Bakının azad edilməsi ilə “başla bədən birləşdi”... - Alim maraqlı tarixi FAKTLARI AÇDI
Bizi izləyin

Elm və təhsil

Bakının azad edilməsi ilə “başla bədən birləşdi”... - Alim maraqlı tarixi FAKTLARI AÇDI

Sentyabrın 15-i Bakının yadelli qüvvələrdən azad edildiyi gündür. Bu günün böyük tarixi-siyasi və mənəvi-psixoloji əhəmiyyəti var.

Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Musa Qasımlı Azərbaycan Milli Ordusunun Qafqaz İslam Ordusu birlikdə Bakını erməni-daşnak, eser-menşevik və bolşeviklərdən azad etməsindən danışarkən deyib.

Millət vəkili bildirib ki, həmin günün əhəmiyyətini başa düşmək üçün 100 il əvvəlki dövrdə baş verən proseslərə nəzər yetirmək lazımdır.

“Bolşevik Rusiyası Birinci Dünya müharibəsindən çıxdıqdan sonra geri çəkilən rus ordusu ilə birlikdə erməni silahlı dəstələri də Cənubi Qafqaza gəldi. Bu zaman Cənubi Qafqazda üç hakimiyyət - Müvəqqəti hökumətin orqanları, sovetlər və milli şuralar fəaliyyət göstərirdi. Regionda anarxiya hökm sürürdü. Rusiya ordu hissələri silahlarını ermənilərə vermişdi. Onlar buna qədər Anadoluda dinc türk-müsəlman əhaliyə qarşı törətdikləri qırğınları bu dəfə Borçalıda, İrəvan quberniyasında, Cənubi Azərbaycan və indiki Azərbaycan Respublikası ərazisində törətdilər. Azərbaycanlıların ordusu yox idi. Bu da səbəbsiz deyildi. Çünki çarizm türk və müsəlman olduqları üçün etibar etmədiyindən azərbaycanlıları hərbi xidmətə çağırmırdı. Onlar bununla həm hərb sənətini öyrənmirdilər, həm də əsgərliyə çağırılmadıqları üçün vergi də ödəyirdilər. Yalnız könüllərdən ibarət “Vəhşi diviziya” var idi. Belə bir şəraitdə Bakıda qurulan sovet hakimiyyəti dinc türk, müsəlman əhaliyə zülm edirdi. Qırğınların zirvə nöqtəsi 1918-ci ilin martında Bakı şəhərində oldu. Qırğınlar digər yerlərdə də davam etdirildi. Transqafqaz Komissarlığı və Seymi bu qırğınların qarşısını ala bilmədi. 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyi elan edildi. Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Azərbaycan dövlətinin qurulması üçün lazım olan ilkin şərtlər-ərazi və əhali mövcud idi. Hökumət də quruldu. Azərbaycanın müvəqqəti paytaxtı Gəncə elan edildi. Lakin ölkənin əsas şəhəri olan Bakı düşmən əlində idi. Azərbaycanın şəhəri azad etmək üçün kifayət qədər qüvvəsi yox idi. Xarici yardıma ehtiyac duyulurdu. Bu da qardaş Osmanlının yardımı oldu. Osmanlı dövləti iyunun 4-də Batumda imzaladığı müqavilə ilə Azərbaycana yardım etməyi üzərinə götürdü. Belə bir şəraitdə Osmanlının hərb naziri Ənvər Paşa qardaşı Nuru Paşanı ordunun komandanı təyin etdi. Qafqaz hərəkatı başladı. Bakı azad edildikdən sonra problemlər çıxmaması və yerli əhalidən onun cərgələrini doldurmaq üçün ordu Qafqaz İslam Ordusu adlandırıldı”.

Millət vəkili bildirib ki, türk ordusunun yürüşünün mənəvi əsasları var idi:

“Türk ordusunun Qafqaz hərəkatının hüquqi-siyasi təməllərini Batum müqaviləsi təşkil edirdi. Osmanlı dövləti dünya türklüyünün və islamın mərkəzi idi. Dünya türkləri və müsəlmanları Osmanlı dövlətinə nicat gözü olaraq baxırdılar. Onunla dil, din, mədəniyyət və mənəviyyat baxımından bir olan Cənubi Qafqazın türk və müsəlman əhalisi erməni-daşnak və bolşevik dəstələrinin soyqırımına uğramışdılar. Özü nə qədər ağır vəziyyətdə olsa da, onlara yardım etmək Osmanlının borcu idi. Buna qədər çoxlu azərbaycanlı gənc Çanaqqala savaşında türk qardaşlarına yardım etmək üçün çarizm orqanlarından xəlvəti olaraq getmişdilər. Bu hərəkatın hərbi-strateji, iqtisadi səbəbləri də var idi. Azərbaycan Cənubi Qafqazın açar ölkəsi idi. Bakıya sahib olan ölkə təkcə Azərbaycana və Cənubi Qafqaza deyil, Xəzərə nəzarət qazanırdı. Xəzər üzərində nəzarət isə Şimali Qafqaza nəzarət, Orta Asiyaya, oradan da Hindistana gedən yola çıxmaq, Orta Asiyaya sahib olmaq isə dünyanın ürəyi olan Avrasiyaya sahib olmaq demək idi. Azərbaycan qızıl körpü idi. Dünyanın ürəyinə gedən yol Bakıdan, Azərbaycandan keçirdi. Bakı zəngin neft mənbəyi idi. Dünya müharibəsinin son mərhələsində Yaxın və Orta Şərqdə, Qafqazda iki neft mənbəyi uğrunda ağır döyüşlər gedirdi. Bunlardan biri Mosul, digəri isə Bakı nefti idi. Neft hansı ölkənin əlində olacaqdısa, qələbə də onda olacaqdı. Osmanlı dövlətinin bu strateji yola və neft mənbəyinə yiyələnməsi üçün sosial, etnik baxımdan problemləri yox idi. Bu zaman Cənubi Qafqazda yaşayan təqribən 6 milyon nəfər əhalinin 3 milyon nəfəri türk və müsəlman idi. Hücumların qarşısında tab gətirə bilməyən Bakıdakı sovet hakimiyyəti böhrana düşərək iyulun 31-də istefaya getdi. Onun yerində qurulan Sentrokaspi diktaturası general Denstervil başda olmaqla ingilis qüvvələrini Bakıya dəvət etdi. Bolşevik Rusiyası da müəyyən addımlar atdı. Qafqaz İslam Ordusunun Bakıya yürüşünün qarşısını almaq üçün Osmanlının müttəfiqi Almaniya bolşevik Rusiyası ilə avqustun 27-də bir müqavilə imzalayaraq, Bakı neftindən pay alacağı üçün Osmanlı qoşunlarının Kür çayını keçməməsi üçün öhdəlik götürdü. Bakı məsələsində Almaniya Osmanlının müttəfiqi deyildi. Lakin bu da Qafqaz İslam Ordusunu dayandıra bilmədi. Bakı şəhəri mühasirəyə alındı. Ətraf yerlərdən gələn ərzaq təchizatı dayandığından şəhərdə ağır vəziyyət yarandı. Türk topçuları şəhəri elə dəqiqliklə atəşə tuturdular ki, tarixi-memarlıq binaları dağıdılmadı. Şəhər zərər görmədi. İngilislər və “Sentrokaspi” diktaturası türk hücumları qarşısında şəhəri qoyub qaçdılar. Bakı sentyabrın 15-də azad edildi. Azərbaycan hökuməti sentyabrın 17-də Gəncədən Bakıya köçdü”.

Millət vəkilinin sözlərinə görə, şəhərin azad edilməsi ilə Azərbaycan və türk silah qardaşlığının sayəsində Azərbaycan təbii, tarixi paytaxtına, milli, mənəvi, elm və mədəniyyət mərkəzinə qovuşdu.

“Bu, bir qardaşlıq yardımı idi. Şəhərin azad edilməsi ilə “başla bədən birləşdi”. Bakının azad edilməsi, əhəmiyyətinə görə Cümhuriyyətin elan edilməsindən sonra ikinci böyük tarixi hadisə oldu. Azərbaycanlıların milli ruhu yüksəldi. Onlar çarizm tərəfindən işğal edildikdən sonrakı bütün dövrdə ilk dəfə olaraq Bakı küçələrində başlarını dik tutaraq, özlərinə güvənərək gəzməyə başladılar. Sovet dövründə ağır şərtlər altında yaşamasına, SSRİ-də türk düşmənçiliyinin, 30-cu illərin sonlarından 50-ci illərin ortalarınadək sovet-türk münasibətlərində gərginliyin olmasına baxmayaraq, Azərbaycan xalqı türk əsgərlərinin məzarlarını qoruyub saxladı, dağılmağa qoymadı, ətraflarına çiçəklər, ağaclar əkdi, onları ziyarətgaha çevirdi. Nəhayət, Ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində bu qardaşlıq abidəyə çevrildi. 1918-ci ilin martında soyqırım qurbanlarının, 1990-ci il 20 yanvar, Ermənistanın təcavüzünə qarşı ölkəmizin ərazi bütövlüyü uğrunda aparılan müharibədə həlak olan şəhidlərin dəfn olunduğu və bir azərbaycanlı üçün müqəddəs olan Şəhidlər xiyabanında Qafqaz İslam Ordusuna möhtəşəm bir abidə ucaldıldı. Bu, adamların təkcə ziyarət edərək əklil qoyduqları bir abidə deyil, qanı bir-birinə qarışmış Azərbaycan və Türkiyə xalqlarının qardaşlığının və əbədi birliyinin rəmzidir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm