Foto
Səssiz müharibə, darmadağın edilən düşmən, qiyamətə qalmayan qisas... - REPORTAJ
- Qardaş, olarmı uşağı bu erməni tankının üstünə çıxarım? (Uşağın 4-5 yaşı ancaq olar)
- Yox, olmaz. Elə mən bunun üçün burdayam...
- Amma həvəslidir, həvəsini qırmayaq...
- Dedim ki, yox!.. (Nəzarətçi uzaqlaşır, digər ziyarətçilərə göz-qulaq olmaq üçün asta addımlarla gözdən itir)
- Eybi yox, oğul. İnşallah, əsgərliyə gedəndə minərsən, erməni tankını...
Yəqin ki, budəfəki söhbətimizin haradan gedəcəyini hiss etdiniz. Bəli, düz tapmısınız, Publika.az-ın obyektivini bu dəfə Hərbi Qənimətlər Parkında qurmuşuq. Fotoqrafım Pərviz Həşimi ilə Parkı ələk-vələk edib ən yaxşı fotoları, mənzərələri sizinlə bölüşməyə çalışacağıq.
Əvvəl 2 manat, sonra giriş...
Əvvəla onu qeyd edim ki, aprelin 12-də müzəffər Prezidentimizin və hərbçilərimizin iştirakı ilə açılan Parkın girişində pandemiyaya görə ara məsafəsinə riayət edilir. İki metr məsafəyə məhəl qoyulmayanda mühafizəçilərdən xəbərdarlıq eşidirsən. Növbə mənə çatır. Əvvəlcə istiliyimi yoxlayırlar:
- 35,6... Keçin...
Baxıram ki, məndən əvvəl keçənlər bilet üçün sıraya düzülüblər. Giriş 2 manatdır. Məndən arxadakı bir gənc dillənir:
- Bu, xalqın qələbəsidir. Hamıya pulsuz olmalıdır. Heç olmasa bir neçə ay...
Başqa bir ziyarətçi dillənir:
- 6 yaşına qədər uşaqlar üçün pulsuzdur. Üstəlik, şəhid ailələri və qazilər üçün də ödəniş yoxdur.
Başqa bir nəfər söhbətə qoşulur:
- Yəqin muzeyin saxlanılması üçün xərclənəcək... Turistlər də gələcək hələ... Büdcəmizə gedir, itən yerə getmir ki...
Bayaq etiraz edən gənc oğlan yenə də dillənir:
- Turistlərə pullu etsinlər... Bəlkə mənim pulum yoxdur, girib baxmamalıyam?!
Sonra əsəbi soyuyur. Bir az qabağa gəlib 2 manat ödəyir və bilet alıb Parkın ərazisinə daxil olur.
Diqqətimi bir nüans cəlb edir. Deputatlar da Hərbi Qənimətlər Parkı haqqında danışarkən deyirdilər ki, ölkəmizə gələn xarici qonaqlar və turistlər də bu Parkı gəzəcəklər və ordumuzun necə möhtəşəm qələbə qazandığını görəcəklər.
Gələk, Parkda keçirdiyim hisslərə...
İçəri girdiyim andan etibarən özümü səssiz bir savaşın ortasında hiss etdim. Daha doğru ifadə eləsəm, sanki müharibədəki şanlı qələbəmizdən eibarən döyüş xəttində hər şey donub, düşmən tankları, topları əsgərlərimizin nəzarəti altına alınıb. Parkdakı ab-havadan necə şanlı bir zəfər qazandığımızı hiss edirəm. Paslanmış “Zil”, PUA-ların zərbəsindən ortası qorla körüklənmiş “UAZ”, lüləsinin “başı” aşağı dikilmiş “T-72” tankları... Dron zərbəsindən sepləri dağılmış “BTR”, “PDM”, “BM-1”lər... Bir sözlə, ağır texnika döyüşlərinin izləri...
Yaxınlıqda dostları ilə ərazini gəzən bir tələbə qızla söhbətləşirik. Fikirlərini alıram. Deyir ki, kaş, hər bir texnikanın üzərinə üçrəngli bayrağımızı sancaydılar: “Çox möhtəşəm hisslərdir. Ordumuzla, azərbaycanlı olmağımla bir daha fəxr etdim. Bu Park bütün nəsillərin fəxarət yeridir”.
Övladlarını Parka gətirən bir atanı söhbətə tuturam. Söyləyir ki, belə bir Parkın ideyasını kim veribsə, sağ olsun: “Sadəcə möhtəşəmdir. Uşaqları ona görə gətirdim ki, gəlib görsünlər ki, necə amansız, həyasız bir düşmənə qalib gəlmişik. Açığı, təklif özlərindən gəldi. Mənə də maraqlı olduğu üçün səhər tezdən buraya üz tutduq. Hər şey canlıdır. Elə maketlər də...”
Nələr nümayiş olunur?
Parkda 44 günlük müharibə zamanı ordumuzun erməni silahlı birləşmələrini məğlub edərək qənimət kimi ələ keçirdiyi 9 tank sərgilənir. Onlardan 7-si nasaz, 2-si isə saz vəziyyətdədir. Bu tanklar Cəbrayıl, Füzuli, Xocavənd və Qubadlı istiqamətlərində ələ keçirilib.
7 ədəd piyadaların döyüş maşınını da (BMP-2) burada görmək mümkündür. Onlardan 6-sı sınıq-salxaqdır. 1-i isə saz vəziyyətdədir. İki “OSA”dan biri sınıq, digəri isə saz durumdadır. “Ştrum-S”lərdən də 2-si ələ gələsi deyil. Biri isə istifadəyə yararlıdır.
Cəmi bir ədəd “BTS-4” var, o da saz vəziyyətdədir. “S-60” özüyeriyən avtomatik zenit topundan 3-ü ələ gələsi olmasa da, biri saz vəziyyətdədir. 2K12 “Kub” zenit raket kompleksinin özüyeriyən kəşfiyyat və tuşlama qurğusu da işlək durumdadır. Ermənilər döyüş zamanı sadəcə olaraq qoyub qaçıblar. Bu qurğunu əsgərlərimiz Cəbrayıl istiqamətində ələ keçiriblər.
Hərbi çadır altında qurulan “Kinozal” otağında Vətən müharibəsinə aid videoçarxları və qısametrajlı filmləri izləyə bilərsiniz. “Düşmənin müdafiə səddi” adlı xüsusi yaradılmış hissədə düşmənin 10 müdafiə səddi, bunker, müdafiə mövqeyinin ibarət olduğu bütün otaqlar, atəş nöqtələri, saxlanclar, tunellər, sədlər və səngərlərlə tanış olmaq mümkündür. Bura ən “canlı” otaqlardan sayılır.
Təşviş içində olan düşmən əsgərlərinin maketləri, düşmənin silah-sursatları, silah anbarları... Bir sözlə, qarşı tərəfin cəbhəsində məğlubiyyət sancıları çox gözəl əks olunub. Parkın ərazisində yerləşən suvenir satışı məntəqəsindən xatirə üçün Vətən müharibəsinə aid suvenirlər və hərbi geyim əşyaları əldə edə bilərsiniz.
Ziyarətçilərin sayı var, hesabı yox...
Səhərin erkən saatlarından yaşından asılı olmayaraq, insanlar Parka axın edirlər. Hamı həvəslidir, yaşlı da, cavan da, uşaq da... Hər kəs şanlı tarixi ilə baş-başa qalmağa tələsir. Belə bir Parkın yaradılması doğrudan da möhtəşəmdir. Dünyanın bir sıra ölkələrində bu cür parklar var. Düşmənin boş qalmış şlemlərini – dəbilqələrini görmək də insana ayrı ləzzət verir.
Tural Turan,
Foto: Pərviz Həşimi
-
Rəsmi xronika15:30
İlham Əliyev onlara yüksək vəzifə verdi
-
Sosial14:55
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO