Astronomlar Süd Yolunun dəqiq kütləsini müəyyən etdilər
Bizi izləyin

Dünya

Astronomlar Süd Yolunun dəqiq kütləsini müəyyən etdilər

Astronomlar Süd Yolunun dəqiq kütləsini müəyyən etdilər

Beynəlxalq Dark Energy Spectroscopic Instrument (DESI) əməkdaşlığı Süd Yolunun kütləsini indiyədək ən yüksək dəqiqliklə ölçüb.

Publika.az xəbər verir ki, tədqiqatın nəticələri “arXiv” preprintlər portalında dərc olunub.

“arXiv” preprintlər serverində dərc olunan təhlilə əsasən, Qalaktikanın kütləsi 1,19 trilyon Günəş kütləsinə bərabərdir. Ölçmənin xəta payı isə cəmi 11 faiz təşkil edir.

Qalaktikanın kütləsini müəyyən etmək üçün astronomlar onun cazibə qüvvəsinin təsiri altında ulduzların və kiçik peyk qalaktikaların hərəkətini izləyirlər. Belə ki, müəyyən məsafədə bu obyektlərin hərəkət sürəti nə qədər yüksəkdirsə, onları həmin mövqedə saxlamaq üçün tələb olunan kütlə də bir o qədər böyük olur. Əvvəlki ölçmələr Qalaktikanın kütləsinin böyük hissəsinin görünən ulduzların və qazın payına düşmədiyini göstərsə də, hesablamalar arasında ciddi fərqlər olub. Diskin fırlanma modelləri uzaq obyektlərin tədqiqi əsasında əldə edilən nəticələrlə müqayisədə xeyli az kütlə göstərib.

Bu problemi həll etmək üçün DESI komandası müşahidələrin ilk üç ili ərzində qeydə alınmış, Qalaktikanın mərkəzindən 30 min-310 min işıq ili məsafədə yerləşən 10 mindən çox uzaq ulduzu təhlil edib. Həmçinin “Gaia” teleskopunun həmin ulduzların səma sferasında hərəkətinə dair əldə etdiyi məlumatlardan istifadə olunub. Bu ulduzlar parlaqlığı proqnozlaşdırıla bilən iki növ qoca ulduzlar sinfinə aiddir. Bu xüsusiyyət onları məsafənin müəyyənləşdirilməsi üçün əlverişli göstəricilərə çevirir.

Tədqiqatçılar hər iki ulduz populyasiyasının modelləşdirilməsi üçün dörd fərqli yanaşma tətbiq ediblər. Nəticələrin kalibrlənməsi və birləşdirilməsi məqsədilə isə əvvəlcə hər bir metodu modelləşdirilmiş altı qalaktikanın simulyasiya edilmiş müşahidə məlumatları əsasında sınaqdan keçiriblər. Bu qalaktikaların hər biri dörd müxtəlif baxış nöqtəsindən araşdırılıb.

Nəticədə aparılan təhlil Süd Yolunun adi və qaranlıq maddə də daxil olmaqla ümumi kütləsini 1,19 trilyon Günəş kütləsi olaraq müəyyən edib. Ölçmənin xəta payı təxminən 11 faiz təşkil edib. Qalaktikanın mərkəzindən 260 min işıq ili radiusunda yerləşən maddənin kütləsi hesablanarkən isə xəta payı təxminən 8 faizə qədər azalıb. Nisbətən yüksək olan bu göstərici böyük və geniş sahəyə yayılmış qalonun mövcudluğuna işarə edə bilər. Bununla belə, əldə olunan nəticələr bu nəzəriyyəyə qarşı çıxan yanaşmalarla bağlı mübahisələrə tam aydınlıq gətirmir.

Tədqiqatın nəticələri Qalaktikanın quruluşuna da yeni baxış formalaşdırır. Belə ki, hər dörd metod Süd Yolunu sabit vəziyyətdə olan, ideal dairəvi formalı qalaktika kimi qəbul edib. Lakin simulyasiya sınaqları göstərir ki, gələcək modellərdə Süd Yolunun daha az sferik quruluşa malik olması və cazibə qüvvəsinin təsiri altında daha çox pozulmaya məruz qalması ehtimalı nəzərə alınmalıdır.

Daha uzaq ulduzların müşahidəsi və “Gaia” teleskopunun gələcək ölçmələri sayəsində tədqiqatçılar xarici qalonun kütləsinə dair hesablamaları dəqiqləşdirməyə ümid edirlər. DESI müşahidələrinin nəticələri yaxın vaxtlarda ictimaiyyət üçün açıq olacaq. Bu isə yeni müstəqil təhlillərin aparılmasına imkan yaradacaq.

Xatırladaq ki, bundan əvvəl astronomlar demək olar ki, tamamilə qaranlıq maddədən ibarət olan qalaktika aşkar ediblər.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm