Rus bölmələrində Azərbaycan dilinin saatı artırılmalıdır - ÇAĞIRIŞ
Bizi izləyin

Elm və təhsil

Rus bölmələrində Azərbaycan dilinin saatı artırılmalıdır - ÇAĞIRIŞ

Azərbaycan Respublikası Təhsil İnstitutunun direktoru Rüfət Əzizovun “Azərbaycan dilinin tədrisində nəyi dəyişməli?” adlı məqaləsində yer alan fikirlərə dəstək məqsədilə filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiqin 24.02.2020 tarixində dərc olunan “Rus bölmələrində Azərbaycan dilinin saatı artırılmalıdır” yazısını yenidən oxucuların diqqətinə çatdırırıq.

Azərbaycan istər coğrafi məkan olaraq, istər xalqın dünyagörüşündə, istərsə də dövlət idarəetməsində həmişə dünyada gedən innovativ proseslərə, yeniliklərə açıq davranış sərgiləyib. Bu yüz illərdir belədir və indi də bunu yaşamaqdayıq.

Azərbaycanda dini, irqi və dil mövzusunda həmişə tolerantlıq hökm sürüb, bu gün də davam etməkdədir. Ölkəmizdə digər xalqlar rahat yaşamaqda, öz dillərində danışmaqda, müxtəlif dini inancları olan insanlar öz dinlərini yaşamaqdadır.

Ölkəmiz demokratik və hüquqi dövlətdir. Burada beynəlxalq şirkətlərin minlərlə nümayəndəsi işləyir və yaşayır. Ona görə də “Təhsil haqqında” qanunda qeyd edilir ki, “Vətəndaşların və təhsil müəssisəsi təsisçilərinin istəyi nəzərə alınaraq Azərbaycan Respublikasının tərəfdar çıхdığı beynəlхalq müqavilələrə və ya müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşmaya uyğun olaraq təhsil müəssisələrində tədris müvafiq dövlət təhsil standartları əsasında digər dillərdə də aparıla bilər” (I fəsil, 7. 2. 2019).

Bu da ölkəmizdə müxtəlif dillərdə tədris aparan məktəblərin olmasına şərait yaradır. Bu gün türk, rus, ingilis, fransız, alman və s. kimi dillərdə və həmin ölkələrin proqramları ilə fəaliyyət göstərən məktəblər və ya bölmələr var. Burada çoxluq rus, ingilis, türkdilli məktəblər arasında ardıcıl olaraq paylanılır.

Etiraf edək ki, ingilis dili dünya dilidir və bundan qaçmaq mümkün deyil. Qazaxıstan kimi Şərq ölkəsi belə tədris dilini üç dildə – qazax, rus, ingilis dillərində aparması üzərində çalışır. Çünki ingilis dilində oxumaq üçün material yetərincədir və bu dil dünyaya çıxışı daha rahat təmin edir.

Türkiyə qardaş ölkəmizdir, ölkəmizdə yaşayan minlərlə Türkiyə vətəndaşı var. Son 20-30 ildir ki, övladlarımız ali təhsil almaq üçün daha çox Türkiyə universitetlərinə üz tutur. Təhsil baxımından bizdən öndədirlər və bu dildə də tədrisin olması vacibdir, buna da etiraz etməyə haqqımız yoxdur.

Rusiya da qonşu ölkədir, gücdür. Elm-texnologiya baxımından da geridə qalmır. Uzun illər birgə, bir bayraq altında yaşamışıq taleyin məcburiyyəti ilə. Buna görə də ölkəmizdə həm rus xalqından, həm də azərbaycanlı ailələrdən də yetərincə rusdillilər var. Beləliklə, rus bölməsinin də olması labüddür.

Bu yazıda toxunmaq istədiyim mətləb Azərbaycanda olan xaricidilli məktəblərin problemi deyil, bunun bizim qanunlara cavab verib-verməməyindən, bizim dilə və mədəniyyətimizə vurduğu zərbədəndir. Narahat olduğumuz ən əsas məqam şagirdlərimiz bu məktəblərdə təhsil alarkən öz dilimizi unudur və yad təfəkkürdə böyüyür.

2019-cu ildə qəbul edilən “Təhsil haqqında” qanunun birinci fəslinin “Tədris dili” maddəsində deyilir ki, Azərbaycan Respublikasının təhsil müəssisələrində tədris dili dövlət dili – Azərbaycan dilidir.
… Tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində Azərbaycan dili, ədəbiyyatı, tariхi və cоğrafiyası tədris оlunmalıdır.

Qanun müzakirə olunanda da demişdim, indi də deyirəm ki, sonuncu bəndə hökmən “Tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində Azərbaycan dili, ədəbiyyatı, tariхi və cоğrafiyası Azərbaycan dilində tədris оlunmalıdır” yazılmalı idi. Buna baxmayaraq Təhsil Nazirliyinin indi də haqqı və gücü var ki, tədris planlarını təsdiqləyəndə bu cür etsin.

“Kurikulumu ləğv edək, yoxsa yox?” dilemması qarşısında qaldığımız bir dövrdə diqqəti başqa bir yönə çəkməkyə qəsdim yoxdur. Yeni kurikulumu çağdaş təhsilin fəlsəfəsi kimi idrak etdiyimdən qəbul edənlərdənəm. Amma bəzi fənn kurikulumlarına, tədris planına (bu da kurikulumun tərkib hissəsidir) təkliflərim var.

Birinci təklif: “Təhsil haqqında” qanuna söykənərək digər bölmələrdə təhsil verən məktəblərin qarşısına şərt qoyulmalıdır ki, Azərbaycan dili, Azərbaycan ədəbiyyatı, Azərbaycan tarixi hökmən Azərbaycan dilində tədris olunsun. Bunun nəticəsi o olacaq ki, azərbaycanlı uşaqlar digər dildə təhsil alarkən öz dillərinə yad olmayacaq, öyrənəcək, dilimizin imkanlarına bələd olaraq azərbaycanlı təfəkkürü ilə böyüyərək bəşəri insan olacaqlar. Hal-hazırda başqa dillərdə təhsil verən məktəblərin heç birində Azərbaycan dilindən başqa adını çəkdiyim digər fənlər Azərbaycan dilində tədris edilmir. Bəzi xarici məktəblərdə isə heç Azərbaycan dili də tədris edilmir. Hətta Təhsil Nazirliyinin rus bölmələri üçün təsdiq etdiyi dərsliklər də elə rus dilindədir. Bu proses Sovet İttifaqı dağılandan sonra bu cür davam edir və təəssüf ki, bu gün də olduğu kimi davam etməkdədir. Axı niyə bir azərbaycanlı uşaq Azərbaycan ədəbiyyatını və tarixini başqa dildə öyrənməlidir? Ədəbiyyat bədii mətnlərdən öyrənilir. Niyə bir azərbaycanlı uşaq öz dilindən, orijinaldan o mətnləri oxumamalıdır? Axı dili mənimsəməyin və onun incəliklərini bilməyin yeganə və əsas yolu mətnlərdir. Təklifim budur ki, yeni tədris ili üçün keçiriləcək pedaqoji iclaslarda bu məsələ müzakirə olunaraq uyğun bir yol tapılsın. Azərbaycan dövləti müstəqil dövlətdir və cənab prezident tərəfindən də həmişə vurğulanır ki, biz öz mədəniyyətimizə, dilimizə sahib çıxmalı və onu qorumalıyıq.

Məsələnin həlli yolu da bir o qədər çətin deyil. Azərbaycan bölmələrində istifadə edilən tarix və ədəbiyyat dərslikləri üzərində kiçik dəyişiklik etməklə rus bölmələrində istifadə edilə bilər.

İkinci təklif: Bildiyiniz kimi Azərbaycanda bu gün rus bölməsinə ciddi maraq var. Buna maraqdan daha çox kütləvi axın var, desək, daha yaxşı olar. Əlbəttə ki, bu, valideynlərin öz işi, öz seçimidir. Amma bu cür axının qarşısını rəsmi şəkildə ala bilməsək də, öz milli maraqlarımızı da əldən verə bilmərik. Uzun illərdir (25-30 il) ki, rəsmi tədris planında rus bölmələrində Azərbaycan dilinə cəmi 2 saat ayrılır. Yəni həftədə iki 45 dəqiqə. 20 illik təhsil təcrübəm onu göstərir ki, bu iki saat gərəksiz bir dərs kimi tədris edilir. Dərs saatı az olduğundan şagirdlər bu fənnə qeyri-ciddi yanaşır, müəllimlər də məsələnin qarşısını almaqda acizdirlər. Digər tərəfdən də, iki saata dil öyrətmək mümkün deyil. Nəzərə alsaq ki, rus bölmələrində təhsil alan bəzi şagirdlər var ki, ana dilində bir kəlmə də bilmir, deməli vəziyyət daha acınacaqlıdır.
Nəticədə isə, öz ana dilini bilməyən minlərlə gənc Azərbaycan dövlətinin ayırdığı maliyyə ilə məktəbi bitirir.

Zənnimcə, yeni tədris planı hazırlanarkən 2 saat bütün siniflər üzrə minimum 6 saata qədər qaldırılmalı və həmin məktəblərə buna əməl edilməsi üçün nəzarət artırılmalıdır. Bəlkə də, bu tez bir zamanda mümkün deyil, çünki tədris proqramı dəyişərsə, dərslik məsələsi ortaya çıxacaq. Amma bunu ilk mərhələdə Azərbaycan bölməsində istifadə edilən dərsliklərlə həll etmək mümkündür.

Sonrakı mərhələdə Azərbaycan dili və ədəbiyyat üçün vahid bir dərslik hazırlamaq mümkündür.

Qeyd etdiyim iki problem də 30 ildir ki, bizimlə gəlib və heç kimi də narahat etməyib. Əminəm, bu gün yönü dəyişdirmək mümkündür.

Bu, bizim milli borcumuzdur. Bu dövlətin çörəyini yeyən hər kəs bunun qədrini bilməli və borcunu da qaytarmalıdır. Şəmil Sadiqin “Rus bölmələrində Azərbaycan dilinin saatı artırılmalıdır” yazısını yenidən oxucuların diqqətinə çatdırırıq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm