“Gənclər yalançı qohumbazlığa qurban gedirlər...” - Dərsliklərə salınacaq yeni mövzuya REAKSİYALAR - SORĞU
Bizi izləyin

Elm və təhsil

“Gənclər yalançı qohumbazlığa qurban gedirlər...” - Dərsliklərə salınacaq yeni mövzuya REAKSİYALAR - SORĞU

9-11-ci siniflər üçün nəzərdə tutulmuş dərsliklərə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair mövzular daxil ediləcək. Bu barədə Baş nazir Əli Əsədovun imzaladığı "Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası"nın təsdiq edilməsi haqqında qərarda deyilir.

Qərara əsasən, Təhsil Nazirliyi təhsil müəssisələrində maarifləndirmə tədbirlərinin keçirilməsini, maarifləndirici və metodoloji vəsaitlərin dərc edilməsini, eyni zamanda erkən nikahın və qohumlar arasında nikahın gənclərin həyat, sağlamlığına təhlükəsi barədə valideynlər arasında təbliğat işini təşkil edəcək.

Publika.az yeni qərarın nələri ehtiva edəcəyi və məktəblilər üçün hansı faydaları olacağı ilə bağlı ziyalılar və ekspertlər arasında sorğu aparıb, onların fikrini öyrənib:

"Onlar toy qurub, şənlənirlər ki, qardaşlığımızı möhkəmləndirdik"

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı deyib ki, Azərbaycanda hələ də əmioğlu ilə əmiqızının evlənməsi qalır, qardaş-bacı uşaqlarını evləndirirlər və qohum nikahları davam edir. Bu da nəticədə çox sayda qüsurlu uşaqların doğulmasına səbəb olur:

"Bunun dərsliyə salınıb-salınmaması ayrı mövzudur. Bunu təkcə dərsliyə yox, qanun şəklinə salmaq lazımdır. Bu çox zəruri və vacib məsələdir. Ölkəmizdə hələ də qohum nikahları qalır. Bəlkə də nə vaxtsa bu nikahlar bu qədər xəta törətməmişdi və bu evliliklərdən xalq, millət bu qədər zərər çəkməyib. Çünki əvvəllər genlər güclü olub, insanlar sağlam həyat tərzi yaşayıblar və sağlam qida ilə qidalanıblar. Ona görə də uşaqlar sağlam olub. İndi mənim tanıdığım bir çox ailələr var ki, uşaqları fiziki qüsurludur".

Sabir Rüstəmxanlı hesab edir ki, həmin gənclər böyüklərinin yalançı qohumbazlığına, qohum və qardaş sevgisinə qurban gedirlər:

"Qardaş qardaşa qız verir, bacı da qardaşından qız alıb, qız verir. Onlar toy qururlar, şənlənirlər və qürur duyurlar ki, biz bir daha qardaşlığımızı möhkəmləndirdik. Ancaq sonra nəvələri dünyaya gələndə bu və ya digər dərəcədə şikəstlik olur. Hətta bizə qohum olan Qazaxıstan xalqı ümumiyyətlə bir tayfadan olan gənclərin nikahına icazə vermir. Ona görə də bu birdəfəlik qanun şəklində olmalıdır. Yaxın qohumların övladlarının nikahına icazə verilməsin. Dərsliyə bu salına da bilər, salınmaya da. Dərsliklər daha xüsusi bir sahədir. Bununla bağlı bir sıra televiziya verilişləri ola, müəyyən kitabça çap oluna və qanun şəklinə salına bilər. Qanun şəklinə salınaraq nikah idarələrinə tapşırıla bilər ki, bu nikahlara yol verilməsin".

Sabiq təhsil naziri, profesor Firudin Cəlilov isə bildirib ki, bu qərarın verilməsi üçün çox gecikmişik: "Qərar çox yaxşı və sevindiricidir. Aktual mövzunu əhatə edir. Orta məktəblərdə evliliklə bağlı mövzular çoxdan salınmalı idi. Xarici ölkələrdə artıq bu mövzular ilk siniflərdən məktəblilərə tədris olunmağa başlayır".

"Bu dərslər oğlanlara və qızlara ayrı-ayrılıqda tədris olunsun"

Azərbaycan Dövlət İqtisad Universitetinin baş müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Leyla Nəzirzadə bu qərarın çox düzgün olduğunu və hətta bir qədər gecikdirildiyini deyib. Onun sözlərinə görə, əvvəllər, xüsusilə də sovet məktəblərində ailə dərsləri yuxarı siniflərdə tədris olunurdu:

"Yeniyetmələrin, yetkinlik dövrünə çatmış və kamilliyə doğru gedən gənclərin orta məktəbdə müəyyən cinsi biliklər almağında fayda var. Xüsusilə də bizim kimi adət-ənənələrə sadiq müsəlman toplumlarda erkən nikahlar çox pis fəsadlarla nəticələnir. Xeyli sayda qızlar məktəbdən və dərs prosesindən yayınırlar və ya qohumlarla evləndirilirlər. Nəticə etibarilə biz müəyyən genetik irsi xəstəliklərin daşıyıcısı və yaxud da ki, əqli çatışmazlığı olan qüsurlu vətəndaşlar dünyaya gətirmiş oluruq. Ona görə də düşünürəm ki, orta məktəblərdə yetkinlik yaşına çatmış 9, 10, 11-ci siniflərdə, hətta 8-ci sinifdə təhsil alan şagirdlərə yaş psixologiyası nəzərə alınaraq mütləq bu dərslər keçirilməlidir".

UNEC-in baş müəllimi qeyd edib ki, qızların və oğlanların ayrıca olaraq özünün fizioloji inkişaf yaş dövrü var. Leyla Nəzirzadə hesab edir ki, bu dərslər utanmaq və sıxılmaq kimi halların yaşanmaması və suallarını müəllimə rahatlıqla verə bilmələri üçün qız, oğlan şagirdlərə ayrı-ayrılıqda da keçirilə bilər: "Burada əsas məsələ həmin fənləri kimin tədris etməsidir. Çünki bu fənni tədris edən müəllim mütləq şəkildə insan anatomiyasını, fiziologiyasını və psixologiyasını çox yaxşı bilməlidir ki, məktəbliləri düzgün istiqamətləndirə bilsin. Hər halda dərsliklər hazırlanarkən və proqram qurulduğu zaman mütəxəssislərlə məsləhətləşmələr olacaq".

L.Nəzirzadə bu qərarın verilməsinə çox sevindiyini və çox yaxşı nəticələr verəcəyini bildirib:

"Aydın məsələdir ki, bu qərar ictimaiyyət tərəfindən birmənalı qarşılanmayacaq. Etiraz edən valideynlər də olacaq, hətta onların arasında ali təhsillilər də olacaq. Amma düşünürəm ki, bütün bunlara baxmayaraq bu prosesi dövlət aparmalıdır və Təhsil Nazirliyi öz öhdəsinə götürməlidir. Çünki gənclərimizin cinsi tərbiyəsi çox önəmlidir. Nəticə etibarilə bizim məqsədimiz sağlam vətəndaş yetişdirməkdir. Sağlam vətəndaşın formalaşmasının əsas şərtlərindən biri də düzgün cinsi tərbiyədir. Əgər bunu valideynlər tam düzgün istiqamətləndirə bilmirlərsə, mütəxəssislərin müdaxiləsinə ehtiyac var. Məktəblərdə bu dərslər siniflərin yaş xüsusiyyətinə görə və oğlanlara ayrı, qızlara ayrı şəkildə tədris olunsa, çox yaxşı olar".

Psixoloq Vəfa Əkbərin fikrincə, bu yaş qruplarında olan şagirdlərdə sevgi hissi formalaşmağa başlayır:

"Belə bir qərarın qəbul olunmasına çox sevindim. Çünki artıq 9-11-ci siniflər yetkin siniflər sayılır. O siniflərdə məktəblilərdə sevgi, xüsusilə də romantik sevgi anlayışı, gələcək haqqında münasibətlərin əsası qoyulur. Ailədə basqı varsa və ya hansısa bir düşüncə, bu düşüncələrə belə meyillilik varsa, bu yaşda o informasiyanın alınması daha məqsədəuyğundur. Çünki daha aşağı yaş qruplarına nisbətən həmin yaş qrupu üçün artıq məntiqi düşüncənin üstünlük təşkil etdiyi bir yaş dövrüdür. Dərsliklərə salınacaq bu mövzular artıq onların anlaya biləcəyi mövzulardır".

"Bu, çox güclü ailə institutunun təməllərini, bu təmələ söykənmiş yeni nəsli formalaşdıracaq"

Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov bildirib ki, bu qərar çox əhəmiyyətlidir:

"Azərbaycanda təhsilin əsas məqsədi təkcə savadlı, bilikli vətəndaş hazırlamaq deyil, eyni zamanda dövlət üçün faydalı vətəndaşlar hazırlamaqdır. Həmçinin həmin vətəndaşlar dövlətə və xalqa gələcəkdə layiqincə xidmət edəcək. Bu prizmadan yanaşsaq, fikirləşirəm ki, sözügedən qərar xeyli aktualdır. Konkret olaraq qeyd olunan problemin Azərbaycan üçün bu gün xeyli həssas mövzu olduğunu da nəzərə alsaq, bütövlükdə bu kimi mövzuların məktəblilərə tədrisi, xüsusilə də yuxarı sinif şagirdləri üçün nəzərdə tutulan dərsliklərdə öz əksini tapması çox faydalı və lazımlıdır. Nəzərə alsaq ki, dövlət ailədən başlayır və azərbaycanlıların xüsusilə ailə dəyərləri və bu dəyərlərin də adət-ənənələrə söykənən yaxşı məqamları var".

İlqar Orucov əlavə edib ki, ölkə başçısı İlham Əliyev Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyində məhz bu istiqamətdə xüsusilə təhsil ictimaiyyətinə müraciət edib. Onun sözlərinə görə, Prezident xüsusi olaraq qeyd edib ki, mütləq şəkildə biz məktəblərdə tərbiyə işinə önəm verməliyik, eyni zamanda gələcək nəsli milli dəyərlərə bağlı nəsil kimi yetişdirməliyik:

"Bunlar Azərbaycan xalqının əsrlər boyu yaratdığı və xalqımızın milli kimliyindən xəbərdar dəyərlər ruhunda böyütməyə söykənir. Bu baxımdan fikirləşirəm ki, erkən nikahla bağlı ümumiyyətlə, bu kimi faydalı mövzuların yuxarı sinif şagirdlərinə aşılanması, dərsliklərə salınması birmənalı olaraq təqdir edilməlidir. Hətta əminəm ki, aidiyyəti qurumlar, eyni zamanda Təhsil Nazirliyi olaraq bu məsələnin xüsusi əhəmiyyətini nəzərə alaraq burada mövzuların salınması, tədrisi və şagirdlər arasında konkret olaraq bu istiqamətdə işin aparılması formallığı əks etdirməyəcək. Bu eyni zamanda birbaşa Azərbaycanın çox güclü ailə institutunun təməllərini, bu təmələ söykənmiş yeni nəsli formalaşdıracaq. Ölkəmizdə bu istiqamətdə olan problemlərin həllinə öz töhfəsini vermiş olacaq".

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm