Ərim məni iranlıya verəcəyini dedi - Bakıda qadın inanılmaz faktları açdı
Bizi izləyin

Hadisə

Ərim məni iranlıya verəcəyini dedi - Bakıda qadın inanılmaz faktları açdı

Binəqədi rayon Məhkəməsində Cinayət Məcəlləsinin 307.2-ci (Qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddəsi ilə ittiham edilən Masallı sakini, 1979-cu il təvəllüdlü Məhəmməd Bədəlova (şərti) hökm oxunub.

Publika.az xəbər verir ki, məhkəmədə bildirilib ki, Məhəmməd Bədəlov 3 iyul 2019-cu il tarixində gecə saat 00:30 radələrində Binəqədi rayon Polis İdarəsinin əməkdaşları onun qardaşı Maqsud Bədəlovun DSK yolunda yerləşən evində axtarış tədbirləri həyata keçirərkən mənzildəki 187,296 qram olan tiryəki və elektron tərəzini gizli yolla çıxararaq KİA markalı avtomobilinə qoyaraq gizlədib.

Qeyd edək ki, Maqsud Bədəlov bu hadisədən sonra tutulub və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Həmin işin araşdırılması zamanı Məhəmmədin polislər evə gələn gün qardaşınnı qeyri-rəsmi nikahda yaşadığı qadının çantası vasitəsilə narkotiki və tərəzini mənzildən çıxardığı aydınlaşıb və onun barəsində əlavə iş açılıb.

Binəqədi rayon Məhkəməsindəki prosesdə o da məlum olub ki, Maqsud Bədəlov narkotiki iranlı şəbəkədən alıb və onları aldadaraq həmin narkotiki ələ keçirib. Bundan sonra “Baba” ləqəbli iranlı narkotacir onu axtarıb. Maqsudun həyat yoldaşı məhkəmədə bildirib ki, əri narkotik müqabilində onu iranlılara girov verəcəyini, narkotiki pulunu topladıqdan sonra isə onlardan geri alacağını deyib:

“Maqsud qeyri-rəsmi, yəni nikahsız ərimdir. 16 il Rusiya Federasiyasının Narinski şəhərində yaşadıqdan sonra ailəmlə birlikdə Masallı rayonuna qayıtmışıq. Bu zaman Maqsudun qohumları ilə qonşu idik və ailələrin xəbəri ilə qeyri-rəsmi evlənərək birlikdə Bakı şəhərinə gəldik. Bir müddət Bakı şəhəri, Yasamal rayonu, Sovetski adlanan yerdə kirayədə yaşadıq. İki il ərzində Maqsudun böyük qardaşı Məhəmmədin Biləcəridəki evində yaşadıq, daha sonra Maqsud Binəqədi qəsəbəsi, DSK yolu kimi tanınan yerdə ev aldı, orda yaşadıq. Maqsuddan 2018-ci il təvəllüdlü oğlum var. Ərimlə birlikdə Bakının mərkəzində internet klub işlədirdik, birgə işə gedib-gəlirdik. Lakin Maqsud mənə ailə üzvlərimlə əlaqə saxlamaq üçün telefon verməyib və özünün evə qoyduğu, şifrəsini bildirmədiyi mobil telefonla yalnız Maqsud mənə ona zəng edəndə əlaqə saxlaya bilmişəm. Maqsudun böyük qardaşı Məhəmməd hər gün axşam saat 21:00 radələrində bizə gələr, Maqsudla gizli nələrsə danışardılar. 2019-cu ilin iyul ayının əvvələrində Məhəmməd yenə bizə gəlmişdi, spirtli içki qəbul edib sərxoş olmuşdular. Bu zaman Məhəmməd Maqsuda dedi ki, “Malı mənə ver gizlədim, səni iranlılar axtarır”. Mən Maqsuddan bu barədə soruşanda mənə bildirdi ki, evdə “Baba” adlı iranlı şəxsə məxsus mal, yəni narkotik vasitə var və həmin narkotik vasitəni, ya da pulunu geri almaq üçün iranlılar onu axtarırlar və artıq tapıblar. Ona görə də pulu toplamaq üçün vaxt lazım olduğunu və bunun üçün də məni iranlıya girov verəcəyini, pulu topladıqdan sonra məni iranlıdan geri alacağını bildirdi. Mənə qorxmamağımı, uşağı saxlamaq üçün anama verəcəyini dedi. Bundan çox qorxduğum üçün ailə üzvlərimə məlumat verməyə çalışdım. Həmin ərəfədə, yəni 21 iyul 2019-cu il tarixdə xalam ərimin işlətdiyi internet kluba gələndə, sakitcə ona dedim ki, sabah bizə gəlsin, ona sözüm var. Səhərisi gün Maqsuda yalandan evdə işlərim olduğunu deyərək evdə qaldım, bu zaman Maqsud evin giriş qapısını açarla bağlasa da, darvaza açıq qaldı.Həmin gün xalam səhər saat 11.00 radələrində bizə gəldmş, mətbəxin pəncərəsini açaraq bayırda dayanan xalama ərimgilin evdə narkotik vasitə saxladığını və bunun əvəzində məni iranlıya girov verəcəyini dedim. Xalam mənə kömək edəcəyini deyərək çıxıb getdi. 23 iyul 2019-cu il tarixdə gecə saat 00:30 radələrində Maqsud və azyaşlı oğlumla evdə olarkən iki nəfər kişi evin qapısını açıb içəri girdi və bu zaman qapıya tərəf qaçan uşaq açılan qapıya dəyib yerə yıxıldı. Uşaq ağlayarkən onu yerdən götürmək istəyəndə həmin şəxslərdən biri-qısaboy, idmançı bədən quruluşlu şəxs sifətimə bir dəfə sillə vurub əlini uşağın ağzına tutub səsini kəsməyini tələb etdi. Digər uzunboylu şəxs isə Maqsudun üzərinə hücum edib onun ayağa durmasına mane oldu və üzünə, başına, sifətinə zərbələr endirərək malın yerini deməsini tələb etdi. Həmin şəxs məndən Maqsudu saxlamağımı tələb edərək evi axtarmağa başladı. Qısaboylu şəxs də Maqsudu döyməyə başladıqda. Mətbəxə tərəf qaçmağa çalışdım ki, səsimi qonşular eşitsin. Bu zaman qısaboylu şəxs əlində olan bıçağı mənə tərəf uzadaraq səsimi çıxarmamağımı, əks təqdirdə məni də, uşağı da kəsəcəyini dedi. Daha sonra evi axtarmağa başladı və masanın üstündəki Maqsuda məxsus pul çantasından 800 pulu şalvarının cibinə qoydu. Məndən malın yerini soruşduqda ağlıma ilk gələn şirəçəkən aparatın içində ola biləcəyini dedim. Evdə narkotik olduğunu bilsəm də, onun yerini mənə heç vaxt demirdilər. Malın oradan çıxmadığını gördükdə onlar axtarışa davam edilər. Onların başlarının qarışmasından istifadə edib mətbəxə tərəf qaçdım və pəncərəni açaraq “Evimizdən gedin, heçnə yoxdur” deyə qışqırdım, lakin heç kəs köməyə gəlmədi. Həmin an bunu görən evə basqın edən şəxslər evi tərk edib getdilər. Bu zaman Maqsud böyük qardaşı Məhəmmədə zəng vuraraq baş verənləri ona danışdı. Bir neçə dəqiqə sonra Məhəmməd və Maqsud evə daxil oldular. Məhəmməd dərhal içəri girib mənə qışqırdı ki, çantanı ona verim, Maqsudu da bayıra çıxarıb pilləkəndə otuzdurum. Kiçik qardaşına isə küçəyə çıxıb polisləri gözləməsini və daha sonra onları evə gətirməsini bildirdi. Məsud küçəyə çıxandan sonra Məhəmməd məndən əl çantamı alaraq məni evdən bayıra çıxardı, bir neçə dəqiqədən sonra polis əməkdaşları Məsudla birlikdə evə gəldilər. Məsud polislərlə həyətdə dayanıb söhbət edərkən Məhəmməd evdən bayıra çıxdı və albalı rəngli çantamı gedib kənarda dayanmamı xahiş etdi. Qaranlıqdan qorxduğum üçün Məhəmmədin dediyi yerə getmək istəmədiyini dedim, bu zaman Məhəmməd əlimdən çantanı aldı və qardaşı Məsuda məxsus qara rəngli “Kio Optima” markalı avtomobilin arxa oturacağına qoydu. Polis əməkdaşları evə baxış keçirdikdən sonra Maqsudu, Məhəmmədi və məni polis şöbəsinə apardılar”.

Qeyd edək ki, avtomobil Bədəlov qardaşlarından ən kiçiyi olan Məsuda məxsus olub. Maqsudun evinə basqın edilməsi və döyülməsi ilə bağlı onlar polisə məlumat verrək dərhəl həmin evə gediblər və mənzildəki narkotiki götürüb gizlədiblər.

Məhkəmədə Məhəmməd Bədəlov narkotikin əslində Maqsudun həyat yoldaşı tərəfindən götürülərək gizlədildiyini, lakin o, qadın olduğu üçün, azyaşlı övladı olduğu üçün ifadəsində əməli öz üzərinə götürdüyünü bildirib.

Binəqədi rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli hökmü ilə Məhəmməd Bədəlov Cinayət Məcəlləsinin 307.2-ci (Qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddəsi ilə təqsirli bilinib və 4 min manat cərimələnib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm