Ekologiya
Dünyanı gözləyən BÖYÜK TƏHLÜKƏ: yaxın 5 ildə... - Mütəxəssislərdən XƏBƏRDARLIQ
Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) açıqladığı hesabata görə, yaxın 5 ildə rekord isti gözlənilir. Təşkilatın proqnozuna əsasən, 2021-2025-ci illər arasında azı bir ilin “ən isti” olmaq ehtimalı 90 faizdir. Üstəlik, bu aralığın hər ilində quru səthindəki orta temperatur sənayeləşmədən əvvəlki dövr göstəricilərini ən azı 1°C, illərin birində isə 40% ehtimalla 1,5°C üstələyəcək.
ÜMT Baş katibi Petteri Taalas qeyd edib ki, temperaturun yüksəlməsi dünyanın istixana qazı tullantılarını azaltmaq və karbon neytrallığına çatmaq üçün öz öhdəliyini yerinə yetirməsinin vacibliyinin növbəti göstəricisidir.
Bəs bunun ümumi fəsadları nələrdir? Ekologiyamızı qorumaq üçün hansı addımlar atılmalıdır və hər gün daha da artan temperatur hansı fəlakətə səbəb ola bilər?
Publika.az “Ekologiya və ətraf mühitin mühafizəsi” mövzusu altında qlobal istiləşmə, onun yaranması, qarşısının alınması, bu fonda meydana çıxan digər problemlər, bunun Azərbaycana təsiri və görülməsi vacib olan tədbirləri araşdırıb.
AMEA-nın Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzərin hidrometeorologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Səid Səfərovun sözlərinə görə, iqlim dəyişmələri, xüsusilə də qlobal istiləşmə həm təbii, həm də antropogen amillərlə əlaqədardır: “Son dövrlər antropogen amillərin miqyası daha da artıb. Bu da atmosferə atılan istixana qazlarının, xüsusilə də karbon qazının miqdarının durmadan artması ilə əlaqədardır. Karbon qazı yerin istilik balansını pozur. Bu balans günəşdən gələn istilik, yerin özünün şüalandırdığı əks istilik və atmosferdən qayıdan şüalanma nəticəsində yaranan istilikdir. Karbon qazının atmosferdə artması ilə əlaqədar qaynar enerjinin də miqdarı çoxaldığı üçün Yer kürəsinin istilik balansı pozulur və temperatur artır”.
Şöbə müdiri bildirib ki, yaxın illərdə xüsusilə böyük dövlətlər tərəfindən sənayenin inkişafı nəticəsində atmosferə atılan karbon qazının miqdarının artmaması üçün qabaqlayıcı tədbirlər görülməsə, Yer kürəsini böyük təhlükə gözləyir: “Bunun qarşısını almaq üçün həm Ümumdünya Meteorologiya Təşkilatı, həm də müxtəlif dövlətlərin təşkil etdiyi müəyyən qruplar, məsələn Tokio razılaşması, Paris razılaşması və s. kimi qruplar tədbirlər görməlidir. Əsas məqsəd atmosferə atılan istixana qazlarının miqdarının azaldılmasına nail olmaqdır”.
S.Səfərov çıxış yolunu alternativ enerji mənbələrindən istifadə etməkdə görür: “Günəş və külək enerjisindən daha çox istifadə etmək olar. Buna “yaşıl enerji” də deyilir. Azərbaycanda bu sahədə böyük işlər görülür. Xızı və Qobustan rayonları ərazisində külək turbinlərinin quraşdırılması nəticəsində onların gücü 240 meqavat olacaq. Bu da ölkəmizin elektrik enerjisi balansına çox böyük töhfədir.
Atmosferə atılan istixana qazlarının miqdarı eyni zamanda daxiliyanma mühərriki ilə işləyən avtomobillər vasitəsilə artır. Son vaxtlar bu sahədə uğurlu addımlar atılır. Yəni elektrik mühərriki ilə işləyən avtomobillərin istehsalı və istifadəsi artıb. Bir çox ölkələrdə insanlara stimul verilir ki, bu tip avtomobillərdən istifadə etsinlər. Bu da atmosferə atılan istixana qazlarının miqdarının azalmasına səbəb olacaq”.
Şöbə müdiri bu proqnozun Azərbaycan üçün də keçərli olub-olmadığına münasibət bildirib. Səid Səfərov vurğulayıb ki, qlobal iqlimdə gedən proseslər az da olsa, ölkəmizin iqliminə təsir edə bilər: “Azərbaycan ərazisinə görə kiçik ölkədir. Qlobal iqlim dəyişikliyinin kiçik bir hissəsi də bizim ölkəmizdə baş verir. Qlobal iqlimdə baş verən dəyişikliklər bu və ya digər şəkildə bizdə də özünü göstərir. Ola bilər ki, lokal olaraq hansısa bir ayda Azərbaycan ərazisində temperaturun yüksəlməsi baş verirsə, planetin digər hissəsində bunun əksi ola bilər. Çünki qlobal iqlim dəyişmələri atmosferin ümumi hava dövranına təsir edir. Artıq şimaldan cənuba gedən hava kütlələrinin miqdarı artıb, buna görə də cənubdan şimala gedən hava kütlələrini kompensasiya etmək üçün temperatur yuxarı qalxır. Qütblərdə temperaturun artması bu gün daha çox müşahidə olunur. Ona görə də Arktika və Antarktikada buzlaqlar əriyir ki, bu da son dərəcədə təhlükəlidir. Bu, okeanın səviyyəsinin artmasına səbəb olur və Yer kürəsində içməli su ehtiyatının balansını azaldır. Bu, həmçinin okean suyunu şirinləşdirdiyi üçün oradakı canlıların həyat şəraitinə də mənfi təsir edir. Kəskin iqlim dəyişmələri insanların da həyat tərzinə, orqanizmlərinə mənfi təsir edir”.
Azərbaycan Ekologiya Standartları Monitorinq Fondunun rəhbəri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Rauf Sultanov Ümumdünya Meteorologiya Təşkilatının proqnozunun özünü doğrultma ehtimalının çox olduğunu bildirib: “Bu məlumatlar dünyanın aparıcı alimləri tərəfindən hazırlanır. Dünyadakı görkəmli ekoloqlar hesablamalar aparıblar ki, Yer kürəsində 100-200 ildən sonra iqlim dəyişmələri baş verəcək, iqlim əvəzləmələri olacaq. Onların irəli sürdüyü nəzəriyyəyə görə, Yer kürəsində istiləşmə soyuqlaşma prosesi ilə əvəz olunmalıdır. Hamı gözləyir ki, Yer kürəsində soyuqlaşma prosesi gedəcək. Yəqin ki, bu istiləşmələr də soyuqlaşmalardan əvvəlki prosesdir. Bütün bunlar geosistemdə gedən qanunauyğunluqlardır. Bu qurumun verdiyi məlumatlar 80-90% özünü doğruldur. Ancaq Yer kürəsinin də özünün qanunauyğunluqları var. Bu təşkilatın proqnozuna inamım çoxdur, ola bilsin ki, yaxın 5 ildə istiləşmə olsun, ancaq növbəti yüzillikdə soyuqlaşmanın olacağı da istisna edilmir. Lakin inanmıram ki, istiləşmə hansısa bir fəlakətə gətirib çıxarsın. Ancaq müəyyən qədər təsirlərini hiss edəcəyik”.
Professor qeyd edib ki, atmosferdə baş verənlər günəş sistemində gedən proseslərlə əlaqədardır.
Onun sözlərinə görə, bu gün Yerdə baş verən karbon oksidinin atmosferdə miqdarının artması və ya ətraf mühitin çirklənməsi biosferə nə qədər təsir etsə də, Yer kürəsinin iqlim dəyişmələrinə təsir göstərir: “Biz onun təsirinin müəyyən dərəcələrini görə bilərik. Ancaq bu təsir çox deyil. Yer kürəsində gedən dəyişikliklər yerin təkində müəyyən proseslərin getməsinə səbəb olur. Yer kürəsinin ətrafı elə ola bilər ki, günəşdən təcrid olsun və ya əksinə olsun. Bütün bunlar Yer kürəsində illərdir baş verir və təbii qanunlardır”.
Rauf Sultanov bildirib ki, əgər istilər rekord həddə çatarsa, Azərbaycan üçün də təhlükə qaçılmazdır: “Azərbaycanın suya olan tələbatı transsərhəd dövlətlərdən gələn çayların hesabına ödənilir. Su qıtlığı isə böyük problemdir. İstiləşmə ölkəmizdə kənd təsərrüfatı sahəsinə böyük zərbə vura bilər. Kənd təsərrüfatının 60-65 faizi Aran bölgəsində cəmləşib. İstiləşmə olduqda isə ölkəmizdə su qıtlığı yaranacaq. Bu da aqrar sektora mənfi təsir göstərəcək”.
Yer kürəsində havanın temperaturunun artımı sürətlənir, bu ona gətirib çıxaracaq ki, ən yaxın onilliklərdə uzunmüddətli istilərin intensiv dövrləri müşahidə olunacaq.
“Axios” Sürixin Ali Texniki Məktəbinin tədqiqatında bildirilir ki, əsas fikir ondan ibarətdir ki, biz qarşıdakı onilliklərdə istilərin rekordlarını daha çox üstələyəcək həddə hazırlaşmalıyıq. Alimlər tədqiqatın gedişatında həmçinin müəyyənləşdiriblər ki, qeyri-adi istilər istixana qazlarının atmosferə buraxılması ilə bağlı ola bilər. Qazların buraxılması göstəriciləri nə qədər çox olsa, istilik dövrü o qədər çox ola bilər. Yerdə orta illik hərarət hər onillik ərzində 0,18 dərəcə artır. Bu, əvvəlki 40 ildə müşahidə olunandan daha sürətlidir. Nəticələr alimlərin hesab etdiyi kimi, istixana qazlarının tullantılarını azaltmaq ehtiyacını göstərir. Alimlər istixana qazlarının Yer kürəsinin iqlimini sürətlə dəyişdirdiyindən mövcud tədbirlərin yetərli olmayacağı fikrini də irəli sürüblər.
Yetərli olmasa da, bunun qarşısını müəyyən qədər almaq, fəsadları üstələmək üçün hansı tədbirlər görülə bilər?
Azərbaycan Milli Elmlər Akademiyasının (AME) müxbir üzvi, kimya elmləri doktoru, professor İslam Mustafayevin sözlərinə görə, sənayeləşmə dövründən bəri, 1840-50-ci illərdə bir neçə dərəcə Yer kürəsində temperaturun orta artımı hiss olunurdu: “Yəni ölçmə və nəzarət olduğu zaman da artım mövcud idi. Sənayeləşmə dövrünün gedişində istilik effekti yaradan qazların tullantıları arasında müəyyən əlaqə var. Yəni nə qədər çox daş kömür, neft, qaz yandırırıqsa, ondan ayrılan karbon dioksid qazı atmosferdə çoxaldıqca, günəşdən gələn enerjinin işığının Yer kürəsində udulma ehtimalı da çoxalır. Yer səthindən isə bu istilik geri qayıtmır, yəni Yerin səthini qızdırır. Karbon dioksid qazının isə qatılığı yüksək olur. Bununla bağlı olaraq karbon dioksid qazı artdıqca tədricən temperatur da artmağa doğru gedir. Azərbaycan üçün belə bir proqnozlar var ki, əgər adaptasiya, metizasiya tədbirləri görülməzsə, əsrin sonlarında temperaturun 3-4 dərəcə artımı olar ki, bu da fəlakətlə nəticələnə bilər. Buna görə də dünya ölkələri 2016-cı ildə Paris anlaşmasını imzaladılar ki, qarşıdakı 50 ildə temperatur artımı 2 dərəcədən çox olmasın”.
Professor vurğulayıb ki, elə tədbirlər həyata keçirilməlidir ki, temperatur artımı 2 dərəcəni ötməsin və bu da istilik törədən qazlarla, xüsusilə də istixana qazları ilə bağlıdır: “Onun da 35 faizi Azərbaycana düşür. 2095-ci ilə qədər sözügedən tullantıları və qazları 35% azaltmaq lazımdır. Azərbaycanda bu proses yaxşı aparılır, yəni azalmaya doğru gedir. Ancaq ölkəmizə daxil olan suyun 70 faizi kənar ölkələrdən gəldiyi üçün bu proses onlara təsir etmir. Dağlarda olan buzlaqlar əriməyə başlayır. İki ildir Azərbaycanda çaylarda yaşanan vəziyyət təbii ki, fəlakətlidir. Artıq çaylarda suyun miqdarı azalmağa başlayıb. Azaldığı üçün də dənizdən çaylara su geri qayıdır və nəticədə duzlu olur. Bu baxımdan adaptasiya tədbirləri görülməzsə, çox ciddi nəticələri ilə qarşılaşa bilərik. Atmosferə atılan qazların, istilik törədən qazların miqdarı azaldılmalıdır. O cümlədən su resurslarının idarəçilyində yeni mexanizm tərtib etməyə ehtiyac var. Birincisi, suvarma suları ilə bağlı tədbirlər görülməkdədir. İki böyük suvarma kanalı başlanğıcını Mingəçevir su anbarından götürür. Burada suvarmada su ehtiyatı 50 faizə qədərdir. İkincisi isə su anbarları düzgün idarə olunmalıdır. Qışda suyu dənizə çox buraxmağa ehtiyac yoxdur. Suyu toplamaq lazımdır. Ancaq bu o demək deyil ki, qışda suyu yığıb doldursunlar, yayda da su çoxalanda hər tərəfə daşsın, fəlakət olsun. Bunun elmi hesablamaları var. Su toplayıcı hövzənin qalınlığını hesablayırlar, bunun metodikası var. İlk olaraq bunu öyrənməliyik. Su anbarları bizim çox böyük resurslarımızdır. İl ərzində ora su toplayıb sonradan istifadə etməliyik. Bunun çıxış yolunu iki şeydə görürəm. Birincisi, suya qənatlə istifadə etmək. İkincisi isə suyu düzgün idarə etməkdir”.
Ekspertin də qeyd etdiyi kimi, qlobal istiləşmə həm də su çatışmazlığına səbəb olur.
Hər il alimlər qlobal iqlim dəyişmələri ilə bağlı müxtəlif proqnozlar verirlər. Dünyanın koronavirus pandemiyası ilə mübarizə apardığı bir dövrdə 39 ölkədə, o cümlədən də Azərbaycanda su qıtlığının olacağı ilə bağlı ehtimallar irəli sürülür.
Biz ötən il Azərbaycanın su arteriyası olan Kürün suyunun 30 faizə qədər azalmasının, sakinlərin içməli su problem ilə qarşı-qarşıya qalmalarının şahidi olduq. Hazırda da Kürün suyunda azalma var. Yalnız bir çıxış yolumuz var – sudan qənaətlə istifadə etmək!
BMT-nin məlumatına görə, su qıtlığı səbəbindən səhralaşma, torpaqların deqradasiyası və quraqlıq dünyanın 4 milyard hektar ərazisini, 168 ölkədə yaşayan 1,5 milyard əhalini birbaşa təhdid edir. Hazırda 2 milyarddan çox məhsuldar torpaqların susuzluq səbəbindən yararsız hala gəldiyi dünyada BMT-nin hesablamalarına görə, 2030-cu ilə qədər ərzaq istehsalı üçün 300 milyon hektar əlavə torpaq sahəsi lazım olacaq. Bu səbəbdən qlobal iqtisadiyyatın 2050-ci ilə qədər 23 trilyon dollar itirəcəyi proqnozlaşdırılır. Təşkilatın digər bir məlumatında qeyd olunur ki, su çatışmazlığından hər il 12 milyon hektar əkin sahəsinə ziyan dəyir və bu da növbəti 10 il ərzində kənd təsərrüfatında 2% azalmaya səbəb olacaq. Dünya statistikasına əsasən, son 20 ildə susuzluğun yaratdığı səhralaşma, quraqlıq və torpaqların məhv olması səbəbindən 10 milyon insan köç etməyə məcbur olur. Əgər heç bir tədbir görülməzsə, növbəti 30 ildə 200 milyondan çox insan köçkün vəziyyətinə düşəcək.
Bu isə dünyada, eyni zamanda ölkəmizdə vəziyyətin getdikcə çətinləşəcəyini istisna etmir. Digər tərəfdən, Azərbaycanda su ehtiyatının miqdarını göstərən dəqiq statistika mövcud deyil. Bu da vəziyyətlə bağlı lazımi tədbirlərin görülməsini çətinləşdirir.
Dünyanın həyəcan təbili çaldığı qlobal istiləşmənin yaratdığı su qıtlığının qarşısını necə almaq olar?
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttarzadə bildirib ki, su ehtiyatlarının azalması qlobal problemdir və bu da əsasən təbii amillərlə və iqlim dəyişmələri ilə bağlıdır:
“Temperaturun artması, quraqlıq, buxarlanmanın çoxalması, yağıntıların azalması, qar örtüyü ilə bağlı azalmalar sonda qlobal su ehtiyatlarının azalmasına gətirib çıxarır. Buna da paralel olaraq suvarılan ərazilərin və dünya əhalisinin sürətlə artması, iqtisadiyyatın və kənd təsərrüfatının inkişafı sudan daha çox istifadəyə gətirib çıxarır. Belə olduğu halda təbii mənbələrdən su daha çox götürülür. Buna görə də çayların, göllərin və anbarların suyu azalır”.
Şöbə müdiri yeganə çıxış yolunu sudan səmərəli istifadə etməkdə görür. O, bunun üçün su itkisinin azaldılmasını və ondan daha çox təkrar istifadə olunmasını təklif edir: “Suya münasibət də dəyişməlidir. Məsuliyyətli su istehlakı və sudan istifadə mədəniyyətinin prinsiplərinin dəyişdirilməsi əsas götürülməlidir. Mümkün qədər sudan az istifadə edərək qənaət etmək və itkiləri azaltmaq mümkündür. Tullantı sularından fiziki məqsədlər üçün təkrar istifadə etmək lazımdır. O cümlədən kollektor-drenaj üsulu tənzimlənərək yenidən suvarılmada istifadə olunmalı, təsərrüfatda içməli sudan istifadə azaldılmalı və ya məhdudlaşdırılmalıdır”.
Rasim Səttarzadə bütün sadalanan prinsipləri əsas götürərək öz davranışımızda su ehtiyatlarını bizə uzun müddət kifayət edəcək şəkildə tənzimləməyin vacib olduğunu bildirib: “Alternativ mənbə olaraq drenaj suvarılmadan yenidən istifadə, tullantı sularını təmizləyərək təkrar istifadə etmək, Xəzər dənizinin suyunu təmizləyərək və duzsuzlaşdıraraq suvarmada, digər müxtəlif sahələrdə istifadə etmək olar. İstənilən digər su mənbələri ilə əlavə su tutarları da yaratmaq mümkündür. Dağ çaylarının məcrası boyu kiçik relyefə uyğun vokal su tutarları yaratmaq, həmçinin yağıntıların ora yığılmasını təmin etmək olar”.
Akqabay Mıradov
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO