ABŞ bu ölkədə nüvə sualtı qayığı yerləşdirir: Müharibə başlayarsa...
Bizi izləyin

Dünya

ABŞ bu ölkədə nüvə sualtı qayığı yerləşdirir: Müharibə başlayarsa...

Qərbi Avstraliyadakı "Stirling" Hərbi Dəniz Bazası hər an Amerika nüvə sualtı qayıqları üçün bazaya çevrilə bilər. ABŞ və Çin arasında Tayvana görə silahlı münaqişə baş verərsə, bu bazadan istifadə olunacaq.

Publika.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.

Jurnal bazanı Vaşinqtonun "sığorta polisi" adlandırıb.

Bildirilir ki, ABŞ yaxın illərdə bazaya dörd nüvə sualtı qayığı yerləşdirməyi planlaşdırır. Birincisinin 2027-ci ildə "Stirling"ə çatması planlaşdırılır. Yerləşdirmə Avstraliya, Birləşmiş Krallıq və ABŞ-ı əhatə edən AUKUS müdafiə alyansının bir hissəsi hesab olunur.

Qeyd olunur ki, hazırda Amerika sualtı qayıqları Quam adasında yerləşir. Münaqişə baş verərsə, Pekin bu əraziyə qabaqlayıcı zərbə endirə və hərbi infrastrukturu sıradan çıxara bilər.

ABŞ sualtı qayıq qrupunun komandiri, kontr-admiral Linkoln Reyfstek bazanı ziyarət edərkən qeyd edib ki, döyüş zonasına yaxın təmir bazasının olması gəmilərin tez bir zamanda xidmətə qaytarılması üçün vacibdir. Bundan əlavə, qarşıdurma halında ABŞ sualtı qayıqları Çinin əsas dəniz ticarət yollarını dayandıra biləcək.

Məlumata görə, bazanın modernləşdirilməsi üçün təxminən 5,6 milyard dollar ayrılıb.

Həmçinin bildirilir ki, Avstraliya, "Stirling" yaxınlığında yerləşən və bazaya körpü ilə birləşdirilmiş "Henderson"da əsaslı təmir və gəmiqayırma mərkəzinin tikintisinə daha 8,4 milyard dollar ayırıb. Orada sualtı qayıqların əsaslı təmiri üçün quru dokların inşası gözlənilir.

Diqqətə çatdıraq ki, Avstraliya rəsmi olaraq öz ərazisində xarici hərbi bazaların yerləşdirilməsinə icazə vermir. Buna görə də, Amerika qüvvələrinin yerləşdirilməsi rəsmi olaraq rotasiya kimi təqdim olunur. Lakin infrastruktur sualtı qayıqların uzunmüddətli mövcudluğu nəzərə alınmaqla hazırlanır.

Avstraliya hakimiyyəti bazaya ABŞ və Böyük Britaniyadan təxminən 1200 hərbi qulluqçunun gələcəyini təxmin edir. London həmçinin "Stirling"də sualtı qayıq yerləşdirməyi planlaşdırır.

Xatırladaq ki, layihə yerli sakinlərin etirazına səbəb olub.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm