“Tranzit uçuşlarından büdcəmizə əlavə valyuta gələcək” - Keçmiş nazir
Bizi izləyin

İqtisadi gündəm

“Tranzit uçuşlarından büdcəmizə əlavə valyuta gələcək” - Keçmiş nazir

“Regionun iqtisadi inkişafı üçün yol, nəqliyyat infrostrukturu, dəhliz amili mühüm şərtlərdən biridir. Eyni zamanda, işğal olunmuş ərazilərin iqtisadi baxımdan dirçəlməsi, həmin bölgələrə investisiyaların axması üçün nəqliyyat infrastrukturunun formalaşdırılması vacib amildir. Füzuli Hava limanının tikintisi, Laçında Hava limanın tikintisi bu baxımdan çox önəmlidir”.

Bunu Publika.az-a açıqlamasında keçmiş Maliyyə naziri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov deyib. İqtisadçı alimin sözlərinə görə, Füzuli Hava Limanının, eləcə də digər aeroportların istifadəyə verilməsini, tikilməsini xarici iqtisadi əlaqələrin inkişafı, yükdaşımlar, turistlərin axını baxımından çox yüksək qiymətləndirilir:

“Azərbaycan Şərqlə Qərbin arasında tranzit yolunun üzərində yerləşir. Qərblə Şərq arasındakı hava məkanının keçəcəyi əsas yerlərdən biri də məhz Azərbaycandır. Biz çoxsaylı təyyarələrin, uçaqların Azərbaycan üzərindən uçmasını təmin edirik. Bu mənada bizim beynəlxalq hava limanlarımızın sayının çoxluğu Azərbaycan üzərindən tranzit uçuşlarının daha da çoxalmasına gətirib çıxaracaq. Tranzit uçuşu da pullu, ödənişli uçuşdur. Bu da Azərbaycana xarici valyuta axının gəlməsi deməkdir. Nəqliyyat daşımları vasitəsi ilə Azərbaycan büdcəsinə əlavə gəlirlər gələcək. Bu da bütövlükdə ölkə iqtisadiyyatına, eləcə də bölgənin iqtisadiyyatına bir töhfədir”.

Fikrət Yusifovun fikrincə, Kəlbəcər və Laçın özünün təbii resursları, müalicəvi suları ilə dünyada ən aparıcı bölgələr səviyyəsinə çıxarıla biləcək, dünyanın aparıcı ölkələrinə təqdim oluna biləcək bir məkandır:

“Təbii ki, bu bölgələrdə hava limanının tikilməsi olduqca zəruridir. Bütün bunların hamısı Azərbaycan hökumətinin, Azərbaycan dövlətinin işğaldan azad olunmuş bölgələrimizə diqqətinin nəticəsidir. Onun göstəricisidir ki, biz işğaldan azad olunan ərazilərdə 3 hava limanının tikintisinə başlamışıq. Artıq hava limanlarından biri – Füzulidə təməli atılmış aeroport istifadəyə verildi. Heç bir il deyildi ki, həmin hava limanının təməlləri atılmışdı. 2-3 il əvvəl heç kim ağlına da gətirməzdi ki, belə bir xoş hadisə baş verəcək, torpaqlarımız işğaldan azad olunacaq, hava limanları tikiləcək. Bu gün Azərbaycan işğaldan azad edilmiş bölgələrin inkişafı üçün hər şeyi edir. Digər tərəfdən, Zəngəzur dəhlizinin açılması üçün çox ciddi işlər aparılır. Naxçıvanla quru yolun açılması ticarət əlaqələrimizin daha da inkişafına təkan verəcək. Bu, həm də Ermənistan üçün bir xilas yoludur. Yolların, dəhlizlərin, kommunikasiyaların açılması Ermənistan üçün də önəmlidir”.

Keçmiş nazir bildirib ki, ağlını itirmiş bu millət əlaqələrin kəsilməsi səbəbindən onlar nələri itirdiklərinin fərqində deyil:

“Ermənistan işğal faktoru olmasaydı on milyardlarla dollar vəsait əldə edə bilərdi. Bu vəsaitlərlə özlərinin problemlərini çözə bilərdilər, erməni xalqının sosial problemlərini yüksək səviyyədə həll etmək mümkün idi. Öz mənfur xislətləri ilə ermənilər bütün bunlardan kənarda qaldılar. Ermənilər indi deyəsən başa düşüblər ki, bu şəkildə yaşamaq onların sonu deməkdir. Əgər ermənilər bu cür xislətlərinə davam edərlərsə, ermənilər bu coğrafiyadan köçüb gedəcəklər. Artıq Ermənistanda köç günü-gündən sürətlənir. Ona görə də ermənilər bizim Qarabağda hər gün gücləndiyimizi, günü-gündən inkişafa nail olduğumuzu, oradakı geniş təqdimatımızı görəndən sonra anlayacaqlar ki, alternativ yolları qalmayıb. Bu yaxınlarda qeyri-hökumət təşkilatları xətti ilə Ağdamda oldum. Ağdamdakı layihələrlə tanış oldum. Ağdamın möhtəşəm bərpa layihəsi var. Bu layihə ərsəyə gələndən sonra kimliyindən asılı olmayaraq, hər kəs başa düşəcək ki, necə yaşamaq lazımdır. Artıq erməni xalqı da bunun fərqindədir. Hesab edirəm ki, Qarabağdakı gördüyümüz yenidənqurma işləri problemin bundan sonrakı həllində sülh yolu ilə Azərbaycanın xeyrinə -yüksək səviyyədə həllinə- gətirib çıxaracaq”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm