ABŞ-İran memorandumunun bir bəndi açıqlandı: Vaşinqton öhdəlik götürüb ki…
Bizi izləyin

Dünya

ABŞ-İran memorandumunun bir bəndi açıqlandı: Vaşinqton öhdəlik götürüb ki…

ABŞ-İran memorandumunun bir bəndi açıqlandı: Vaşinqton öhdəlik götürüb ki…

ABŞ 17 iyunda qüvvəyə minən 14 maddəlik memorandum çərçivəsində İranın dondurulmuş aktivlərini tamamilə təhvil verməyi öhdəsinə götürüb.

Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyinin ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Mənbələrə görə, vəsaitlərin köçürülməsinin dəqiq təfərrüatları hələ razılaşdırılmayıb. Öhdəliyin yalnız ABŞ-da saxlanılan aktivlərə, yoxsa ABŞ sanksiyaları səbəbindən ölkə xaricində bloklanmış xeyli miqdarda vəsaitə aid olub-olmadığı hələlik məlum deyil.

Ekspertlər ABŞ-dan kənarda dondurulmuş İran aktivlərinin ümumi məbləğinin 24 milyard dollarla 100 milyard dollar arasında olduğunu təxmin edirlər. Bu vəsaitlər əsasən ölkənin dövlət büdcəsinin 45 faizinə qədərini təşkil edən neft və qaz satışından gəlir, lakin sanksiyalar səbəbindən dondurulub.

Bu qərar Vaşinqtonda siyasi mübahisələrə səbəb olub. Sərt xətt tərəfdarları təzyiqin azaldılmasının Tehrana nüvə proqramını maliyyələşdirməyə və Yaxın Şərqdəki müttəfiq qrupları dəstəkləməyə imkan verəcəyini iddia etdilər.

Lakin Trampın öz arqumenti var: "Bu, bizim pulumuz deyil, onların puludur. Əgər onu geri qaytarmasaq, heç kim bir daha dollara investisiya qoymayacaq".

Respublikaçı senator Ted Kruz bloklanmanın açılmasını "pis fikir" adlandırıb və hər kəsə xatırladıb ki, "tarix bizə bizi öldürmək istəyən teokratik dəlilərə milyardlarla dollar verməməyi öyrədir".

İran üçün aktivlərin blokdan çıxarılması milli valyutanın çökməsi, kütləvi etirazlar və bombardmanlar nəticəsində dağıdılmış infrastruktur fonunda çox vacibdir. May ayında ABŞ-ın dəniz blokadası səbəbindən ölkənin neft hasilatı son beş ilin ən aşağı səviyyəsinə düşüb.

Daha əvvəl ABŞ və İran müharibəyə son qoymaq üçün anlaşma memorandumu imzalayıblar. Sənəd məsafədən, elektron şəkildə imzalanıb və qüvvəyə minib .

Daha sonra hər iki tərəf imzalanmanı təsdiqləyib. Xüsusilə, İran və ABŞ bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə söz veriblər. Tərəflər həmçinin bir-birinin daxili işlərinə qarışmamaq barədə razılığa gəliblər. ABŞ memorandum imzalandıqdan sonra 30 gün ərzində qoşunlarını İrana bitişik ərazilərdən çıxarmağa söz verib. İran da öz növbəsində Hörmüz boğazından keçmək üçün gəmilərdən pul almamağa söz verib.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm