Dünya
Çin ABŞ-a QARŞI - “Qızıl əjdaha” “Sem dayı”ya meydan oxumağa hazırlaşır
Son illərdə qlobal maliyyə arxitekturasında ən mühüm strateji dəyişikliklərdən biri kimi qiymətləndirilən proses fonunda iri həcmdə qızıl ehtiyatları sürətlə Şərqə - “Qızıl əjdaha”ya (Çinə) doğru yönəlir.
Publika.az xəbər verir ki, bu barədə Çin "Baijiahao" nəşri yazır.
Çin gömrük məlumatlarına əsasən, 2025-ci ilin ilk 11 ayında Çin Rusiyadan rekord həcmdə - 1,9 milyard dollar dəyərində qızıl alıb. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə təxminən doqquz dəfə çoxdur. Xüsusilə oktyabr və noyabr aylarında Rusiyadan Çinə qızıl ixracı müvafiq olaraq 930 milyon və 961 milyon dollar təşkil edərək aylıq rekordlar müəyyənləşdirib. Bu rəqəmlər beynəlxalq maliyyə dairələrində ciddi rezonans doğuraraq, Pekinin dəyişən qlobal şəraitdə başladığı dərin transformasiya proseslərinə işarə edir.
Qızıl ticarətinin sürətlə artmasına iki ölkənin maraqlarının üst-üstə düşməsi şərait yaradıb. Dünyada qızıl hasilatına görə ikinci yerdə qərarlaşan Rusiya (illik hasilat 310 tondan çoxdur) sanksiyalar səbəbindən ənənəvi Qərb bazarlarına, xüsusilə London bazarına çıxışını itirib və yeni satış kanalları axtarmağa məcbur qalıb. Eyni zamanda Çin uzunmüddətli strategiya çərçivəsində dövlət qızıl ehtiyatlarını ardıcıl şəkildə artırır.
Çin Xalq Bankının məlumatına görə, 2025-ci ilin oktyabr ayının sonuna ölkənin rəsmi qızıl ehtiyatları 12 ay fasiləsiz artımdan sonra 74,09 milyon troya unsiyasına (təxminən 2304 ton) çatıb. Sanksiyalar fonunda Rusiya qızılının beynəlxalq bazarla müqayisədə daha ucuz olması Pekin üçün xüsusilə əlverişli alış imkanları yaradıb. "Societe Generale" maliyyə qrupunun analitikləri Çinin 2025-ci ildə faktiki olaraq 250 tona qədər qızıl ehtiyatı artırmış ola biləcəyini istisna etmirlər.
Dollar asılılığından imtina strategiyası
Çinin qızıl ehtiyatlarını artırması təkcə ayrı-ayrı addım deyil, dollar sistemindən asılılığın azaldılması və valyuta ehtiyatlarının şaxələndirilməsi strategiyasının əsas tərkib hissəsidir. Bu proses ABŞ xəzinədarlıq istiqrazlarının Çin portfelində azalması ilə paralel gedir. ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, 2025-ci ilin oktyabrında Çinin ABŞ istiqrazlarındakı ehtiyatları 688,7 milyard dollara düşərək 2008-ci ildən bəri minimum səviyyəyə enib.
Qərbin Rusiyanın təxminən 330 milyard dollarlıq aktivlərini dondurması Pekin üçün ciddi xəbərdarlıq siqnalı olub və Qərb maliyyə sistemində aktivlərin siyasi alətə çevrilə biləcəyini nümayiş etdirib. Bu kontekstdə qızıl sistemdənkənar, suveren və fiziki aktiv kimi xüsusi əhəmiyyət qazanır.
Ekspertlər qeyd edirlər ki, Rusiya-Ukrayna münaqişəsinin davam etməsi, ABŞ-ın Tayvan məsələsində sərt mövqeyi, FED-in gələcək monetar siyasətində mümkün dəyişikliklər və ABŞ dövlət borcunun 37 trilyon dolları aşması Çini müxtəlif ssenarilərə hazırlaşmağa vadar edir. Bu çərçivədə Pekin neft, taxıl və nadir torpaq metalları üzrə strateji ehtiyatlarını da artırır.
Dedollarizasiya və yuanın perspektivləri
Çin və Rusiya arasında qızıl ticarəti dedollarizasiya proseslərini və yuanın beynəlxalq mövqeyinin güclənməsini sürətləndirir. Son illər ikitərəfli ticarətdə milli valyutalarla hesablaşmaların payı artmaqdadır. Gələcəkdə qızıl əməliyyatlarının da yuan və ya rubl ilə aparılması gözlənilir.
Mütəxəssislərin fikrincə, Çinin iri həcmdə qızıl toplaması qlobal valyuta sisteminin mümkün yenidən qurulmasına hazırlıq kimi qiymətləndirilə bilər. Bu baxımdan yüzlərlə ton qızılın sakit şəkildə Şərqə daşınması təkcə ticarət əməliyyatı deyil, yeni maliyyə reallığının əsasını qoyan strateji addımdır.
Qeyd: "Sem dayı" (ing. Uncle Sam) - ABŞ-ın dünyada qəbul edilmiş qeyri-rəsmi simvolu. Əsasən uzun ağ saçları, uzunsov başlığı və dizə kimi çatan geyimi ilə təsvir edilmişdir. "Sem dayı" personajı Conatan Birayder və Yanke Dodlinin xarici görünüşünün əsasında çəkilmişdir. "Sem dayı" adının yaranma tarixi barədə dəqiq məlumat yoxdur. Ancaq adın Nyu-York ştatının Troy şəhərində yaşayan Samuel Vilson adlı iş adamının adı ilə bağlı olduğu ehtimal edilir.
“Qızıl əjdaha” – Çini simvolizə edən metaforadır; burada qızıl həm də maliyyə, valyuta ehtiyatları və iqtisadi gücə işarə edir.
Hüseyn İbadlı
-
Hadisə13:13Təyyarə qəzasında həlak olan məşhur müğənni ilə bağlı şok iddia: Yuxuda görübmüş ki... - VİDEO
-
Region12:21İranda etirazçılar lazerlərlə belə hədəfə alınırlar - VİDEO
-
MDB12:00Peskovun cazibədar qızının Əbu-Dabidən olan paylaşımı müzakirələrə səbəb oldu - FOTOLAR
-
Sosial10:24Hövsanda sakinlərə kütləvi şəkildə borc yazıldı: Qalmaqal - VİDEO
-
MDB09:41Köhnə Yeni ili qeyd etməyin sirri: Keşiş izah etdi
-
Magazin209:00Daha bir əfsanəvi musiqiçi HƏYATLA VİDALAŞDI
-
ABŞ08:48Atasını, qardaşını, əmisini və daha 3 nəfəri qətlə yetirdi - ŞOK DETALLAR
-
Dünya08:24Dəhşətli təyyarə qəzası - Məşhur müğənni də HƏLAK OLDU






















.webp)









