Dünya
Zeydilikdən Husilərə: Yəməndə böhranın tarixi kökləri - Ölkə parçalanacaq?
Yəməndə İranın dəstəklədiyi Husilər ilə Səudiyyə Ərəbistanının dəstəklədiyi qüvvələr arasında qarşıdurma yenidən alovlanıb. Babül-Məndəb boğazı ətrafında strateji ərazilərin nəzarəti uğrunda mübarizə ölkədəki böhranın yalnız bugünkü siyasi proseslərlə məhdudlaşmadığını göstərir.
Publika.az xəbər verir ki, bu barədə “Milliyet” təhlil dərc edib.
Nəşrə danışan tarixçi-yazıçı Mustafa Batuhan Bozkurta görə, Yəməndəki qarşıdurmaların kökləri ölkənin coğrafi quruluşu və əsrlər boyu mərkəzləşdirilmiş hakimiyyətin formalaşa bilməməsi ilə bağlıdır. Ölkənin şərqində geniş vadilər və səhralar, qərbində isə yüksək və sərt dağlıq ərazilər yerləşir. Bu amil müxtəlif bölgələrdə yerli güclərin uzun müddət mövcudluğunu qorumasına şərait yaradıb.
Osmanlı dövründə də Yəməndə mərkəzi hakimiyyətin tam şəkildə qurulması mümkün olmayıb. Xüsusilə ölkənin şimalında Zeydi imamlar güclənib, sonradan Qasimi imamlar bölgənin əsas siyasi qüvvələrindən birinə çevrilib.
Zeydilikdən Husilərə
Zeydilik 12 İmam şiəliyindən fərqli şiə ənənəsidir. Məzhəb adını İmam Zeynəlabidinin oğlu Zeyd ibn Əlidən götürür. Zeydi imamət anlayışında imamın Əhli-beyt nəslindən olması, ədalətli və elm sahibi sayılması, imamət iddiasını açıq şəkildə elan etməsi və tərəfdar toplaması əsas şərtlər hesab olunurdu.

Bu səbəbdən Zeydilik siyasi hakimiyyət uğrunda mübarizədə daha açıq xarakter daşıyıb. 897-ci ildə Yəhya ibn Hüseynin Səda bölgəsinə gəlişi ilə Yəmən Zeydiliyinin əsas qollarından biri olan Hədaviyyə ənənəsi formalaşıb.
Lakin mütəxəssis Zeydilərlə bugünkü Husilərin eyniləşdirilməsinin düzgün olmadığını vurğulayır. Zeydilər əsrlər boyu mövcud olan dini-siyasi ənənə, Husilər isə daha yaxın dövrdə həmin mühitdən yaranmış müasir siyasi-hərbi hərəkatdır.
Husilər necə meydana çıxdı?
Husilərin formalaşmasında 1990-cı illərdə Səda bölgəsində Zeydi kimliyini gücləndirməyə yönəlmiş təhsil və gənclik hərəkatları mühüm rol oynayıb. Bu çevrə sonradan Hüseyn Bədrəddin əl-Husinin ətrafında siyasiləşib və hərəkat adını məhz Husi ailəsindən götürüb.
Husilər 1990-cı illərdən İranla əlaqələr qurmağa başlayıb. Sonrakı dövrdə bu münasibətlər daha da möhkəmlənib və Husilər İranın bölgədəki müttəfiqlərinin daxil olduğu “Müqavimət Oxu”nun əsas aktorlarından birinə çevrilib.

Yəmən yenidən bölünə bilərmi?
Bozkurt Yəmənin uzunmüddətli perspektivdə yenidən Şimal və Cənub olaraq iki yerə bölünəcəyini düşünmür. Onun fikrincə, qısa müddətdə faktiki bölünmüş Yəmən mənzərəsi yarana bilər, lakin bunun qalıcı olması ehtimalı azdır.
Ekspert bildirib ki, əsas məsələ Yəmənin yenidən birləşib-birləşməyəcəyindən çox, birləşmənin hansı siyasi qüvvənin nəzarəti altında baş verəcəyidir.
Husilər hazırda Qırmızı dəniz və Babül-Məndəb boğazına yaxın ərazilərə nəzarət etməklə dünya ticarətinə təsir imkanına malikdir. Bu isə Yəmən böhranını ölkədaxili qarşıdurmadan daha geniş regional problemə çevirir.

Səudiyyə Ərəbistanı üçün əsas təhlükə
Səudiyyə Ərəbistanı baxımından İranla yaxın əlaqələri olan güclü Husi hakimiyyətinin ölkənin cənub sərhədində möhkəmlənməsi ciddi təhlükəsizlik problemi hesab olunur.
Yəmən tarixən də regional güclərin rəqabət meydanı olub. XVI əsrdə Portuqaliya ekspansiyasından XIX əsrdə Britaniyanın Ədəndə qurduğu müstəmləkə hakimiyyətinə qədər ölkə müxtəlif xarici müdaxilələrin təsiri altında qalıb. Sonrakı dövrlərdə vətəndaş müharibələri və regional müdaxilələr Yəmənin siyasi sabitliyini daha da zəiflədib.
Hazırkı vəziyyətdə yaxın zamanda tərəflərin davamlı sülh razılaşmasına gəlməsi real görünmür. Yəmənin strateji mövqeyi və tarixi ticarət yolları ölkəyə böyük iqtisadi potensial versə də, uzun illərdir davam edən daxili və xarici qarşıdurmalar bu imkanların reallaşmasına mane olur.
Müəllif: Roza
-
Paranormal10:46O dünyaya 15 dəqiqəlik səfər - Ölüb-dirilən gənc elə şeylər danışdı ki...
-
Rəsmi xronika10:16İlham Əliyev Türkmənbaşı şəhərində "Avaza" Kompleksinə getdi - FOTO
-
Dünya09:30Rusiyanı vəba bürüyür, dünyanı xof basır: Necə yayılır?
-
Rəsmi xronika09:26İlham Əliyev Türkmənistana getdi - VİDEO
-
Sosial09:00Əhali üçün mühüm proqnoz verildi - Pensiyalara da təsir edə bilər
-
Region08:31İstanbulda dəhşət: Altımərtəbəli yaşayış binası çökdü - Dağıntılar altında qalanlar var
-
Avropa08:2470 il yaşadığı evdən çıxarılan 87 yaşlı qadın öldü: Etirazların simvoluna çevrilmişdi
-
Avropa07:35Dünya kabus ssenarisinə hazırlaşır: Çoxlu sayda insan öləcək
















.jpg)

.png)


















