərdoğanın 5 il əvvəl rədd edilən təklifi niyə DİRİLDİLİR? - ABŞ-ın Türkiyəyə qarşı XAİN PLANI

ABŞ-ın dövlət katibi Reks Tillersonun “təhlükəsiz zonanın yaradılması üçün Türkiyə ilə birlikdə çalışa bilərik” şəklində bəyanatı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 5 il əvvəl irəli sürdüyü planı yada saldı.

Publika.az “Sabah” nəşrinə istinadən xəbər verir ki, Ərdoğan 2013-cü ilin may ayında baş nazir postunda olarkən ABŞ-a səfər etmiş və Suriyada uçuşa qadağan bölgənin elan edilməsini təklif etmişdi.

Ərdoğan həmçinin, evlərini tərk etmək məcburiyyətində qalan vətəndaşlar üçün təhlükəsiz bölgənin yaradılması və koalisiya gücləri ilə ortaq quru əməliyyatın həyata keçirilməsini nəzərdə tutan 3 mərhələli planı təqdim etmişdi. Lakin plan dövrün ABŞ prezidenti Barak Obama tərəfindən qəbul olunmamışdı.

Beləliklə, Suriyada “təhlükəsiz zona”nın yaradılmasını təklifi edən ABŞ Türkiyənin 5 il əvvəlki mövqeyinə qayıtmış oldu.

Tillersonun “təhlükəsiz zona” ilə bağlı bəyanatından dərhal sonra Ankaraya gələn ABŞ Dövlət Departamentinin müşavirinin köməkçisi Jonatan Kohen dünən Türkiyə Xarici İşlər Nazirliyi və Baş qərargahda bir sıra görüşlər keçirdi. Görüşlərdə Afrində başladılan “Zeytun budağı” əməliyyatı, Suriyanın gələcəyində Türkiyənin rolu və Vaşinqtonun təklif etdiyi “təhlükəsiz zona”nın yaradılması müzakirə edildi. Ankara isə bütün etirazlara baxmayaraq, PYD/YPG terror təşkilatına minlərlə TIR silah göndərən Vaşinqtonun təklifinə məsafəli davranır.

ABŞ-ın Afrində keçirilən əməliyyatla bağlı “narahatıq” şəklində çağırışlarına isə prezident Ərdoğan “Afrində geri addım atmaq yoxdur, əməliyyat hədəfə çatana kimi davam etdiriləcək. Kimsədən icazə almayacağıq” sözləri ilə cavab verdi. ABŞ-ın “təhlükəsiz zona”nın yaradılması barədə təklifi isə Türkiyənin “Zeytun budağı” əməliyyatından diqqəti yayındırma və Türkiyəni hədəfindən uzaqlaşdırma cəhdi kimi qiymətləndirilir.

“Zeytun budağı” əməliyyatı davam etdiyi bir vaxtda Rusiyadan ABŞ-ın ünvanına sərt tənqidlər səslənir. Dövlətə məxsus ingilisdili xəbər kanalı “Russia Today” suriyalı kürdləri dəstəkləyən ABŞ-ın yalnız 9 gün içində Türkiyəni dəstəkləməyə başlamasına diqqət çəkib. Kanalın analizində bildirilir ki, ABŞ öz müttəfiqləri tərəfindən Suriya masasından kənarlaşdırılmaması üçün çarəsizcə çırpınır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm