"Boz kardinal" azərbaycanlı milyarderə qarşı: "Nazir də bunun güdazına getdi"
Bizi izləyin

İqtisadi gündəm

"Boz kardinal" azərbaycanlı milyarderə qarşı: "Nazir də bunun güdazına getdi"

Vahid Ələkbərovu sıradan çıxarmağa çalışırlar.

Rusiyada iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin "Rosneft" şirkətindən 2 milyon dollar rüşvət alarkən həbs olunması ətrafında müxtəlif fərziyyələr müzakirə olunmaqdadır. Lakin ekspertlərin əksəriyyəti hesab edir ki, nazirə "torbanı" Rusiyanın ən qüdrətli adamlarından olan və Kremlin "boz kardinal"ı sayılan "Rosneft" prezidenti İqor Seçin "tikib". O, Federal Təhlükəsizlik Xidmətinin əliylə naziri həbs etdirib. Hərçənd İstintaq Komitəsi Ulyukayevin rüşvət tələb etdiyinə və pulu alarkan yaxalandığına dair təkzibedilməz dəlillərə malik olduğunu, yaxın günlərdə videokadrları yayacağını bildirir.

Publika.az virtualaz.org-a istinadən bildirir ki, politoloq Stanislav Belkovskiyə görə, əslində Seçinin iqtisadi inkişaf nazirini həbs etdirməsinin arxasında onun "Lukoil" prezidenti, azərbaycanlı milyarder Vahid Ələkbərovu sıradan çıxarmaq planları dayanır. "Hazırda Seçin Ələkbərovla mübarizə aparır, Ulyukayev də elə buna görə həbs olunub. Ulyukayevlə bağlı situasiyanın dramatikliyi göstərir ki, "Rosneft"in səhmlərinin 19.7 faizlik hissəsinin "Lukoil" tərəfindən alınması ehtimalı böyükdür. İki həftə əvvəl Putin Həştərxanda olanda Ələkbərovu maşınına çağırıb və onunla söhbət edib. Seçin başa düşür ki, bu ssenarinin qarşısını almaq lazımdır. O, indi məhz bununla məşğuldur", - Belkovski deyib.

Seçinlə Ələkbərovun münasibətlərinin gərgin olduğu çoxdan məlumdur. Onların mübarizəsi dəfələrlə açıq müstəviyə, mətbuat səhifələrinə və məhkəmə çəkişmələrinə qədər gedib çıxıb. Aleksey Ulyukayevin həbsindən sonra "Rosneft"in mətbuat katibi, keçmiş teleaparıcı Mixail Leontyev özünün Facebook səhifəsində bu həbsi şərh edərkən yazıb ki, nazirin "heç nəyə görə" şirkətdən rüşvət tələb etməsini dərk edə bilmir. Leontyevə görə, əgər nazir rüşvəti "Lukoil"dan tələb etsəydi, bunu anlamaq olardı. "Çünki Vahid Ələkbərov lap ağını çıxarıb", - o yazıb.

"Rosneft"in mətbuat katibinin bu qeydləri qarşı tərəfdə qəzəblə qarşılanıb. "Lukoil" şirkəti "Rosneft" rəhbərinə müraciət edərək mətbuat katibinin Vahid Ələkbərovun ünvanına təhqiramiz qeydinə görə tədbir görməyə çağırıb. Leontyev isə deyir ki, o, heç kimi təhqir etməyib. "Ələkbərovun sözü varsa, qoy özü çıxıb desin", - o bildirib.

Bu arada Çeçenistan rəhbəri Ramzan Kadırov da keçmiş iqtisadi inkişaf nazirini ittiham edib. O deyib ki, keçmiş nazir "Çeçennefteximprom" şirkətinin Çeçenistanın mülkiyyətinə verilməsinə qəsdən əngəl yaradıb. Baxmayaraq ki, prezident Putin buna qarşı deyil və müvafiq tapşırıq da vermişdi. "İndi məlum olur ki, Ulyukayevdən bu kimi məsələlərdə razılığı necə almaq lazım gəlirmiş", - Kadırov deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm