Onlayn təhsilin inanılmaz fəsadları: şagirdləri nələr gözləyir? - Ekspertlər AÇIQLADI
Bizi izləyin

Elm və təhsil

Onlayn təhsilin inanılmaz fəsadları: şagirdləri nələr gözləyir? - Ekspertlər AÇIQLADI

Koronavirus pandemiyası təhsil sisteminə mənfi təsir göstərdi, müəllimlərdən tutmuş tələbə və ibtidai sinif şagirdlərinə qədər hamı təsirləndi. Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, monitorinqlər göstərib ki, son bir ildə şagirdlər arasında 60 faizə qədər görmə problemi ortaya çıxmağa başlayıb. O bildirib ki, bu, uşaqların saatlarla monitor arxasında olması nəticəsində meydana gəlib. Kamran Əsədov onu da vurğulayıb ki, şagirdlərin 65 faizində isə onurğa sütununda skeleoz yaranıb. Başqa bir araşdırma isə pandemiya müddətində şagirdlər arasında 4-12 kq çəki artımının olduğunu ortaya qoyub.

Publika.az yeni dərs ilinin başlamasına bir neçə həftə qaldığı ərəfədə ekspertlərin pandemiyanın təhsil sisteminə vurduğu zərərləri öyrənmək üçün ekspertlərin rəylərini öyrənib. Onlar eyni zamanda uşaqların Delta ştammından qorumağın yollarını izah ediblər.

Təhsil eksperti Kamran Əsədov hesab edir ki, 1 ildən çox müddətdə təhsil prosesinin məsafədən təşkil edilməsi, zəruri bilikləri vermək və bacarıqlarının formalaşmasına çox ciddi təsir göstərdi. Eyni zamanda əlavə etdi ki, virtual dərslərin ənənəvi dərsləri əvəz edə biləcəyini iddia etmir. Bu, sadəcə ziyanı azaltmaq üçün bir vasitədir:

“Çünki hazırda ölkənin 4447 ümumtəhsil məktəbində 1,6 milyon şagird təhsil alır və bu şagirdlərin heç də planşeti, telefonu və internetə giriş imkanları yoxdur. Digər tərəfdən heç də bütün fənlərin hamısı onlayn tədris zamanı keyfiyyətli keçirilmir. Sizin kompüteriniz, telefonunuz ola bilər, amma riyaziyyat, kimya, fizika və biologiya kimi fənləri individual və auditoriyada öyrənməlisiniz. Bunların məsafədən öyrədilməsi mümkün deyil, zəif alınır.

Onlayn təhsil şagirdlərə bilik vermə istiqamətimizə ciddi çatışmazlıqlar yaratmaqla yanaşı, ciddi fiziki psixoloji təsir də göstərir. Apardığımız monitorinqlər göstərir ki, şagirdlər arasında 60 faizə qədər görmə problemi oraya çıxmağa başlayır. Çünki saatlarla monitor arxasında olur. Halbuki beynəlxalq təcrübə deyir ki, onlayn dərslərdə bir dərsin müddəti 20 dəqiqədən artıq ola bilməz. Saatlarla müxtəlif ölçülü monitora baxmaq şagirdlərdə görmə problemlərinin yaranmasına gətirib çıxarır.

Bilirik ki, məktəbdə standart stoldan və stuldan istifadə olunur. Evdə isə onlayn təhsil zamanı uşaqlar divanda oturur və monitora baxan zaman özlərini əyirlər. Bu da şagirdlərin 65 faizində onurğa sütununda skeleoz xəstəliyini ortaya çıxarda bilir. Digər tərəfdən şagirdlər otaq şəraitində uzun müddət hərəkətsiz qalırlar. Araşdırmalar göstərir ki, pandemiya müddətində şagirdlər arasında 4-12 kq çəki artımı müşahidə olunmağa başlayıb. Hərəkətsizlik onları inkişafdan geri saxlayıb, ənənəvi ünsiyyət qabiliyyəti itib, virtual aləmə daha çox meyillənmələr var. Bütün bunlar çox ciddi problemlərin mövcudluğundan xəbər verir”.

Ekspert qeyd edib ki, aidiyyəti qurunmlar bütün bunları nəzərə alaraq, tədrisi ənənəvi qaydada bərpa etməli və bu, bizim üçün hər hansı narahatlıq doğurmamalıdır:

“Bu gün istər Bakıda, istərsə də istirahət mərkəzlərində insan əlindən tərpənmək olmur. Amma bütün gün tam qoruma tədbirləri həyata keçirilən, dezinfeksiya işlərinin aparıldığı məktəblərə görə narahatlıq keçiririk. Gələcəyimizin daha böyük təhlükə yaşamaması üçün tədris prosesini ənənəvi qaydada başlamalıyıq. Təhsil müəssisələri virus mənbəyi deyil! Bu gün binaların həyətində uşaqlar və valideynlər bir-birilə yaxın məsafədən söhbət edi, toylar keçirilir.

Bu gün ölkədə 4447 təhsil məktəbinin 51 faizində şagird sayı 200-dən aşağıdır. Amma 1 iyuldan bəri ölkədə toyların 150 nəfər olması şərtilə keçirilməsinə icazə verilir. Amma 200 nəfər şagirdi olan məktəblərin başlamasına icazə verilmir... Belə vəziyyət yaranır ki, toya və restorana gedən valideynlər problem yaşamır, amma uşağı məktəbə getməsini problem olaraq görürlər”.

Səhiyyə Nazirliyinin Baş pediatrı Erkin Rəhimov Kamran Əsədovdan fərqli olaraq hesab edir ki, yoluxma sayının kəskin artdığı bir dönəmdə mətkəblərin açılması risklidir:

“Delta variantı ilkin ştammdan daha yoluxucudur. Əvvəlki ştamm bir-iki nəfəri yoluxdururdusa, Hindistan ştammı 6-8 nəfəri birdən yoluxdurur, xəstəlik daha çox peyvənd olunmayan insanlar arasında yayılmağa başlayıb. Bu da gözlənilən hal idi. Yoluxma sayının artması nəticəsində virusun uşaqlar üzərində də təsiri görünməyə başladı. Vaxt keçdikcə məlum oldu ki, uşaqlar da bu virusun hədəfi ola bilir.

Son ayda Azərbaycanda kəskin yoluxma göstəriciləri qeydə alınır. Məktəblərin açılıb-açılmamasını aidiyyəti qurumlar təyin edir. Amma onu deyə bilərəm ki, risklər var, uşaqların səhhətində ciddi problemlər yarana bilər, xüsusilə yuxarı sinif məktəblilər arasında yayılma ehtimalı daha yüksəkdir. Odur ki, bütün nəticələri hesablayıb düzgün qərar vermək lazımdır. Sözsüz ki, maska taxılmalı, sosial məsafə qorunmalı, şəxsi gigiyena, əl təmizliyi öyrədilməli və buna çox ciddi nəzarət olunmalıdır. Bunları doğru-düzgün izah etmək lazımdır ki, uşaqlar arasında yoluxma olmasın.

Uşaqların vaksinasiyasına gəldikdə, elmi tədqiqatlara əsasən Pzifer peyvəndi 12-16 yaş arası uşaqlara vurula bilər. Amma bu tədqiqatlar yetərli olmadığı üçün Azərbaycanda hələ ki, uşaqlara kovidə qarşı peyvənd vurulmur. Bu halda uşaqları necə qoruya bilərik? Böyüklər peyvənd olunmaqla uşaqları da qorumuş olarlar”.

“Narınc” Uşaq Psixologiya Mərkəzinin təsisçisi və rəhbəri, klinik psixoloq Narınc Rüstəmova bu qənaətdədir ki, pandemiya səbəbiylə təhsil sistemində yaranan dəyişikliklər nəticəsində böyük sıxıntılar var və onların aradan qaldırılması zaman tələb edir:

“Bununla bağlı valideynlər tez-tez müraciət edir. Bilirik ki, bir neçə aylıq tətildən sonra dərsə adaptasiya dönəmi çox çətin keçir. Üstəlik tədris ilinin onlayn olması və xəstəliklə bağlı baş verən gərginlik və həyəcan uşaqlara ikiqat, üçqat təsir edir. 3 aylıq tətildən sonra adaptasiya dönəmi çətin olursa, təsəvvür edin ki, 12 aylıq onlayn təhsil uşaqlarda hansı izləri qoyub. Müəllimin tədris sistemi nə qədər keyfiyyətli olsa da, onlayn dərs saatları ilə bərabər tuta bilmərik. Uşağın müəllimlə üz-üzə görüşməsi, sosiallaşması ilə onlayn təhsil arasında dünyada qədər fərq var. Bu da təbii ki, rejimlərinin pozulmasına gətirib çıxarır. Əvvəllər uşaqlar dərsdən sonra qalıb qrup şəklində dərs öyrənirdisə, kovidə görə qrup şəklində toplanmalar qadağan olundu. Uşaqlar əlavə kurslara gedə bilirdi, kursların qrup şəklində fəaliyyəti, həmçinin idman zallarının bağlanmağı onların tək dərs deyil, sosial həyatında da qapanmalara gətirib çıxarmışdı.

Yuxu rejimin pozulması uşaqlarda məktəbə qarşı aqressiyasını artırır. Dərs ilinin başlanmasını azadlıqlarının məhdudlaşması kimi başa düşürlər ki, bu da məktəbə adaptasiyasını çətinləşdirir. İnsanın məktəbə adaptasiyası 4-6 həftə çəkir ki, xüsusən də ilk 21 gündə müəllimlər uşaqlara güzəştə getməlidir. Onların yavaş-yavaş sərbəst həyatdan disiplinli və qrafikli həyata keçid etməsinə anlayış göstərmək lazımdır. Bu dönəmdə əsasən azyaşlı ibtidai sinif uşaqların adaptasiyası çətin gedir. Bu da uşaqlarda məktəb fobiyası, səhər oyananda baş ağrıları, ürəkbulanmaları, hətta 37-38 dərəcə qızdırma ilə müşayiət olunur. Məktəblə bərabər bağçada da eyni problemlər yaşanır. Müəllimlər anlayış göstərsə, bu dönəm uşaqlar üçün daha rahat keçəcək. Valideynlər də öz növbəsində uşaqları birdən-birə ağır qrafiki yükləməyə tələsməsinlər. Ümumiyyətlə, uşağın yay aylarında təhsildən çox uzaqlaşmamağı, gündə bir saat da olsa dərs oxumağı və əlavə kurslara yazılması çox vacibdir.

Təbii ki, kovidlə bağlı fikirləri və gigiyenik qaydaları uşaqlara öyrədərkən, onları qorxuya salmamalıyıq. Hər xırda məsələyə görə, uşaqlarda vasvasılıq arta bilir, bərabərində ölüm qorxusu da gəlir. Odur ki, kovidlə bağlı profilaktik və gigiyenik fikirləri doğru formalaşdırmaq lazımdır”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm