Dünya
Qlobal iqtisadiyyat böhran astanasında: Neft bu qiymətə yüksələ bilər
ABŞ və İsrailin İrana qarşı apardığı müharibə bir aydan artıqdır ki, davam edir. ABŞ və İsrail havada və suda üstünlüyə nail ola bilib, lakin bu, İran raketlərinin və dronlarının İsrail şəhərlərinə və Körfəz ölkələrinə davam edən hücumlarının qarşısını almır. Regionda artan gərginlik təkcə hərbi sahədə deyil, siyasi və iqtisadi müstəvidə də ciddi təsirlər yaradır.
Bu, yalnız başlanğıcdır
“Bloomberg” yazır ki, dünya tarixin ən böyük iqtisadi sarsıntılarının astanasındadır və böhran Asiyaya ağır zərbə vurub, Avropaya yaxınlaşır. Ekspertlərin gəldiyi qənaət budur ki, əgər Hörmüz boğazı yaxın vaxtda açılmasa, qlobal iqtisadi çöküşün qarşısını almaq mümkün olmayacaq. ABŞ Prezidenti Donald Tramp isə Hörmüz boğazının tezliklə açılacağını və İranın artıq məğlub edildiyini bəyan edib: “Mövqeyim belədir ki, mən bu ölkəni darmadağın etmişəm. Onların artıq gücü qalmayıb, qoy bu boğazdan istifadə edən ölkələr gedib onu özləri açsın”. Lakin istənilən halda neft tədarükü sahəsində tarixin ən böyük sarsıntıları artıq bir aydır ki, davam edir. Qiymətlər sürətlə yüksəlir, çatışmazlıq isə Tailanddan Pakistana qədər bütün Asiyada hiss olunur. Enerji sektoru xəbərdarlıq edir ki, bu, yalnız başlanğıcdır. “Bu yaxınlarda təxminən 40 qaz treyderi, şirkət rəhbəri, broker, yükdaşıyıcı və məsləhətçi ilə aparılan söhbətlərdə dəfələrlə eyni fikir səslənib: dünya hələ vəziyyətin ciddiliyini tam dərk etməyib”, - “Bloomberg” yazıb.

Neftin qiyməti 200 dollara kimi arta bilər
İranın inadkarlıqla boğazı bağlı saxlaması Avropa və Amerikada böyük narahatlıqla qarşılanır. Yanacağın qiymətinin artması ABŞ-də insanların etirazına səbəb olub, Fransa və İtaliyada kütləvi aksiyalar keçirilir. “Goldman Sachs” və “Barclays” kimi iri investisiya banklarının analitikləri hesab edirlər ki, neftin 1 barelinin qiymətinin 130 və 140 dollara çatması dünya iqtisadiyyatı üçün problemlər yaradır. Neftin nəqlindəki problem davam etsə, vəziyyət daha da çətinləşəcək. “Oxford Economics” təhlilçiləri bildiriblər ki, boğaz daha üç həftə bağlı qalsa, neftin qiyməti 200 dollara kimi arta bilər. Nəzərə çatdırılıb ki, 1973-cü ildə Ərəbistan neftinə tətbiq edilən sanksiyalar nəticəsində istehlak mallarının qiyməti 4 dəfə artıb. 1979-cu ildə isə İrandakı inqilabdan sonra tətbiq edilən sanksiyalar nəticəsində istehlak mallarının qiyməti 150 faiz artıb. Təcrübə göstərir ki, dünya bazarına neftin nəql olunmasında problemlər nəticəsində bütün malların qiyməti artır və inflyasiya baş verir.

İranla müharibədən udan və uduzanlar
Amma bu müharibədən qazananlar da var. Bəs onlar kimlərdir? Qazananlar sırasında daha çox Norveç, Kanada və Rusiyanı göstərmək olar. Faktiki blokada və enerji infrastrukturuna hücumlar Qətər və Səudiyyə Ərəbistanı kimi ölkələrə ciddi zərbə vurub. Nəticədə alıcılar alternativ mənbələr axtarır və bu durumda Norveç və Kanada kimi ölkələr qazanır. Kanadanın energetika naziri Tim Hodscon öz ölkəsini "sabit, etibarlı, proqnozlaşdırıla bilən, dəyərlərə əsaslanan enerji istehsalçısı" kimi təqdim edib. Lakin Kanadanın da neft hasilatını nə dərəcədə artıra biləcəyi barədə suallar qalır.
ABŞ qazanır, ya itirir?
ABŞ isə faktiki olaraq Körfəz ölkələrinin hesabına Moskvaya əhəmiyyətli qazanc təmin etmək riski ilə üz-üzədir. Vəziyyətdən potensial olaraq qazanan başqaları da var. Bəzi ölkələrdə kömür istifadəsi artır, onun qiymətləri də yüksəlir və bu, böyük kömür ixracatçıları, məsələn, İndoneziya üçün imkanlar yaradır. Bəs ABŞ-nin özü necə? Prezident Donald Tramp iddia edir ki, neft qiymətlərinin artması ilə ABŞ "çoxlu pul qazanır". Həqiqətən, Amerika neft şirkətləri bu il neft qiymətləri cari səviyyədə qalarsa, milyardlarla dollar əlavə gəlir əldə edə bilər. Lakin bu, tam da istənilən nəticə deyil. Bəzi şirkətlərin işinə Yaxın Şərqdəki istehsal fasilələri təsir edir. Məsələn, “ExxonMobil” Qətərin ən böyük sənaye mərkəzlərindən biri olan Ras-Laffanda fəaliyyət göstərir. Orada istehsal martın əvvəlindən dayandırılıb, bu yaxınlarda isə obyekt İranın raket zərbələrinə məruz qalıb ki, bu da "əhəmiyyətli dağıntılara" səbəb olub. İkincisi, topdansatış qiymətlərinin düşməsi fonunda güclər illərdir azaldılırdı və indi bir çox şist nefti istehsalçıları hasilatı tez artıra bilmir. Adambaşına hesablandıqda amerikalılar dünyanın ən böyük neft və qaz istehlakçılarıdır. “Oxford Economics” iqtisadçıları xəbərdarlıq edirlər ki, əgər neftin bir bareli 140 dollara yüksəlsə, ABŞ iqtisadiyyatında daralma başlaya bilər. Təbii ki, bu baxımdan yalnız amerikalılar narahat deyillər. Avropa istehlakçıları, xüsusilə Böyük Britaniya sakinləri, idxal olunan qazdan asılıdır və bu, iqtisadi artım üçün yüksək risk deməkdir.

Borc böhranı və inflyasiya
Təbii ki, ən böyük birbaşa təhlükə Hörmüz boğazından şərqə doğru göndərilən neft və mayeləşdirilmiş qazın ənənəvi alıcıları üçün yaranıb. Asiya Yaxın Şərqdən gələn neftin 59%-ni alır. Cənubi Koreyada bu göstərici 70%-dir. Hadisələrin dəqiq necə inkişaf edəcəyi, təbii ki, münaqişənin bundan sonrakı gedişindən asılıdır. Əgər müharibə uzanarsa, təkcə ayrı-ayrı ölkələrin deyil, bütün dünya iqtisadiyyatının zərər görə biləcəyi riski yüksəkdir. Gələcək sarsıntılara gəldikdə, borc böhranı və inflyasiya ilk yerdə göstərilir. ("Kaspi" qzəeti)
-
Hadisə12:36Dəm qazından zəhərlənən 6 uşaqdan biri öldü
-
MDB12:06İrəvanda nə baş verir? - Su anbarından iranlıların meyiti tapıldı (Video)
-
Sağlamlıq11:56Bizi ölümə yaxınlaşdıran ciddi simptomlar - Həkim "dərhal təcili yardım çağırın" deyir
-
İdman11:25Boşanmasından danışdı: Allaha çox minnətdaram
-
Nida Xəbər 10:00İran səfiri: "Azərbaycan humanitar yardım göndərən ilk ölkə idi"
-
Nida Xəbər 09:20Prezidentin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınır
-
Sağlamlıq08:45Azərbaycanda tüğyan edən xəstəliyin müalicəsi açıqlandı - Bununla sağalın
-
Hadisə08:30Xəzərdə zəlzələ oldu







































