İstanbulda gözlənilən böyük zəlzələ: Azərbaycanlı tələbələrin taleyi necə olacaq?
Bizi izləyin

Elm və təhsil

İstanbulda gözlənilən böyük zəlzələ: Azərbaycanlı tələbələrin taleyi necə olacaq?

Türkiyədə baş verən dəhşətli zəlzələlər İstanbulda böyük zəlzələnin olacağı mövzusunu yenidən gündəmə gətirdi. Bir sıra mütəxəssislər İstanbulda və digər seysmik ərazidə yerləşən şəhərlərdə də zəlzələ olacağı ehtimalını irəli sürürlər. Hətta İstanbul bələdiyyəsinin sədri Əkrəm İmamoğlu bildirib ki, İstanbulda ən azı 90 min bina yüksək risk altındadır.

Türkiyə universitetlərində təhsil almaq istəyən Azərbaycan vətəndaşlarının sayı kifayət qədər çoxdur. Bütün bu qorxulu xəbərdarlıqlar və proqnozlar Türkiyədə təhsil almaq istəyən gənclərimizin sayına necə təsir göstərəcək?

Mövzu ilə bağlı Publika.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, yeni təbii fəlakətin olacağı ilə bağlı proqnozlar, eyni zamanda zəlzələ nəticəsində ölənlərin sayının çoxluğu birmənalı şəkildə Türkiyədəki ali təhsil müəssisələrini seçən tələbələrin sayına təsir göstərməyəcək:

“Heç bir ölkə təbii fəlakətlərdən, bədbəxt hadisələrdən sığortalanmayıb. İstənilən bir şəhərdə fəlakət baş verə, dağıntılar ola bilər. Biz bundan əvvəlki hadisələrdə də şahidi olmuşuq ki, təbii fəlakətlər heç də həmin ölkələrə olan tələbə axınına öz təsirini göstərmir. Tələbələr yalnız hərbi münaqişələr olan yerlərə getmirlər. Zəlzələnin və verilən proqnozların təhsil almaq istəyən şəxslərin Türkiyə universitetlərini seçməsinə hansısa mənfi təsiri yoxdur. Hətta biz görürük ki, bir ildir Ukraynada müharibənin davam etməsinə baxmayaraq, hələ də bu ölkənin ali məktəblərinə üz tutan azərbaycanlılar var. Yəni dərslər distant formada keçirilir. Yaponiyada illər öncə sunami olmuşdu, digər ölkələrdə də zaman-zaman müxtəlif təbii fəlakətlər olub. Lakin bu, həmin ölkələrə gediş-gəlişə mənfi təsir göstərməyib.

Hər il Azərbaycandan azı 6 min nəfər öz vəsaiti hesabına Türkiyəyə təhsil almaq üçün gedir. Kahramanmaraşda, Malatyada olan universitetlərə gedən tələbələrin sayı o qədər də çox deyil. Vətəndaşlarımız təhsil almaq üçün daha çox İzmir, Eskişehir, Kütahya, Bolu, Çankırı, Çorum, İstanbul, Antalya, Konya, Mersin, Giresun, Trabzon kimi şəhərlərə üz tuturlar. Azərbaycanlılar tərəfindən seçilən universitetlər sırasında zəlzələ baş verən ərazilər o qədər də üstünlük təşkil etmir. Naxçıvandan olan tələbələrimiz isə üstünlüyü Qars və İğdıra verirlər. Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin çox az bir hissəsi zəlzələ baş verən ərazilərdədir”.

Ekspert hesab edir ki, fevralın 6-da baş verən dəhşətli zəlzələ Türkiyədə mühəndis işlərinin daha da keyfiyyətli görülməsi məsələsini gündəmə gətirib: “Bundan sonra təhlükəsizlik qaydalarına daha çox riayət olunacaq. Bu isə tələbələrin Türkiyədə təhsil alması üçün yaranan ən böyük maneəni – binaların təhlükəsizliyi ilə bağlı problemləri həll edəcək”.

K.Əsədov Azərbaycan vətəndaşlarının niyə daha çox Türkiyədəki universitetləri seçdiklərinə də diqqət çəkib:

“Hazırda Azərbaycandan kənarda təhsil alan vətəndaşlarımızın sayı 42 minə yaxındır ki, onların da böyük əksəriyyəti Türkiyənin payına düşür. Bunun bir neçə səbəbi var. Birinci səbəb, Türkiyənin ali təhsil müəssisələrinə qəbulun kifayət qədər asan, sadə və əlçatan olmasıdır. İkinci səbəb, bəlkə də ən vacib məqamdır - Türkiyə ali təhsil müəssisələrində tədrisin keyfiyyətinin kifayət qədər yüksək olması, universitetlərin beynəlxalq reytinq forması, ali məktəblərin hazırladığı kadrların əmək bazarının tələblərinə və müasir standartlara uyğun gəlməsidir.

Azərbaycanlı tələbələr həm də tədris dilinin bizə kifayət qədər yaxın olduğu üçün oranı seçirlər. Hər bir azərbaycanlı rahatlıqla Türkiyənin universitetlərində təhsil ala bilir. Digər tərəfdən, təhsil haqları çox aşağıdır. Azərbaycanla və digər ölkələrlə müqayisədə keyfiyyətli təhsil verir və illik ödənişlər ucuzdur. Təhsil haqlarının aşağı olması gənclərin daha çox müraciət etməsinə səbəb olur. Digər tərəfdən, yaşayış xərcləri aşağıdır, yataqxana imkanları genişdir. Bütün bunlar Azərbaycandan və digər ölkələrdən gənclərin təhsil üçün Türkiyəyə getməsində əsas səbəb kimi qiymətləndirilə bilər. Türkiyədə təhsil alan xarici ölkə vətəndaşlarının sayı isə hazırda 185 min nəfərdir. Bu, kifayət qədər ciddi rəqəmdir”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm