Neftin böhrandan əvvəlki səviyyəyə qayıtması üçün lazım olan İKİ İL - “Qiymətlər hər an DƏYİŞƏ BİLƏR”
Bizi izləyin

İqtisadi gündəm

Neftin böhrandan əvvəlki səviyyəyə qayıtması üçün lazım olan İKİ İL - “Qiymətlər hər an DƏYİŞƏ BİLƏR”

Azərbaycanın Energetika naziri Pərviz Şahbazov neft hasilatının azaldılması üzrə OPEC+ sazişinin iştirakçılarının sayını artırmağa çağırıb. Nazir bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və “Valday” Beynəlxalq Diskussiya Klubunun onlayn formatda birgə keçirdiyi “Qlobal energetika və beynəlxalq siyasi risklər” adlı beynəlxalq konfransında çıxışı zamanı çağırış edib. O əlavə edib ki, Azərbaycan OPEC+ sazişinə əsasən, öhdəliklərini bundan sonra da yerinə yetirmək niyyətindədir. Nazir qeyd edib ki, neftə olan tələbatın böhrandan əvvəlki səviyyəyə qayıtması azı iki il çəkə bilər.

Publika.az-a danışan Neft Araşdırmaları Mərkəzinin rəhbəri, ekspert İlham Şaban yeni ölkələrin cəlb edilməsinin çox yaxşı ideya olduğunu bildirib:

“Çünki bu ilin aprel ayında çox böhranlı bir vəziyyət yaşandı. O zaman 13 OPEC və 10 OPEC+ ölkəsi olmaqla 23 ölkə vəziyyətdən çıxmaq üçün xüsusi işlər gördü. Bu ölkələrdən əlavə, Norveç, ABŞ və Kanadanın xüsusi səylər nümayiş etdirməsi bazara öz müsbət təsirini göstərdi. Yəni, bu baxımdan iki cür yanaşma var. Birincisi centlmensayağı razılaşmalardır. Digəri isə həqiqətən də bir platformada birləşib bazarın böhranlı günlərində vəziyyətdən birgə səylərlə çıxmağa cəhd etməkdir. Əlbəttə, bu daha yaxşı variantdır və məqsədəuyğundur. Ona görə də hesab edirəm ki, Energetika naziri Pərviz Şahbazovun iştirakçı ölkələrin sayının azaldılması ilə bağlı çağırışı məntiqli fikirdir”.

Ekspert Pərviz Şahbazovun bəzi hesablamalara görə, neft bazarının sabitləşməsi üçün azı 2 il vaxt lazım olması fikrinə də aydınlıq gətirib.

O bildirib ki, neft bazarı iki il ərzində cari ilin əvvəlindəki tələb-təklif nisbətinə gələ bilər:

“Burada da bir həqiqət var. Hazırda neftin qiyməti baxmayaraq ki, 40 dollardan yüksəkdir və bir ay ərzində faktiki olaraq “Brent” markalı neft 40 dollar ətrafındadır və bu, çox yaxşı haldır. Ancaq bundan sonrakı mərhələdə neft qiymətlərinin 40-dan 50 dollara yüksəlməsi problemlidir. Yəni, 20-dən 30-a, 30-dan 40 dollara qədər qiymətin artması üçün elə də böyük cəhd lazım deyil. Ancaq 40-dan 50-yə və 60 dollara qədər artması üçün hökmən bazarda tələbin yaranması lazımdır. Bu isə nə qədər ki, COVID-19 gündəmdən çıxmayıb və bazarda əlavə tələb yaranmayıb, çətin olacaq. Bunun üçün zaman lazımdır”.

İ.Şabanın sözlərinə görə, qarşıdakı 6 ay, 1 il müddətində neftin q­iymətinin qorunub saxlanması çox mürəkkəb olacaq: “Çünki biz mart ayının əvvəli və yaxud da ki, fevralın sonunda koronavirus haqqında, onun iqtisadiyyata təsirləri ilə bağlı təsəvvürə malik deyildik. Amma biz bilmirik ki, bu ilin sonunda, 4-cü rübündə və ya gələn ilin ortasında dünya iqtisadiyyatında hansı vəziyyət olacaq. Ona görə də qiymətlər hər an dəyişə bilər. Energetika nazirinin də qeyd etdiyi kimi, böhranlı vəziyyətdən qısa müddətdə çıxmağın mümkün olması üçün daha geniş bazar iştirakçılarına malik olmaq laızmdır”.

Qeyd edək ki, neft bazarında canlanmanın 2022-ci ildə baş verəcəyi nəzərdə tutulur. Bu proqnozla ABŞ-ın qabaqcıl investisiya banklarından olan “Goldman Sachs” çıxış edib. Banka görə, qlobal neft tələbatı pandemiyadan əvvəlki səviyyəyə ən tez 2022-ci ildə qayıdacaq. Buna səbəb isə dünya səviyyəsində yanacağa tələbatın artması və infrastruktur xərclərinin dəstəklənməsidir.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm