Bölgələrə istirahətə gedənlər OXUSUN: QİYMƏTLƏR QALXACAQ
Bizi izləyin

Əmlak

Bölgələrə istirahətə gedənlər OXUSUN: QİYMƏTLƏR QALXACAQ

Rayonlara gediş-gəliş bərpa olunub. Bir çox qadağalar götürülüb. Yay mövsümünün başlamasına isə sayılı günlərin qalması səbəbindən insanlar bölgələrə axın etməyə başlayıb. Bu axın regionlardakı bağ və həyət evlərinin kirayə qiymətinə təsir edəcək.

Bunu Publika.az-a əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.

O bildirib ki, bölgələrdə bağ evlərinin həm satış, həm də kirayə qiymətlərində artım olacağı gözlənilir: “Ötən illə müqayisədə bölgələrdə kirayə bağ evlərinin qiymətində xeyli artım olacaq. Bölgələrdəki bu artım paytaxtda qiymətlərin stabil qalmasına səbəb olacaq. Pandemiyadan əvvəl bağ evlərinin kirayəsinə tələbat çox olurdu. İnsanlar evləri bir neçə aylıq kirayələyirdilər. Xüsusilə də bahalı evləri xaricilər götürürdü. Ancaq bu gün o sahə işləmir, bahalı evlərin kirayəsi dayanıb. Son bir ildə pandemiya bu sahənin çökməsinə səbəb oldu. Varlı insanların əksəriyyətinin bağ evi var. Bu bazar kənar müştərilər hesabına işləyir. Yerli müştəri hesabına çox az hallarda olur ki, bu da bir neçə günlük olmaqla, müxtəlif şənliklərin, ad günlərinin keçirilməsi üçün nəzərdə tutulur”.

Ekspert qeyd edib ki, bəzi qadağaların götürülməsi bir müddətdir çökən turizm və daşınmaz əmlak sektorunun dirçəlməsinə səbəb olacaq: “Son 10-15 ildə Azərbaycanın bölgələrində digər bölgələrin insanları ev alıblar. Tutaq ki, qəbələli Lənkəranda, lənkəranlı Qubada və s. Bu, birbaşa daxili turizmin inkişafı ilə əlaqədar idi. İnsanlar hansısa bölgəyə istirahət üçün səfər etdikləri zaman ora xoşlarına gəlirdisə, oradan da ev alırdılar. Bu, Bakı ilə paralel olaraq bölgələrdə daşınmaz əmlakın satışı sahəsinə və iqtisadi vəziyyətinə yaxşı təsir edirdi. Ölkə bir-biri ilə əlaqədar olaraq qazanc əldə edirdi. Pandemiya ilə əlaqədar olaraq bu sahə çökdü. Karantin səbəbindən paytaxtda bağ evlərində də kirayə qiymətləri kəskin artdı, təxminən 100-300 min dəyəri olan həyət və bağ evlərinin satışı da sürətləndi. Nəticədə bölgələrdə torpaq sahələrinin və həyət evlərinin qiyməti aşağı düşdü. Bölgələrdə mövsümi işləyən obyektlər, istirahət mərkəzləri, restoranların 70-80 faizi qapalı olaraq qaldı. Çünki onlar kənardan gələn müştərilərin hesabına fəaliyyət göstərirdilər. Bu sahə tamamilə dayanmışdı. Ancaq indi dirçəlməsi üçün şərait var”.

E.Fərzəliyev bölgələrdə fəaliyyət göstərən kafe və restoranların, hotellərin qiymətlərinin baha olmasını qeyd edib. Ekspertin sözlərinə görə, bu amil daxili turizmin inkişafına əngəl yaradır: “Azərbaycana məsələn il ərzində 10 min turist gəlirsə, onun 5 dəfəsi qədər də soydaşlarımız xaricə turist kimi gedirlər. Bu qədər də ölkədən pul çıxır. Xarici turistdən daha çox yerli turistləri əldə saxlamaq lazımdır. Daşınmaz əmlak sahəsi və turizm bu şəkildə inkişaf edə bilər. Azərbaycanda bəzi hotellərdə, restoranlarda ya xidmət aşağı olur, ya da qiymət yüksək olur. Bu da insanların xaricə üz tutmasına səbəb olur. Hotellərin qiymətini insanların cibinə uyğun təyin etmək lazımdır. Daxili turizmin inkişafı ilə bölgələrdə bağ evlərinin alış-satış və kirayəsində də vəziyyət yaxşılaşa bilər”.

Ekspert bağ evlərinin kirayə və satış qiymətlərindən də danışıb: “Konkret qiymət demək olmaz. Elə insan var ki, 5 otaqlı evinin 1 otağını bir gün üçün 30 manata və ya tam şəraitli böyük həyət evinin bir gününü 300-400 manata təklif edir. Satışlar da bölgələrə, rayonlara, kəndlərə görə dəyişir. Rayonlarda insanlar daha çox torpaq sahəsi almağa üstünlük verirlər, daha sonra isə orada ev tikirlər. İmkanlı şəxslər bugünün standartlarına uyğun olaraq tikinti həyata keçirir və onu kirayəyə verirlər, satırlar və ya özləri istifadə edirlər.

Bakıda da bağ evlərinin qiyməti müxtəlif olaraq dəyişir. Əgər ən kiçik həyət evinin qiyməti 50 min manatdan başlayırsa, ən bahalısı təxminən 5-7 milyon aralığında dəyişə bilir. Bu da evin ərazisinə, tikilinin böyüklüyünə, təmirinin müasir olmasına, hovuzuna, yaşıllığına, həyətdəki ağaclarına görə dəyişir”.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm