Havada itən gəlir: Regionlardakı aeroportlar beynəlxalq təmasa niyə qoşula bilmir?
Bizi izləyin

İqtisadi gündəm

Havada itən gəlir: Regionlardakı aeroportlar beynəlxalq təmasa niyə qoşula bilmir?

Ölkəmizdə 11 hava limanı var. Demək olar ki, onlardan ən çox işləyəni Bakıdakı hava limanıdır. 4 il əvvəl Prezident İlham Əliyev “regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı dövlət proqramı”nın icrası ilə bağlı konfransda beynəlxalq hava limanlarının faydalarına toxunub: “Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Qəbələ, Zaqatala - altı beynəlxalq aeroport, bir də Yevlax aeroportu yenidən quruldu. Bu gün onlar fəaliyyət göstərir və beynəlxalq reyslər təşkil olunur. Bu, ölkəmizə turistlərin gəlişini şərtləndirir, insanlara rahatlıq verir. Vaxtilə bu layihələrə start verəndə bəziləri hesab edirdilər ki, bəlkə də biz əbəs yerə vəsait xərcləyirik, bunların heç bir istifadəsi olmayacaq. Həyat göstərdi ki, indi bizim beynəlxalq aeroportlarımızdan dünyanın müxtəlif yerlərinə uçuşlar təşkil edilir”.

Hazırda bu hava limanlarından yalnız Bakı, Gəncə və Naxçıvana beynəlxalq və yerli uçuşlar həyata keçirilir. Zaqataladan ümumiyyətlə beynəlxalq uçuş olmur, digər aeroportlarda da çox az və qısa müddətlərdə hansısa beynəlxalq uçuşlar baş tutub.

Məsələn, FlightRadar beynəlxlaq uçuşları izləmə xidmətinin məlumatına görə, ötən ilin aprel ayında Azərbaycandan ümumilikdə 1400-dən çox beynəlxalq uçuş həyata keçrilib ki, onların 97 faizi Bakı Beynəlxalq Hava limanından edilib. Qalan yeddi beynəlxalq hava limanının ümumi uçuşda payı 3 faiz olub, onlardan da Zaqatala və Füzuli hava limanlarından heç bir uçuş olmayıb. Müqayisə üçün, aprel ayında qonşu Gürcüstandan 1100-dən çox beynəlxalq uçuş həyata keçirilib ki, onların təqribən 35 faizi bölgədə olan beynəlxalq hava limanlarının payına düşüb.

Hava limanları ilə yanaşı vətəndaşlar dəmir yollarında da əziyyət çəkirlər. Hər iki nəqliyyat vastəsi üçün infrastrukturların olmasına baxmayaraq, işləməsi ürəkaçan deyil. Həm vaxt aralığı çoxdur, həm də qiymətləri “dodaq uçurur”.

Məsələ ilə bağlı millət vəkili Vüqar Bayramov Publika.az-a açıqlamasında bildirib ki, ölkəmizdə olan hava limanlarından aktiv şəkildə istifadə edilməsi çox vacibdir:

“Ümumiyyətlə, hava limanları həm turizmin, həm də bütövlükdə ölkədaxili nəqliyyatın inkişafına təsir edir. Gözlənilir ki, Qarabağ və Şərqi Zəngəzurda inşa edilən hava limanları daha fəal şəkildə istifadə olunacaq. Səbəbi isə həmin bölgələrimizin turizm potensialı kifayət qədər böyükdür. Bu da təbii ki, həmin hava limanlarında tələbin artmasına gətirib, çıxaracaq. Digər hava limanlarımızın az və ya heç istifadə olunmaması daha çox tələblə bağlıdır. Praktik olaraq həmən reysin rentabelli olması vacibdir. Rentabelli olması üçün də mütəmadi reyslərin həyata keçirilməsinə ehtiyac var. Mütəmadi tələbin olmaması səbəbindən məhz həmin hava limanlarının bir qismi fəaliyyət göstərmir. Buna səbəb isə sözsüz ki, postpandemiya dövrüdür”.

Deputat diqqətə çatdırıb ki, hesablamalara görə 2024-ci ildə turistlərin sayında artım olacaq:

“Bu da həm hava limanlarının, həm də sürət qatarlarına olan təlabatı artıracaq. Hava limanlarının qonşu ölkələrlə əlaqəsinin olması ölkəyə gələn turistlərin sayına ciddi təsir göstərir. Başqa bir mələsə isə turistlər əsasən Bakıya gəlir, daha sonra rayonlara gedirlər. Digər bölgələrdə hava limanlarının daha aktiv işləməsi bölgəyə olan marağı və təlabatı artırır. Ona görə də nəqliyyat vasitələrinin daha fəal şəkildə və aktiv olaraq istifadə olunması vacibdir. Növbəti illərdən ölkəyə gələn turislərin sayının artması bu nəqliyyat vasitələrinin də daha operativ işləməsinə şərait yaradacaq”.

Turizm eksperti Əziz Şiriyev vurğulayıb ki, ölkəmizdə kifayət qədər həm hava limanı, həm də dəmir yolları var, lakin qiymət və təlabat fərqi var:

“Bu aktual mövzudur. Barəsində nə qədər danışılsa da real nəticə yoxdur. Lakin həlli yolları var, işlər də gedir. Ölkəmizdə kifayət qədər beynəlxalq hava limanları və dəmir yolları var. Hazırda Azərbaycanda dəmir yolları regionlara işləyir. Regionların sayının artırması üçün də işlər gedir. Qəbələ-İsmayıllı yolunda təmir tikinti işləri gedirdi və həmin zaman mən şəxsən özüm ailəvi olaraq Ağdaşdan keçərək Qəbələyə getdim. Heç bir gecikmə olmadan tam vaxtında çatdım. Sadəcə bir pis cəhət odur ki, hava limanları və vağzallar şəhərdən bir az kənarda salınır. Bu da bütün dünyada belədir ki, şəhərdə çox tıxac yaratmasın. Həmin ərazilərdə transfer xidmətinin olması çox yaxşı olar. Transfer şirkətinin olması turizmin inkişafını dəstəkləyir. Bu gün Gəncə, Qazax, Ağsataya qatarlar var. Sərhədlər açıqldıqdan sonra Gürcüstana Rastova, Xarkova və Türkiyəyə də qatarların olması gözlənilir. Hətta düşünülür ki, İran üzərindən Naxçıvana da qatarla səyahət olsun. Qatarla səyahət, ümumiyyətlə, çox gözəl bir şeydir”.

Ekspert əlavə edib ki, hava limanı harada varsa, orada turizm potensialı və turizm axını var:

“O ki qaldı hava limanlarına, hava limanları ölkəmizdə beynəlxalq standartlara cavab verir. Ümumiyyətlə, hava limanı harada varsa, orada turizm potensialı və turizm axını var. Bildiyimiz kimi, Laçın, Füzuli, digər bölgələrdə də hava limanları tikilib, bəzilərində də inşa ediləcək. Hava limanı olan regionları inkişaf etdirmək lazımdır. Əsas məsələlərdən biri budur. Məsələn, bu gün Naftalanı biz kifayət qədər tanıtdırmağa çalışırıq. Naftalana sağlamlıq məqsədilə gələn turistlər avtomatik olaraq Gəncə hava limanından istifadə eləsələr, daha gözəl olar. Buna görə də həmin hava limanını gələn turistə tanıtdırmaq lazımdır. Həmçinin hava limanı ilə yanaşı gələn qonaqlar üçün transfer xidmətinin olması məqsədəuyğun olar. Çünki gələn qonağın Naftalanda ən azı 1-2 həftə vaxtı gedəcək. Bu da kifayət qədər maliyyədir.

Belə ki, bu proses başlayarsa, həm Gəncə hava limanı işləyəcək, həm də Naftalanın turizm potensialını daha artıracağıq. O ki qaldı Naxçıvana, gəzməli yerləri çoxdur. Digər bölgələrimizə biletlər ucuz qiymətlərə satılmalıdır ki, təlabat olsun. Məsələn, vətəndaş fikirləşir ki, mən Bakıdan Dubaya, Misirə, Baliyə, İndoneziyaya, Malayziyaya, Avropaya uçsam 1200 manat edəcək. Amma Lənkərandan və yaxud başqa beynəlxalq hava limanından getsəm 600-700 manata uça bilərəm. Bu günləri regionlarda hava limanın işlək qalmasına əsas səbəb Rusiyada işləyən şəxslərdir. Hansı ki, onlar Rusiyada işləyirlər. Orada işləyən azərbaycanlılar öz evlərinə gəlir və yenidən həmin bölgələdən Rusiyaya qayıdırlar”.

Aysel Şahmar

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” istiqaməti üzrə hazırlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm