Elm və təhsil
BDU-da Mir Cəlal Paşayevin 110 illiyinə həsr olunmuş konfrans keçirildi
Bakı Dövlət Universitetində görkəmli yazıçı, ədəbiyyatşünas alim və pedaqoq Mir Cəlal Paşayevin 110 illiyinə həsr olunmuş Respublika elmi-praktik konfransı keçirilib.
Universitetin mətbuat və informasiya şöbəsindən Publika.az-a verilən məlumata görə, tədbirdə ölkənin tanınmış dövlət və elm xadimləri, universitetin müəllim və tələbə heyəti iştirak edib.
Plenar iclası açıq elan edən rektor Abel Məhərrəmov böyük ziyalı Mir Cəlal Paşayevin 110 illiyinə həsr olunmuş Respublika elmi-praktik konfransın əhəmiyyətindən bəhs edib. Rektor Prezident İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamını xatırladıb, Bakı Dövlət Universitetinin tarixən vətənpərvər ziyalıların fədakar əməyi sayəsində yetirdiyi ictimai-siyasi, elm və mədəniyyət xadimləri ilə Azərbaycanın mövcud simasının təşəkkülünə böyük töhfələr verdiyini qeyd edib. Akademik Abel Məhərrəmov 1936-cı ildən ömrünün sonunadək Bakı Dövlət Universitetində çalışan Mir Cəlal Paşayevin "Füzuli sənətkarlığı", "XX əsr Azərbaycan ədəbiyyatı", "Azərbaycanda ədəbi məktəblər", "Ədəbiyyatşünaslığın əsasları" adlı fundamental əsərlərinin ədəbiyyatşünaslıq elminin qızıl nüsxələri olmasından, Azərbaycan elminin və təhsilinin inkişafındakı xidmətlərindən danışıb. Mir Cəlal Paşayevin nəcib insani keyfiyyətlərini, ailəsinə, övladlarına bağlılığını qeyd edən rektor alimin dillər əzbəri olan "Həyatımda yaratdığım ən böyük əsər ailəmdir" kəlamını xatırladıb.
Çıxış edən Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramov Mir Cəlal Paşayevin ölkəmizdə ədəbiyyatın, elmin, xüsusilə təhsilin inkişafındakı müstəsna xidmətlərindən danışıb. Nazir ölkəmizin hər yerində ədibin 110 illiyinə həsr olunmuş yubiley mərasimlərinin böyük təntənə ilə qeyd edilməsini böyük sənətkarın yaradıcılığına, onun ədəbi irsinə göstərilən diqqət və qayğının təzahürü kimi dəyərləndirib.
Sonra görkəmli yazıçının həyat və yaradıcılığına həsr edilmiş “Üç zirvənin fatehi” adlı film nümayiş etdirilib.
“Mir Cəlal Paşayevin həyatı və yaradıcılığı” adlı məruzə ilə Filologiya fakültəsinin dekanı, dosent Elçin Məmmədov çıxış edib. Daha sonra millət vəkili, akademik Nizami Cəfərov, Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyeva Mir Cəlal yaradıcılığının özəlliklərindən, onun alim və müəllim kimi şəxsi keyfiyyətlərindən danışıblar.
Sonda alimin ailəsi adından oğlu, ADA Universitetinin rektoru, professor Hafiz Paşayev çıxış edərək atası ilə bağlı xatirələrini bölüşüb, konfransın təşkilinə görə rektor, akademik Abel Məhərrəmova, o cümlədən əməyi keçən hər kəsə təşəkkürünü bildirib.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp




























.jpg)
.jpg)





