Anma, yoxsa siyasi gediş? - Bütün gözlər Papanın Türkiyə səfərindədir
Bizi izləyin

Dünya

Anma, yoxsa siyasi gediş? - Bütün gözlər Papanın Türkiyə səfərindədir

Vatikan lideri Papa XIV Leonun Türkiyəyə planlaşdırılan ziyarəti diqqət mərkəzindədir.

Publika.az xəbər verir ki, ziyarət Birinci İznik Konsilinin 1700‑cü ildönümünü anmaq məqsədilə həyata keçirilir.

Rəsmi açıqlamalara görə, məqsəd xristian dünyasında birlik mesajı vermək və konsilin tarixi mirasını xatırlatmaqdır.

Papa XIV Leonun səfərinin ilk dayanacağı Ankara olacaq. O, burada prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcək və Anıtkabiri ziyarət edəcək. Daha sonra İstanbula gedərək dini liderlərlə görüşlərdə iştirak edəcək. Noyabrın 28-də Papa İznikdəki qədim Müqəddəs Neofitos Bazilikasının xarabalıqları yanında keçiriləcək ayində iştirak edəcək. Noyabrın 29-da isə İstanbulda təxminən 6000 nəfərin iştirakı ilə böyük mərasim təşkil olunacaq və mərasimdən sonra xristian kilsəsi liderləri ilə görüşlər planlaşdırılıb.

Lakin ziyarət yalnız dini tədbir kimi qəbul edilmir. Bəzi milliyyətçi və ortodoks dairələr səfərin Türkiyənin suverenliyi və milli‑dini həssaslıqlarına risk yaratdığını bildirir.

Müzakirələrin diqqət mərkəzində olan məsələ Papa XIV Leonun Fənər Rum Patriarxlığının Ruhani Lideri Bartolomey ilə imzalayacağı birgə bəyannamədir. Vatikanın cədvəlinə əsasən, Papa noyabrın 29-da Patriarxla birgə sənəd imzalayacaq. Bu bəyannamə, Nikeya Şurasının 1700 illik yubileyi münasibəti ilə Patriarxlığın dünyadakı bütün pravoslav kilsələrinin lideri olduğu tezisini yenidən gündəmə gətirəcək.

Bu addım Lozanna müqaviləsi ilə ziddiyyət yarada biləcəyi səbəbi ilə müzakirələri qızışdırıb. Yunan mətbuatı isə Bartolomeyi 300 milyon pravoslav xristianın ruhani lideri kimi göstərməyə davam edir. Ekspertlər bildirir ki, bu bəyannamə Yunanıstan-Türkiyə münasibətləri, Lozanna müqaviləsi və beynəlxalq diplomatiya baxımından mübahisəli nəticələr doğura bilər.

Xüsusilə Fənər Rum Patriarxlığının ekumenizm (xristian kilsələri arasında birlik və əməkdaşlıq prinsipi, fərqli məzhəblər arasında dini dialoq və həmrəylik ideyası - red.) çağırışları müzakirələrə səbəb olub.

Türk Ortodoks Patriarxlığının sözçüsü Səlcuq Erenerol, Papa XIV Leonun səfərini və Fənər Rum Patriarxlığının açıqlamalarını tənqid edərək xəbərdarlıq edib: “ABŞ-ın təzyiqi ilə 1949-cu ildən bəri ekümenizm tətbiq etməyə çalışırlar. Bu cəhd Türkiyənin bölünməzliyini və Rum Kilsəsinin milli azlıq statusunu təhdid edir. Sərhədləri Lozanna müqaviləsi və konstitusiyamızla müəyyən edilən və heç bir rəsmi təmsilçiliyi olmayan kilsədir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm