FHN-in Sumqayıt Regional Mərkəzi müşavirə keçirdi
Bizi izləyin

Hadisə

FHN-in Sumqayıt Regional Mərkəzi müşavirə keçirdi

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən “Əhali və ərazilərin fövqəladə hallardan qorunması və mülki müdafiə sahəsində aidiyyəti qurumların qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda müşavirə keçirilib.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, müşavirənin keçirilməsində əsas məqsəd əhali və ərazilərin fövqəladə hallardan qorunması, mülki müdafiənin təşkili və bu sahədə yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları, eləcə də təhsil müəssisələrinin rəhbərləri ilə qarşılıqlı fəaliyyətin təşkili məsələlərinin müzakirəsi olub.

Tədbirdə FHN Sumqayıt RM-nin rəisi polkovnik Vaqif Fətullayev, Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini daxili xidmət polkovniki Cəmil Xudiyev, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, şəhər Fövqəladə Hallar Komissiyasının sədri Teymur Səmədov, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdir müavini Aydın Rəhimov, FHN-in yerli qurumlarının nümayəndələri, eyni zamanda yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının səlahiyyətli şəxsləri və təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.

Əvvəlcə, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra müşavirəni giriş sözü ilə açan Sumqayıt Regional Mərkəzinin rəisi polkovnik Vaqif Fətullayev keçirilən müşavirənin əhəmiyyətindən danışıb, mülki müdafiə işinin təşkili ilə bağlı birgə fəaliyyətin vacibliyini vurğulayıb.

Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, şəhər Fövqəladə Hallar Komissiyasının sədri Teymur Səmədov fövqəladə hallar zamanı itkilərin və dəyən ziyanın minimuma endirilməsində birgə fəaliyyətin müstəsna əhəmiyyətini bildirib.

Daha sonra FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini daxili xidmət polkovniki Cəmil Xudiyev yanğınların başvermə səbəbləri və nəticələrindən, yanğın təhlükəsizliyi sahəsində görülmüş işlərdən və mövcud problemlərdən söz açıb.

Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdir müavini Aydın Rəhimov təhsil müəssisələrinin fövqəladə hallar sahəsində Sumqayıt Regional Mərkəzi ilə qarşılıqlı əlaqə şəraitində fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

Sumqayıt RM Mülki müdafiə idarəsinin rəisi polkovnik-leytenant Bəxtiyar Babayev idarə, müəssisə və təşkiatlarda mülki müdafiənin təşkili, fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin hazırlanması qaydaları və bu sahədə görülmüş işlər, mövcud problemlər və qarşıda duran məsələləri müşavirə iştirakçılarının nəzərinə çatdırıb.

Sonda “Təhsil müəssisələrində yanğın təhlükəsizliyinə dair bəzi qaydalar” adlı videoçarx nümayiş olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm