Fövqəladə hal baş verməsə, neftin qiyməti... - Keçmiş nazirlə MÜSAHİBƏ
Bizi izləyin

İqtisadi gündəm

Fövqəladə hal baş verməsə, neftin qiyməti... - Keçmiş nazirlə MÜSAHİBƏ

Birləşmiş Ştatlarda Co Baydenin hakimiyyətə gəlişi, dünya ölkələrinin vaksinasiyaya start verməsi, bütün bunların fonunda Böyük Britaniyada koronavirusun yeni ştammının peyda olması neftin dünya bazar qiymətlərinin hansı formada dəyişəcəyi haqqda fərziyyə və proqnozları fərqli istiqamətlərə sürükləyir.

Keçmiş Maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifovla həm neftin yaxın aylardakı qiymətlərindən, eləcə də britaniyalı nazir Vendi Mortonun Bakı səfərindən, 2021-ci ildəki qeyri-neft sektorunun inkişafından danışmışıq.

Keçmiş nazir Publika.az-a müsahibəsində deyib ki, neftin qiymətləri üzümüzə gələn 2-3 ayda qalxacaq:

- Fikrət müəllim, hazırda neftin dünya bazarındakı dinamikanı əvvəlki dövrə nəzərən necə qiymətləndirirsiniz?

- Hazırda neftin bir barrelinin qiyməti 60 dollar ətrafındadır. Neftin qiyməti 40-42 dollardan 50-55 dollara qədər bahalaşdı. Son günlər isə neftin 1 bareli 60 dollara yaxınlaşıb. Bu, yeni ilin başlanğıcından bəri baş verən proseslərdir. Pandemiyanın yekun mərhələyə daxil olması neftin qiymətinin artmasına öz təsirini göstərir. Pandemiyanın yekun mərhələyə daxil olması da elə-belə baş vermir. Artıq bütün dünyada vaksinləşmə prosesi başlayıb. Bu da bütövlükdə dünya iqtisadiyyatını düşdüyü durumdan çıxarmaq üçün böyük bir uğurdur. Pandemiyanın sona çatması praktiki olaraq aktivliyi artıran səbəblərdən biridir. Hətta deyərdim ki, əsas səbəb budur. Ola bilsin ki, hansısa siyasi hadisələr səbəbindən iqtisadi aktivlik qismən aşağı düşsün və ya qismən yuxarı qalxsın, amma əsas səbəb pandemiya idi. İqtisadi aktivliyin aşağı düşməsi isə neftə olan təlabatı azaldırdı. Hətta bir müddət OPEC neft hasilatını azaltmaq haqqında qərar qəbul etmək istəmədi. Bu məsələni uzatdı. Təbii ki, hasilatın azalmaması istər-istəməz qiymətlərin aşağı düşməsinə gətirib çıxardı. Çünki neft bazarında təlabat əvvəlki kimi deyil.

- Yaxın vaxtlarda neftin dünya bazar qiymətində artma, yoxsa azalma gözlənilir?

- ABŞ-da yeni prezidentin, adminstrasiyanın hakimiyyət başına gəlməsi, yeni prezidentin atdığı ilk addımlar sürətli iqtisadi inkişaf üçün ilkin şərtlərdir. Yəqin ki, bu baş verəcək. Bu şərtlər çərçivəsində neftin qiymətləri artır. Hesab edirəm ki, mart-aprel aylarında neftin dünya bazar qiyməti 70 dollara qədər qalxacaq. Bu təxmindir. Çünki vaksinin tapıldığı, dünya ölkələrinin vaksinasiyaya başladığı bir dönəmdə İngiltərədə yeni növ virusun peyda olması gözlənilmirdi. Hətta İngiltərəyə uçuşlar dayandırıldı. Bir çox ölkələr İngiltərədən gələn təyyarələri qəbul etmək istəmədilər. Təbii ki, fövqəladə bir hal baş verməsə, neftin qiymətinin 70 dollara qədər qalxacağı gözləniləndir.

- Böyük Britaniyanın Avropa Qonşuluğu üzrə Dövlət Naziri Vendi Morton Bakıya gəlib. Bir çox ekspertlər hesab edir ki, britaniyalı nazir həm də Bakıya bir sıra iqtisadi məsələləri müzakirə etmək üçün təşrif buyurub. Burada əsas nüanslardan biri də ingilis şirkətlərinin işğaldan azad olunan ərazilərdəki yenidənqurma işlərində iştirak məsələsidir. İngilis şirkətlərinin buradakı yenidənqurma işlərində iştirakı bizim iqtisadi maraqlarımıza hansı töhfələri verə bilər?

- İngiltərə dünya siyasətində aparıcı dövlətlərdən biridir. Bu, hər kəsə bəllidir. Böyük Britaniyanın Avropa Qonşuluğu üzrə Dövlət nazirinin Bakıya gəlməsi birbaşa Qarabağdakı bərpa işləri ilə bağlı deyil. Təbii ki, bu da müzakirə və maraq mövzularından biridir. Bp başda olmaqla İngiltərə şirkətlərinin Azərbaycandakı fəaliyyəti hər kəsə bəllidir. Bu fəaliyyət həmişə olub. Hesab edirəm ki, bir sıra Avropa ölkələrinin şirkətləri kimi ingilis şirkətləri də Dağlıq Qarabağdakı bərpa işlərində məmnuniyyətlə iştirak edəcəklər. İştirak etmək – kapital yatırıb daha çox qazanc əldə eləməkdir. Dünya şirkətləri də həmişə daha çox qazanc əldə edəcəkləri yerə getməyə meyilli olurlar. Digər tərəfdən, İngiltərə ilə bizim münasibətlərimizdə çox isti çalarlar var. 44 günlük müharibədə də onlar bunu bir daha nüamayiş etdirdilər. Bizim isti münasibətlərimiz fonunda ingilis şirkətlərinin Qarabağdakı yenidənqurma işlərində iştirak etməsi normal haldır.

- 2021-ci ili Azərbaycanda qeyri-neft sektorunun inkişafı baxımından necə qiymətləndirirsiniz?

- Gözləntim daha çoxdur, amma bu gözləntilərin reallaşması üçün gerçək ola biləcək bir sıra addımlar atılmalıdır. Əgər bu addımlar atılmazsa, nəticə hasil etmək çox çətin ola bilər. İlk növbədə biznesin maliyyə vəsaitlərinə əlçatanlığı təmin olunmalıdır. Bu gün biznesin bir nömrəli problemi vəsait qıtlığıdır. Yəni, 100 biznesmendən 98-nin, 99-nun şəxsi vəsaiti yoxdur ki, öz binesini qursun.

İngilislərin bir yaxşı sözü var, deyirlər ki, mən o qədər ağılsız deyiləm ki, öz şəxsi pulumu biznesə yatırım. Biznesə yatırmaq üçün bank krediti olmalıdır. Ona görə də ilk növbədə biznes mühitini vəsaitlə təmin etmək lazımdır. Son bir il ərzində koronavirus pandemiyası səbəbindən özəl sektor çox ağır bir dönəm yaşadı. Əksər müəssisələr praktiki olaraq müflis həddinə gəlib çatdılar. Biznesin damarlarında axan qan puldur, vəsaitdir. Bu pul axmasa, biznes məhv olar. 15-20 faizlə verilən kreditlər biznes kreditləri deyil. Biznesin normal gəlir səviyyəsi 10-12 faizdir. O nə istehsal etməlidir ki, 30 faiz qazansın və oradan gələn gəlirin 15 faizini də kreditlərin faizinin ödənişini eləsin?! Bunun haqqında biz ciddi düşünməliyik.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm