Elm və təhsil
Azərbaycanda ali təhsil müddəti azaldılmalıdır: Səbəbləri açıqlandı

Gürcüstan hökuməti ali təhsilin müddətini 6 ildən 4 ilə endirməyə qərar verib. Yeni modelə görə, bakalavr təhsili 3, magistratura isə 1 il olacaq. Türkiyədə də oxşar islahat ideyası artıq gündəmə gətirilib. Bununla da ali təhsil sisteminin daha çevik və praktik əsasda qurulması müzakirə olunur.
Bəs Azərbaycanda bu mümkündürmü? Hazırda ölkədə bakalavr təhsili 4, magistratura isə 2 il davam edir. Təhsil sistemində dəyişikliklər edilərsə, bu, təhsilin keyfiyyətinə necə təsir göstərə bilər? Əgər müddət qısaldılsa, proqramlar sıxlaşdırılmalıdırmı, yoxsa daha çevik və praktik modellərə keçid lazımdır?
Təhsil eksperti Kamran Əsədov məsələ ilə bağlı Publika.az-ın suallarını cavablandırdı.
Ekspert ilk növbədə qeyd etdi ki, ali təhsil müddətinin qısaldılması ideyası sadəcə formal islahat deyil, təhsil sisteminin çevikliyini və əmək bazarına uyğunluğunu artırmaq üçün strateji addımdır:
“Gürcüstanın 6 illik ali təhsil modelini 4 ilə endirməsi və Türkiyədə də bu istiqamətdə müzakirələrin başlaması göstərir ki, region ölkələri artıq “diplom müddəti” yox, “tədris məzmunu” üzərində düşünür. Bu qərar Bolonya sisteminə və Avropa ali təhsil məkanının əsas prinsiplərinə tam uyğundur. Çünki əksər ölkələrdə bakalavr təhsili 3, magistratura 1-2 ildir".
Kamran Əsədovun sözlərinə görə, Azərbaycandakı hazırkı model 1999-cu ildə Bolonya prosesi çərçivəsində qəbul edilmiş strukturun ən klassik formasıdır. Lakin son 10 ilin təcrübəsi göstərir ki, bu sistem artıq əmək bazarının tələblərinə tam cavab vermir:
“Dövlət Statistika Komitəsinin 2024-cü il məlumatına görə, ali məktəb məzunlarının 43 faizi ixtisası üzrə işlə təmin olunmur. Bunun əsas səbəbi tədris müddətinin uzun olmasına baxmayaraq, proqramların çoxu hələ də nəzəri, təkrarlanan və praktik bacarıqlardan uzaq olmasıdır.
Əslində, bakalavr pilləsində 3 illik modelə keçid təhsilin keyfiyyətini azalda bilməz. Əksinə, onu fokuslaşdırar və səmərələşdirər. Çünki bir çox universitetlərdə sonuncu, yəni dördüncü kursda dərs yükü az olur, çox vaxt tələbələr ixtisasla bağlı yeni bilik deyil, təkrar olunan fənlərlə məşğul olurlar. Tədris planlarının səmərəsizliyi və yüklənməsi nəticəsində həm müəllim, həm də tələbə üçün vaxt itkisi yaranır. 3 illik model isə tələbəni ixtisas üzrə əsas biliklərə və praktik təcrübəyə yönəldəcək.
Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanunun 15.1-ci maddəsinə görə, ali təhsil sisteminin məqsədi ixtisaslı, peşəkar və müstəqil qərarvermə qabiliyyətinə malik mütəxəssislərin hazırlanmasıdır. Qanunun bu müddəası göstərir ki, əsas məqsəd “müddət” deyil, nəticədir. Təhsil müddətinin 3+1 modelinə keçirilməsi bu nəticəni əldə etməyə yönəlib. Elm və Təhsil Nazirliyi son illərdə ali təhsil müəssisələrinin muxtariyyətini artırmaq, kredit sistemini yeniləmək və tədrisin keyfiyyətinə nəzarəti gücləndirmək istiqamətində mühüm addımlar atıb. Bu, yeni modelin tətbiqi üçün real bazadır".
O bildirdi ki, dünya təcrübəsində bu keçid artıq uğurla sınaqdan çıxıb:
“İngiltərədə, İtaliyada, Niderlandda və Türkiyənin bəzi universitetlərində 3 illik bakalavr proqramları geniş tətbiq olunur. ABŞ-da da “accelerated bachelor” adlı intensiv proqramlar tələbəyə 3 ilə diplom almaq imkanı verir. Finlandiya və Estoniyada isə təhsil müddətinin azaldılması ilə paralel olaraq praktik təcrübə payı artırılıb. Bu, tədrisin keyfiyyətinə mənfi deyil, müsbət təsir edib”.
Onun sözlərinə görə, Azərbaycanda da bu model tətbiq olunarsa, təhsil proqramlarının məzmunu sıxlaşdırılmamalı, yenidən dizayn edilməlidir:
“Yəni məqsəd dərslərin sıxlaşdırılması yox, lazımsız fənlərin çıxarılması və fənlərarası inteqrasiyanın artırılması olmalıdır. 3 illik bakalavr modelində tədris planı əsasən ixtisas bilikləri, tədqiqat bacarıqları, kommunikasiya və əmək bazarına yönəlik praktiki fənlər üzərində qurulmalıdır. Magistratura pilləsinin 1 ilə endirilməsi isə yalnız elmi-tədqiqat yönümlü proqramlarda mümkündür, çünki bu pillə artıq akademik dərinləşmə mərhələsidir.
Elm və Təhsil Nazirliyinin ali təhsil sahəsində son islahatları – universitetlərin akkreditasiyası, reytinq sisteminin tətbiqi, beynəlxalq proqramlara inteqrasiya və tədris keyfiyyətinə nəzarətin gücləndirilməsi – bu dəyişikliklər üçün mühüm zəmin yaradır. Nazirliyin məqsədi ali təhsili sadəcə “diplom istehsalı” sistemindən çıxarıb, əmək bazarına yönəlik, çevik və praktik modelə çevirməkdir”.
Kamran Əsədov xəbərdarlıq etdi ki, universitetlərin bu prosesə hazır olmaması ciddi problemlər yarada bilər:
“Bir çox ali məktəblərdə dərs proqramları hələ də 1990-cı illərin metodologiyası ilə qurulub, müəllimlərin metodik hazırlığı zəifdir, tədris materialları köhnədir. Əgər tədris müddəti qısaldılacaqsa, bu islahat "məzmun islahatı" ilə paralel getməlidir. Universitetlər daha çox beynəlxalq standartlara uyğun kurikulumlar hazırlamalı, praktiki fənləri artırmalı, tələbələri real layihələrə və istehsal müəssisələrinə cəlb etməlidirlər”.
Ekspert hesab edir ki, bu dəyişiklik həyata keçirilərsə, ali təhsil həm iqtisadi, həm sosial baxımdan daha səmərəli olacaq:
“4 illik bakalavr əvəzinə 3 illik model tətbiq edildikdə tələbə daha erkən əmək bazarına daxil ola bilər, təhsil xərcləri 25 faizədək azalacaq, universitetlər isə daha çox tələbə qəbul edə biləcək. Ən əsası bu model tələbənin öyrənmə məsuliyyətini artıracaq, çünki tədris daha intensiv və nəticəyönümlü olacaq”.
Sonda Kamran Əsədov onu da qeyd etdi ki, Azərbaycanda 3+1 illik ali təhsil modelinə keçid mümkündür və hətta zəruridir:
“Əgər bu proses mərhələli şəkildə, məzmunun yenilənməsi və universitetlərin məsuliyyətinin artırılması ilə həyata keçirilərsə, təhsilin keyfiyyəti yüksələcək, əmək bazarı ilə uyğunluq artacaq və Azərbaycan ali təhsil sistemi regionun ən çevik və müasir modellərindən birinə çevriləcək. Elm və Təhsil Nazirliyinin son illərdə başladığı struktur dəyişiklikləri bu keçidi reallaşdırmaq üçün kifayət qədər güclü əsas yaradır. İndi əsas məsuliyyət universitetlərdədir”.
Gülnar Süleymanova
-
MDB22:16
Rusiyada müdafiə sənayesi zavodunda PARTLAYIŞ - Xəsarət alanlar var
-
Dünya21:51
Ağ Evdə Tramp-Zelenski görüşü keçirildi - Foto/Video/Yeniləndi
-
Nida Xəbər 20:50
Ramiz Mehdiyevin ailə üzvlərinin ölkədən çıxışına qadağa qoyuldu
-
Region20:10
Onların evində axtarış aparıldı
-
Nəqliyyat20:00
Taksilərlə bağlı yeni qərar BU TARİXDƏN qüvvəyə minəcək
-
Nida Xəbər 18:40
Azərbaycanın Bəhreyndə səfirliyi təsis olundu
-
Sosial17:03
Azərbaycandakı heyvan bazarlarında məhdudiyyətlər tətbiq ediləcək
-
MDB16:34
Rusiya Yer ilə Göy arasında qalıb: Putin Macarıstana necə uçsun ki, sağ qalsın?