Generalın zərərçəkənləri məhkəməyə etiraz verdilər, hakim isə... – MTN işində qalmaqal
Bizi izləyin

Hadisə

Generalın zərərçəkənləri məhkəməyə etiraz verdilər, hakim isə... – MTN işində qalmaqal

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilir.

Publika.az xəbər verir ki, prosesə Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baxılır.

Cinayət işi üzrə zərərçəkmişlərdən Zaur Əliyev, Əfsəl Həsənəliyev, Sərdar İsmayılov, Hüseyn Səfərov və Qulam Bağırov Elbəy Allahverdiyevin bu məhkəmə prosesindən kənarlaşdırılması üçün yazılı şəkildə etiraz veriblər. Onlar etirazlarını Bakı Hərbi Məhkəməsinin dəftərxanasına təqdim ediblər.

Qeyd ediblər ki, Elbəy Allahverdiyev bu işdə obyektiv, ədalətli hökm çıxarmayacaq. Hakimin qərəzli davrandığını və hər məhkəmə iclasında bunu nümayiş etdirdiyini deyiblər.

Zərərçəkmişlərin sözlərinə görə, şübhələrə əsas verən məsələlərdən biri Elbəy Allahverdiyevlə Mövlam Şıxəliyevin 2003-2004-cü illərdə MTN-də birlikdə işləməsidir.

Zərərçəkmişlər deyiblər ki, Elbəy Allahverdiyev o zaman Respublika Hərbi Prokurorluğunda mühüm işlər üzrə müstəntiq idi: “Elbəy Allahverdiyev 2003-2004-cü illərdə MTN-in İstintaq İdarəsinə ezam olunub. Həmin dövrdə Mövlam Şıxəliyev MTN-in İstintaq İdarəsində şöbə rəisi vəzifəsində xidmət edib. Elbəy Allahverdiyev Mövlam Şıxəliyevin biləvasitə rəhbərliyi altında fəaliyyət göstərib, onunla daimi tamasda olub. Bu da onu deməyə əsas verir ki, Mövlam Şıxəliyev bu günə qədər Elbəy Allahverdiyevin gözündə rəhbər olaraq qalmaqdadır.

Hakim Elbəy Allahverdiyevin Mövlam Şıxəliyevlə sıx münasibətləri var. Hakim Elbəy Allahverdiyev proses iştirakcıların qarşısında etiraf etdi ki, 2003-2004-cü ildə ezam olunub MTN-nə istintaq qrupuna və iclas zamanı Mövlamdan dəqiqləşdirici sual verdi ki, hansı vaxtdan MTN-də xidmətə başlaylb. O da cavabında bildirdi ki, 2004-cü ildən şöbə rəisi vəzifəsində, polkovnik rütbəsində fəaliyyət göstərib”.

Zərərçəkmişlər qeyd edib ki, onların qaldırdıqları və iş üçün əhəmiyyətli olan vəsatətlərin heç birini Elbəy Allahverdiyevin sədrlik etdiyi hakimlər kollegiyası təmin edilməyib: “İyunun 21-də keçirilən məhkəmədə təqsirləndirilən Sahib Ələkbərov keçmiş Baş prokuror Zakir Qaralov və onun birinci müavini Rüstəm Usubovun məhkəməyə dəvət olunub şahid qismində dindirilməsini istəmişdi. Bu vəsatət müzakirə olunanda zərərçəkmişlərdən 5 nəfər, onların müdafiəçiləri, digər təqsirləndirilən şəxslər də onu dəstəkləmişdi. Baxmayaraq ki, proses iştirakçılarının bir çoxu vəsatəti dəstəkləyib, əsaslı dəlillər ortaya qoyublar, hakim heç bir əsaslandırma olmadan vəsatəti təmin etmədi. Halbuki bütün zərərcəkənlərin girov götürülməsi və qanunsuz həbsdə saxlanılması Zakir Qaralov və Rüstəm Usubovun imzaları və qərarları əsasında həyata kecirilib. Bunu ona görə etmədi ki, bu proses məhkəmə deyil, tamaşadır. Elbəy Allahverdiyev də onu tələsik kecirməyə calışır”.

Zərərçəkmişlər Cinayət Prosessual Məcəllənin 109.1.7 maddəsində yazılanları xatırladıb, Elbəy Allahverdiyevin bu işə baxmasının mümkünsüz olduğunu bildiriblər.

Həmin maddədə yazılıb ki, hakim ittiham və ya müdafiə tərəfindən cinayət prosesinin hər hansı iştirakçısı ilə, habelə belə iştirakçının qanuni nümayəndəsi və ya nümayəndəsi ilə qohumluq, yaxud şəxsi asılılıq münasibətində olduqda ona etiraz edilə bilər.

Məhkəmə zərərçəkmişlərdən etirazı qəbul ediblər. Amma müzakirəyə çıxarılması mümkün olmayıb.

Buna səbəb hakim Elbəy Allahverdiyevin məzuniyyətə çıxması olub.

Növbəti proses iyulun 26-da davam edəcək.

İttihama görə, Mövlam Şixəliyev İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adalarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər.

İstintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.

Dəstə üzvlərinin qanunsuz əməllərindən iş adamları Qurbanov Mehrac Qurban oğlu, Cəfərov Etibar Vahid oğlu, Qurbanov Akif Teymur oğlu, Abdullayev Orxan Elman oğlu, Hacıyev Cavidan Mustafa oğlu, Musayeva Railə Rafkat qızı, Əliyev Kəramət Etibar oğlu, Əliyev Zaur Ağahüseyn oğlu, İsmayılov Afət Davud oğlu, Rəşidov Azad Niyazi oğlu, Səfərov Hüseyn Nəriman oğlu, Salahov Müsənnif Hilal oğlu, Seyidov Ceyhun Mahmud oğlu, Mirzəyev Əhməd Məhəmməd oğlu, İsmayılov Sərdar Əhməd oğlu, Əliyev Elvar Layıq oğlu, Nəcəfov Seyran Burhan oğlu, Kərimov Rauf Faiq oğlu, Bağırov Qulam Davud oğlu, Baloğlanov Qüdrət Baloğlan oğlu, Zeynalov İbrahim Məhəmməd oğlu, Həsənov Rauf Qasım oğlu, Əliyev Ələddin Hüseyn oğlu, Heydərov Anar Sadıx oğlu, Sultanov Bahəddin Abdulla oğlu, Mədətov Elşən İsmayıl oğlu, Ağamalıyev Ağasalam Mövlud oğlu, Rzayev Namil Heydər oğlu, Əliyev Etibar Mahmud oğlu, Kazımov Nizami Firudin oğlu, Həsənəliyev Əfsəl Xanlar oğlu və Bayramova Esmira Məcid qızı zərər çəkiblər.

Cinayət işi üzrə 32 zərərçəkmiş var.

(Teleqraf.com)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm